Mədəniyyət

“Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq konfrans keçirilib

Memarlıq və İnşaat Universitetində (AzMİU) Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbir Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görən Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.

Konfransda Mədəniyyət Nazirliyi, ali təhsil müəssisələri və elmi təşkilatların nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya və Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.

Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, konfransın məqsədi Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təklifləri hazırlamaqdan ibarətdir. Rektor qeyd edib ki, 30 illik işğal dövründə düşmən tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, bərpa işləri davam etdiriləcək: “Ərazilərin minalanması işimizi ləngitsə də, proses davam edir”.

Konfrans öz işini sessiyalarda davam etdirib, 4 seksiya üzrə Beynəlxalq Elmi Komitənin təsdiqlədiyi 50-yə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub.

Konfrans hibrid – həm onlayn, həm də əyani formada keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button