İdman

“Qəbələ” müsbət, “Sabah” mənfi mənada təəccübləndirdi” – MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
– Premyer Liqada birinci dövrə geridə qaldı. Başa çatan 7 turdan sonrakı mənzərə sizdə hansı təəssüratı yaratdı?- Bəzi klublarımız avrokuboklarda iştirak etmişdi. Bu səbəbdən hazırlıqlar arasında fərq var. Kimsə tez başladığı üçün pik formaya daha erkən müddətdə çatıb. Bu baxımdan 7 tura əsasən nəsə demək çətindir. İkinci dövrə başa çatandan sonra konkret fikir yürütmək mümkündür.
– Turnir cədvəlindəki yerlər kimin nəyə iddia edəcəyinə proqnoz vermək üçün tezdir?- Axırıncı yerdə gedən “Sabah”ın 7 turda 1 xal toplaması onlar üçün heç də yaxşı hal deyil. Bir tərəfdən tənqid edəndə, tərifli yerləri də var. Ramin Quliyev son vaxtlar komandanın oyununu tapmağa çalışır. Bu, bayaq dediyim kimi, heyətin gec formalaşmasından da qaynaqlana bilər. Məncə, bu baxımdan geri qalan komanda “Sabah”dır. Bir çox futbolçunun getməsi, əvəzində yenilərin gəlməsi vəziyyəti bu həddə gətirə bilir. Son turlar göstərir ki, “Sabah” rəqibləri ilə başabaş mübarizə aparır, hətta bəzi matçları üstün keçirir. Sadəcə, nəsə çatışmır. Düzdür, “Sabah”dan daha çox şey gözləyirik. Bunu zaman-zaman ala bilirik. Perspektiv və sərgilənən oyun buna imkan verir.
– “Qarabağ” və “Neftçi” yenə çempionluq uğrunda əsas rəqiblər olduqlarını təsdiqlədilər, yoxsa başqa namizəd də var?- Mövsümün əvvəlindən hamı bilir ki, çempionluq uğrunda bu iki komanda yarışacaq. Doğrudur, “Qarabağ” “Keşlə” ilə, “Neftçi” “Sumqayıt”la görüşdə xal itirdi. Belə oyunlar yenə olacaq. Mənə elə gəlir ki, bu komandaların öz aralarındakı matçlardan çox aşağı pillələrdə qərarlaşan rəqiblərlə görüşlərdəki nəticələrdən çox şey asılı olacaq. Çempionluğun taleyi öz aralarında yox, digər komandalarla görüşlərdə itirilən xallarda həll olunacaq.
– Bəs hansı komandalar avrokuboka iddiasını ortaya qoya bildi?- “Qəbələ”, “Zirə” və “Sumqayıt” liderlərə yaxın oyun sərgiləyirlər. Tez də olsa, onların avrokuboklara iddia edəcəklərini proqnozlaşdırmaq olar. “Keşlə” də mövsümün əvvəlindəki ardıcıl məğlubiyyətlərdən sonra özünə gəlməyə çalışır. Son 3 oyunda 7 xal toplamaları komandanın inkişafından xəbər verir. Bu gedişlə “Keşlə” də adlarını sadaladığım 3 komandanın sıralarına qoşulacaq.
– “Sumqayıt” sanki əvvəlki illərlə müqayisədə zəif nəzərə çarpır…- “Sumqayıt” hələ stabil oyununu tapa bilməyib. Bunun da səbəbini baş məşqçi daha yaxşı bilər. Hansısa bir problem var ki, belə nəticələr qeydə alınır. Bəlkə də, futbolçu baxımından yeni nəfəs lazımdır. Digər tərəfdən isə stabil heyətləri var, bu futbolçular uzun müddətdir yer yerdədirlər, bir-birilərini anlayırlar. Əgər hansısa problem varsa, bunu yalnız baş məşqçi bilər. Məncə, “Sumqayıt” “Neftçi”yə qarşı pis çıxış eləmədi. Görünür, inkişaf yollarını tapa biliblər. Ancaq bunu gələcək oyunlar daha aşkar göstərəcək. Ötən mövsüm “Neftçi” və “Qarabağ” “Sumqayıt”ın nəfəsini kürəyində hiss elədi.
– Müsbət mənada sürpriz komanda kimi “Qəbələ”ni vurğulamaq olar?- “Qəbələ” mövsümün startında, həqiqətən də, yaxşı qrafik cızdı. Bu da gözləmədiyimiz bir şey idi. İlk 7 tura qədər ən böyük sürprizi “Qəbələ” etdi, yaxşı mənada təəccübləndirən onlar oldu. Ancaq bunun davamını gətirmək vacibdir. Çünki əsas qiymət mövsümün sonunda verilir. Təkcə nəticəyə yox, oyununa görə də seçilirlər. Düzdür, son 3 turda “Sumqayıt”, “Qarabağ” və “Zirə” ilə görüşlərdə xal itirdilər. “Qəbələ” bu performansını davam etdirə bilsə, avrokuboklara düşən komandalar sırasında yer alacaq. Ümumi götürdükdə ilk 7 turda “Qəbələ” müsbət, “Sabah” mənfi mənada təəccübləndirdi.
– Mövsümün ilk dövrəsində hakimliklə bağlı klubların çox narazılıqları oldu. Siz hakim idarəçiliyini hansı səviyyədə hesab edirsiz?- Şablon da olsa deməliyəm ki, hakim səhvi olub, var, olacaq da. Bu qaçılmazdır. Avropada oyunlara baxırıq, hətta VAR-da da səhvlər olur. Oyunun axarına uyğun hakim səhvləri ola bilər. Məncə, ötənilki kobud səhvlərə bu dəfə yol verilmir. Əsas odur ki, oyunun taleyinə ciddi şəkildə təsir edən səhvlər olmur. Futbolçular da səhvlər edirlər, ancaq onlar çox nəzərə alınmır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button