Siyasət

Qarabağla bağlı Rusiyasız danışıqlar? – təfsilat

ABŞ Dövlət katibi Entonu Blinkenin Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə zəng edərək Brüssel görüşü barədə müzakirələr aparması Qərbin prosesdən ciddi gözləntilərinin olduğu qənaəti yaradır.

Xatırladaq ki, ötən həftə Rusiya rəhbəri Vladimir Putin də İlham Əliyevə telefon açmışdı. Müşahidəçilər müzakirələrdə Putinin Brüssel görüşü ərəfəsində öz mövqeyini tərəfələrə bir daha xatırlatdığı qənaətindədirlər.

Dekabrın 15-də Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündən qabaq isə Putin liderləri Soçiyə dəvət edərək münaqişənin həlli ilə bağlı növbəti üçtərəfli bəyanat imzalanmışdı. Hazırda Ukrayna müharibəsindən dolayı onun fiziki və siyasi imkanları növbəti preventiv görüşün təşkilini əngəlləyir…

Rusiya-Ukraynan müharibəsi nəinki regionda, dünyada əksər paradiqmaları dəyişib və nəticədə postovet regionunda münaqişələrin həlli ilə bağlı yeni yanaşmalar ortaya çıxıb.

Qərbin bu mərhələdə fəallığı 44 günlük müharibədən sonrakı üçtərəfli formatları gündəmdən çıxarır. Bu gün Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Rusiyasız birbaşa danışıqların əsası qoyulur. Yeni mərhələdə Minsk Qrupu formatı da demontaj olunur, onun missiyasını fərqli formada Avropa İttifaqı həyata keçirməyə çalışır.

 

 

ABŞ Dövlət katibi Blinkenin zəngi də göstərir ki, Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan danışıqlar aparılmasına tərəfdardır.

Bu danışıqlara Azərbaycan kifayət qədər üstün mövqe ilə qatılır. 

Əvvəla, İrəvana sülh danışıqlarının baza rolunu oynayacaq 5 maddəlik sənəd təklif olunub. Rəsmi Bakı ancaq beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, regionda davamlı sülhün əldə olunmasının respetini ortaya qoyub.Qərbin bu sənəddə göstərilən – sərhədlərin, ərazi bütövlüyünün qarşılılqılı olaraq tanınması, güc tətbiqindən imtina, kommunikasiyaların açılması kimi təşəbbüsləri dəstəkləyəcəyi şübhə doğurmur.

Bu günə qədər Ermənistan rəhbərliyi də bilavasitə bu prinsiplərdən imtina etdiyi açıqlamayıb. Amma diplomatik dalandan çıxmaq üçün gah Minsk Qrupu çərçivəsində müzakirələri, gah da qoşunların sərhədlərdən geri çəkilməsi təkliflərini ortaya atıb.

İkincisi, Azərbaycan Qərbin tətbiq etdiyi “Rusiyasız danışıqlar modelini” qəbul edir. Amma Ermənistan rəhbərliyinin bu məsələdə mövqeyi tam olaraq aydın deyil.

Üçüncüsü, rəsmi Bakı Qərbin də istinad etdiyi 10 noyabr bəyanatının tam olaraq yerinə yetirilməsini tələb edir. Qarşı tərəfin bu məsələdə mövqeyi isə kifayət qədər dolaşıq və ziddiyətlidir.

Dördüncüsü, Azərbaycan Naxçıvana birbaşa dəmiryolu və avtomobil yolu çəkilməsi üçün Zəngəzur dəhlizinin açılması təklifini ertələyib. Bu yolun İran üzərindən tikilməsi üçün artıq Tehranla memorandum imzalanıb.

 

 

Qeyd edək ki, Avropa İttifaqı 15 dekabr görüşündə faktiki olaraq Ermənistanın mövqeyini dəstəkləyərək Zəngəzur dəhlzinin ancaq ölkələrin suverenliyi çərçivəsində açılmasının vacibliyini bildimişdi.

Azərbaycan rəhbərliyi isə bu konteksdə Laçın dəhlzində dövlət sərhədinə nəzarət məsələsini qaldırıb.Ancaq Ermənistan buna razılıq verməkdəm qaçmaq üçün bu barədə Bakının Moskva ilə müzakirələr aparmalı olduğuna işarə vurub.

Hazırda Laçın dəhlizinə alternativ yolun tikintisi sürətlə davam edir və iki ay ərzində başa çatması gözlənilir. Bundan sonra Ermənistanın Xankəndi ilə nəzarətsiz kommunikasiyası mümkün olmayacaq.

 

 

Beləliklə, Ermənistanın Rusiyanın dəstəyi ilə bölgədə yaranmış qeyri-müəyyənlikdən sui-istifadə müddəti başa çatır. Paşinyan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalayıb 10 noyabr bəyanatının şərtlərini icra etməkdən başqa çıxış yolu qalmır.

Bu istiqamətdə real addımlar atılmasa, Azərbaycan təzyiqi gücləndirəcək. Eyni zamanda Ankara-İrəvan arasında münasibətlərin qurulması istiqamətində gedən danışıqlar dondurula bilər.

Bu situasiyada Ermənistan rəhbərliyinin nəyəsə ümid etməsi də mümkünsüz görünür. Beynəlxalq aləmin təcrid etdiyi müttəfiq Rusiyanın imkanları tədricən daralır və onun regiondakı hazırki status-kvonu saxlayacağı xeyli problematik görünür. Kremlin yaratdığı və uzun illər siyasi təzyiq alətinə çevirdiyi münaqişələrin istifadə müddəti bitmək üzrədir.

Ukrayna müharibəsi dünyaya bir daha göstərdi ki, etnik separatizm, dövlətlərin suverenliyinin təhdid edilməsi təsəvvür olunmaz böhranlara gətirib çıxarır. Dünya isə yeni müharibələr istəmir (azpolitika.info).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button