İqtisadiyyat

“Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkədə iqtisadi artım və sosial rifah təmin edilib”

“Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ölkədə iqtisadi artım və sosial rifah təmin edilməsinə hədəflənib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Bu aspektdə son 10 ildə görülən işlərə diqqət çəkən deputat deyib ki, Azərbaycanda Cənubi Qafqaz iqtisadiyyatında 60%-dən çox paya malik güclü iqtisadiyyat formalaşdırılıb: “Milli iqtisadiyyatın davamlı inkişafı üçün ölkə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulub. Son 10 ildə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 4 753 manatdan 7 263 manata çatıb. 2010-2020-ci illər ərzində qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 mlrd. manat olub. Qeyri-neft sənayesində məhsul istehsalı 5 mlrd. manatdan 12 mlrd. manata çatıb və real həcmdə 2,4 dəfə artım olub. Kənd təsərrüfatında məhsul istehsalı isə 3,9 mlrd. manatdan 8,4 mlrd. manata qədər artıb, bu, real həcmdə 1,5 dəfə artımdır. İxracda qeyri-neft sektorunun payı 7,4%-dən 13,7%-ə çatıb. İdxalın həcmi isə 1,7 dəfə artaraq 6,6 mlrd. dollardan 10,7 mlrd. dollara yüksəlib. İstehlak bazarının fiziki həcminin artımı 1,7 dəfəni, o cümlədən pərakəndə əmtəə dövriyyəsində 1,9 dəfəni üstələyib. İstehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyərinin 96,5%-i qeyri-dövlət subyektlərinin, o cümlədən ½ -i fərdi sahibkarların payına düşür. Dövlət büdcəsinin gəlirləri 2,1 dəfə artaraq 11,4 mlrd. manatdan 24,7 mlrd. manata, dövlət büdcəsinin xərcləri isə 2,2 dəfə artaraq 11,8 mlrd. manatdan 26,4 mlrd. manata çatıb”.
R. Quliyev qeyd edib ki, 2010-2020-ci illərdə iqtisadiyyata 211,2 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. O cümlədən daxili investisiya 110,3 mlrd. ABŞ dolları, xarici investisiya isə 101 mlrd. ABŞ dolları təşkil edir. Qoyulmuş investisiyaların 130 mlrd. ABŞ dollarından çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib: “Əhalinin banklardakı əmanətləri 2,7 dəfə artaraq 3 mlrd. manatdan 8,2 mlrd. manata çatıb. Kredit qoyuluşu 1,6 dəfə artaraq 9,2 mlrd. manatdan 14,5 mlrd. manata çatıb, bunun isə 83%-i uzunmüddətlidir. Ölkənin valyuta ehtiyatları 2009-cu ildən bəri 2,5 dəfə artaraq 20,3 mlrd. ABŞ dollarından 51,2 mlrd. ABŞ dollarına yüksəlib. Əhalinin gəlirlərinin real həcmi 1,3 dəfə, o cümlədən əhalinin hər nəfərinə düşən gəlirləri 2  dəfə artıb. Hazırda adambaşına düşən gəlir 5 587,6 manat təşkil edir. 2010-cu ildə bu göstərici 2 866 manat olub. Orta aylıq əmək haqqının nominal məbləği isə 2,1 dəfə artaraq 331,5 manatdan 707,3 manata çatıb. Bu, alıcılıq qabiliyyətinə görə MDB-də ilk yerdə qərarlaşmanı təmin edib. Orta aylıq pensiyanın nominal məbləği 2,7 dəfə artaraq 302,2 manat olub. Azərbaycan son illərdə MDB-də orta pensiyaya və orta pensiyanın alıcılıq qabiliyyətinə görə ilk beşlikdə yer alıb”.   
