Mədəniyyət

“Qavaldaş” cizgi filminin və “Qobustan dünyası” jurnalının təqdimat mərasimi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki jurnalının, jurnalın rəsmi saytının və “Qavaldaş” cizgi filminin təqdimatı olub.

APA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət nazirinin müavini Elnur Əliyev Qobustan mədəni irsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, Qobustan yalnız Azərbaycan və bölgənin deyil, ümumilikdə dünya mədəni irsinin abidəsidir: “Amma onun Azərbaycan üçün xüsusi əhəmiyyəti var. O bizim tariximizin, inkişaf tariximizin göstəricisidir”.

Mədəniyyətimizə sahib çıxma prosesi üçün çox vacib bir mərhələdə olduğumuzu vurğulayan nazir müavini bu ənənənin davam etdiriləcəyini də diqqətə çatdırıb: “Məqsədimiz odur ki Qobustandan başlayaraq Azərbaycan mədəniyyətini təbliğ edək və xalq olaraq ona sahib çıxaq”.

Qobustan qoruğunun tədqiqatı və irsin araşdırılmasından bəhs edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qobustan qoruğunun UNESCO-nun Ümumdünya irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

“Qavaldaş” cizgi filminin çəkiliş prosesi və süjetindən danışan Vüqar İsayev çəkilişin proseslərinin təkcə Azərbaycanda deyil, ABŞ və Türkiyədə də aparıldığını qeyd edib: “Bu animasiyanı, sözsüz ki, texniki baxımdan təkcə Azərbaycanda çəkmək, ərsəyə gətirmək çətin olardı. Ona görə biz ABŞ və Türkiyəni də bu prosesə cəlb etdik”.

V.İsayev Azərbaycan Hava Yolları ilə danışıqların aparıldığını vurğulayıb: “Düşünürük ki, jurnalın növbəti buraxılışları təyyarələrdə istifadə olunsun və turistlər Azərbaycana səfəri zamanı Qobustan haqqında bilgi əldə etmiş olsun”.

Daha sonra çıxış edən “İçərişəhər” muzey mərkəzinin direktoru Əminə Məlikova, arxeoloq alim, Qobustan irsinin araşdıran Firuzə Muradova tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Çıxışlar bitdikdən sonra “Qavaldaş” cizgi filminin video nümayişi olub.

Qeyd edək ki, “Qobustan dünyası” jurnalın öz sözünün müəllifi mədəniyyət naziri Anar Kərimovdur. Jurnalda “Mədəniyyətlər qovşağı”, “Miras”, “Yeddi gözəl”, “Mədəniyyət xeyriyyəçiləri”, “Estafet” kimi bir sıra maraqlı rubrikalar yer alıb. Jurnalın ikinci sayından etibarən, Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri planlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button