İqtisadiyyat

Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək Qaydalar təsdiq olunub

Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra Qaydalar təsdiq olunub. 
Bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Yeni Qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.
Yeni Qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq. Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq sertifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq sertifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı – AZC hərfləri ( “Azerbaijan Conformity” Azərbaycan dilinə tərcümədə “Azərbaycan uyğunluğu”) ilə təqdim olunur.
Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button