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azərbaycanın  tranzit mövqeyini möhkəmləndirən regional əhəmiyyətli iri nəqliyyat və enerji layihələrinə sahiblik etdiyini nəzərə çatdırıb: “Azərbaycan “Doing Business”də 191 ölkə arasında 28-ci yeri tutur, dünyanın ən islahatçı 10 ölkəsindən biridir. Dünya İqtisadi Forumun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında 3-cü yerin sahibidir. Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci yerdə, “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşıb. 2010-cu ildə Azərbaycan İndeksdə 96-cı yerdən 58 pillə irəliləyərək 2021-ci ildə 38-ci yerə yüksəlib. Azərbaycan ilk dəfə “Orta dərəcədə azad” (“Moderately Free”) ölkələr kateqoriyasından “Əsasən azad” (“Mostly Free”) ölkələr kateqoriyasına yüksəlib. Ölkəmiz “Qlobal İmkanlar İndeksi 2020” hesabatında isə 144 ölkə arasında 52-ci yerdədir, 5 göstəricidən 4-ü üzrə irəliləyiş təmin olunub”.
R. Quliyev enerji sektorunun inkişaf göstəriciləri və əldə olunmuş nailiyyətlərə də toxunub: “Son on ildə elektrik enerjisinin istehsalında 27,6% artıma nail olunub. Belə ki, 2020-ci ildə elektrik enerjisinin istehsalı 2010-cu illə müqayisədə 7134,6 mln. kVt·st artaraq 25 811,2 mln. kVt·st olub. Elektrik enerjisinin ixracı 3 dəfə artaraq 380 mln.kVt•st-dan 1 150,7 milyon kVt•st-a çatıb, ölkə enerji ixracatçısına çevrilib. Elektroenergetika sahəsində fəaliyyətin dayanıqlığı artırılıb, texnoloji bazası gücləndirilmiş və infrastrukturu təkmilləşdirilib. Neft-qaz hasilatının perspektiv təminatı üçün istehsal modernləşib. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracı təmin edilib. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinin artırılması üçün alternativ və bərpa olunan enerji mənbələri üzrə infrastruktur, bu sahədə özəl sektorla əməkdaşlıq genişləndirilib. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması isə daha bir tarixi hadisədir”.
Deputat sənaye sahəsində aparılmış islahatların nəticəsində hazırda ölkədə ümumi daxili məhsulun ½-dən, o cümlədən qeyri-neft iqtisadiyyatının ¼-dən çoxunun sənaye sahələrində istehsal olunduğunu nəzərə çatdırıb. Görülən işlərin, yaradılmış möhkəm təməlin nəticəsidir ki, pandemiya və xarici təsirlərə baxmayaraq qeyri-neft sənayesi ən yüksək templərlə artıb. 2020-ci ildə bu sahədə artım 12,5% olub: “2020-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 1,3 mlrd. manat həcmində istehsal olu,, bunun 55%-i ixrac olunub. Sənaye parklarında rezident statuslu 50 müəssisədən 35-i fəaliyyətə başlayıb, 2020-ci ilədək 6 mlrd. manatdan çox investisiya yatırılıb və  9 000-dən artıq iş yeri yaradılıb. Sənaye məhəllələrində iştirakçı statuslu 30 müəssisədən 17-si fəaliyyətə başlayıb, indiyədək 73 mln. manat investisiya yatırılıb və 280-dən artıq iş yeri yaradılıb. O cümlədən kosmik sənaye quruculuğu inkişaf etdirilib, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb, peyk xidmətlərinin ixracına başlanılıb. Digər tərəfdən qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb. O cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub. Bakıda və regionlarda toxuculuq, geyim istehsalı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilib. Ərzaq məhsullarının istehsalı sahəsində İmişlidə Şəkər Zavodu, Abşeronda Duz Zavodu, Sumqayıtda Bitki Yağları Emalı Zavodu, Oğuzda Qarğıdalı Emalı və Qlükoza İstehsalı Zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər müəssisələr istismara verilib, Ələt Azad İqtisadi zonası fəaliyyətə başlayıb”.
