Siyasət

“Putinin ətrafına elə bu ay sanksiya qoyula bilər” – Avropa Navalnının azad edlməsində israr edir

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə artıq bu ay səfər və mülkiyyət qadağanları qoya bilər. “Reuters” üç diplomata istinadən yazır ki, Fransa və Almaniya bu barədə razılığa gəliblər.

Xəbərdə deyilir ki, Putinin ən qatı tənqidçisi Aleksey Navalnının həbsinə cavab olacaq sanksiyalar dekabr ayından işə salınmış yeni mexanizm əsasında qoyulan ilk sanksiyalar olacaq. Avropa İttifaqının yeni sanksiyalar çərçivəsi dünya boyunca insan haqları pozucularının cəzalandırılmasına imkan verir.

“Reuters” yazır ki, amma Berlin və Paris böyük bir ehtimalla “Şimal Axını 2” kəməri layihəsinin dayandırılması kimi daha sərt sanksiyalara əl atmayacaqlar. Avropa İttifaqının bir sıra ölkələri Moskvaya qarşı məhz belə sərt addımların atılmasını istəyir. Rusiya üzərinə sanksiyaların qoyulması üçün təzyiqlər xüsusilə də Almaniya, Polşa və İsveç diplomatlarının Rusiyadan qovulmasından sonra artıb. İndi hər halda, həm Paris, həm də Berlin Moskvaya qarşı sanksiyalara ehtiyac olduğunu bildirirlər. Bundan əvvəl Polşa, Baltik ölkələri, Çexiya və Rumıniya Rusiyaya sanksiyalar qoyulmasına çağırmışdılar.

“Reuters” yazır ki, Avropa İttifaqının iki böyük iqtisadiyyatı – Almaniya və Fransanın dəstəklədiyi sanksiyalara başqa üzv ölkələrin blok qoyacağı ağlabatan deyil. Bu da xəbər verilir ki, sanksiyalar Avropa İttifaqı xarici işlər nazirlərinin fevralın 22-də keçiriləcək iclasında elan edilə bilər.

Bir Avropa diplomatı “Reuters”-ə deyib ki, sanksiyaları bundan o yana gecikdirmək artıq mümkün deyil. Almaniya Navalnının ən qızğın müdafiəçilərindən biridir. Rusiya müxalifətçisi hərbi təyinatlı kimyəvi maddə ilə zəhərləndikdən sonra məhz Almaniyada müalicə olunub.

“Reuters” xatıladır ki, Rusiya Avropa İttifaqının qaza olan tələbatının üçdə bir hissəsini təchiz edir. Dəyəri 11 milyard dollar olan “Şimal Axını 2” qaz kəməri dənizin altı ilə Ukraynadan yan keçən mövcud kəmərin tutumunu iki dəfə artıracaq.

ABŞ-ın sanksiya hədələrinə və Avropa Parlamentinin bu kəmərin tikintisinin dayandırılmasını tələb edən qətnaməsinə baxmayaraq Berlin və Paris hesab edirlər ki, sanksiyalar sözü gedən qaz kəmərini əhatə etməməlidir. Avropa İttifaqı indiyədək 2014-cü ildə Krımı ilhaq etdiyinə görə Rusiya üzərinə sanksiyalar qoyub.

İttifaq ötən il Navalnının zəhərlənməsinə cavab olaraq Putinə yaxın 6 rəsimyə səfər qadağanı qoyub.

“Reuters” xatırladır ki, 2018-ci ildə keçmiş Rusiya casusu İngiltərədə zəhərlənəndə Avropa İttifaqına Rusiya üzərinə sanksiyalar qoymaq üçün bir ildən artıq vaxt lazım olmuşdu. O vaxt Britaniya ittifaq üzvü idi. Amma indi Avropa İttifaqı Rusiyaya qarşı yeni daha ağır sanksiyları daha qısa müddətdə qoymalıdır.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button