Mədəniyyət

Qazilər yenidən döyüşdükləri məkanlarda – Müharibənin detalları AzTV-də (VİDEO)

Bakı. Trend:
Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk ildönümü münasibətilə yeni layihə hazırlayır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Zəfər yolu” layihəsi sənədli filmlər silsiləsi olacaq.
Hər filmdə Azərbaycan ordusunun 44 gün ərzində keçdiyi döyüş yolunun detalları nümayiş olunacaq.
Filmlərin qəhrəmanları İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Onlar döyüşdükləri, işağldan bir-bir azad etdiyi məkanlara gedəcək, orada ordumuzun göstərdiyi şücaətdən bəhs edəcəklər. Onların arasında Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri də var.
Sənədli filmin ssenari müəllifi Anar Şuşalı açıqlamasında bildirib ki, filmlərdəki əsgər və zabitlərin müsahibələri döyüşdükləri məkanlarda alınacaq: “Düşünürük ki, bu, ictimaiyyətin marağına səbəb ola bilər. Önə çıxarılan məsələ Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikası və hansı növ silah-sursatdan, texnikadan istifadə etdiyidir. Qəhrəmanlarımız müxtəlif istiqamətlərdə həm döyüşüblər, həm də döyüşlər zamanı birbaşa erməni silahlı birləşmələrinin daxilinə sızıblar, məlumat toplayıb, koordinatlar veriblər.
Filmdə müsahibəsinə yer verilən hərbçilərdən biri əsgər yoldaşları ilə 3 dəfə düşmən mühasirəsinə düşüb, mühasirəni yarıb və onları məhv edib”.
Sənədli filmlər seriyasının ilk bölümü Şuşaya həsr olunub. Filmin qəhrəmanlarının hər biri 44 gün düşmənlə döyüşüb. Onlardan 2-si döyüşlər zamanı yaralansa da, hərbi hospitalda müalicədən imtina edib, həkimlərin razılığı olmasa da, onlar yenidən döyüş meydanına qayıdıblar. Sözügedən hər iki nəfər Şuşa döyüşlərində də iştirak edənlərdəndirlər.

Çəkilişlər Qubadlı, Xocəvənd, Füzuli, Cəbrayıl və Şuşada aparılıb.
44 gün müddətində tamaşaçılara iki sənədli filmin təqdim olunması planlaşdırılır.
“Zəfər yolu”nun rejissorları Emil Babayev, Bəhruz Qədirovdur.
Layihənin ilk buraxılışı bu gün – oktyabrın 8-i saat 21:30-da AzTV-də yayımlanacaq.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button