R. Quliyev kənd təsərrüfatının da sürətlə inkişaf etdiyini vurğulayıb: “Son 10 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 1/5-nə qədəri kənd təsərrüfatında istehsal edilib. Aqrar sahəyə dövlət dəstəyi, o cümlədən maliyyələşmə mexanizmi təkmilləşdirilib, aqrar sığorta inkişaf etdirilib və investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılıb. Aqrar sahədə idarəetmə sistemi təkmilləşdirilib, ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsul və xidmətlərinə çıxış artırılıb. Aqrar istehsalın texnika və istehsal vasitələrilə təminat səviyyəsi yaxşılaşdırılmış, əlçatanlığın artırılması üzrə institusional islahatlar aparılıb. Kənd təsərrüfatının aparıcı sahələrində müasir texnologiyaların intensiv tətbiqinə nail olunub, məhsuldarlığın və ixracın artması trendə çevrilib. Əksər kənd təsərrüfatı və qida məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi təmin edilib. Aqrar sahə üzrə məlumat bazaları yaradılıb və kənd təsərrüfatının elektronlaşdırılması işlərinə başlanılıb. Aqrar emal sənayesi və logistika infrastrukturu inkişaf etdirilib. O cümlədən keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində islahatlar aparılıb”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvünün sözlərinə görə, Azərbaycanın tranzit potensialı  da artırılıb: “Son 10 il ərzində nəqliyyat sektorunda orta illik artım tempi 3,5% təşkil edib, yeni infrastruktur qurulub, özəl investisiyalar artıb. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməkdədir. TRASEKA, “Şimal-Cənub” kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirilib. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hesabına Azərbaycan ərazisindən yükdaşımaların həcmi artıb. Liman infrastrukturu, limanların inkişafı üzrə logistika yaxşılaşdırılıb, limanlarda tranzit yük daşıması üstünlüyünə nail olunub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının (“hub”) yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb. Müasir tipli 10-a yaxın aeroport tikilib və ya yenidən qurularaq beynəlxalq  əhəmiyyətli aeroport infrastrukturu yaradılıb.  İnformasiya, rabitə və yüksək texnologiyalar üzrə göstəricilər və əldə olunmuş nailiyyətlər də xüsusi qeyd edilməlidir. Son 10 ildə informasiya və rabitə sahəsində 3,3 dəfəyə yaxın artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib. 40-dan artıq dövlət qurumunun xidmətləri “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Ölkə əhalisinin yaşadığı ərazilərin 99,7%-i açıq paketlə (8-12 TV proqram) sosial rəqəmli televiziya yayımı ilə əhatə olunub. Əhalinin 81%-i internet istifadəçisi, 77%-i isə yüksəksürətli internet istifadəçisinə çevrilib”.
İqtisadi elmlər doktoru R. Quliyev qeyd edib ki,  Azərbaycanda demoqrafik balans pozitivdir və ölkəmiz əhalinin 1,14%-lik orta illik artımına görə Avropa məkanında ön cərgədədir. Eyni zamanda bütün təbəqədən olan əhalinin sosial müdafiəsi və rifahının yaxşılaşdırılması diqqət mərkəzində olub: “Son 10 ildə əməkhaqqının minimum səviyyəsi 3 dəfə artaraq 250 manata, orta aylıq əmək haqqı isə 2 dəfədən çox artaraq 707 manata çatıb. Pensiyaların minimum məbləği 2,4 dəfə artırılaraq 200 manata, orta aylıq pensiya 112,9 manatdan 2,7 dəfə artırılaraq 302,2 manata, yaşa görə 117,6 manatdan 2,8 dəfə artırılaraq 331,4 manata, əlilliyə görə 110,7 manatdan 2,4 dəfə artırılaraq 261 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya 89,2 manatdan 2,9 dəfə artırılaraq 263,0 manata çatdırılıb. Müavinətlərin orta aylıq məbləği 39,68 manatdan 3 dəfə artaraq 119 manata, maksimum məbləği 3 dəfəyə qədər artaraq 61 manatdan 150 manata yüksəlib. Aylıq və birdəfəlik müavinətlərlə təmin olunanların sayı son 10 ildə  26% artaraq 397 mindən 500 minə çatıb. Prezidentin aylıq  təqaüdü ilə təminat proqramının əhatə etdiyi şəxslərin sayı 33,6 mindən 10 dəfəyə qədər  artaraq 300 minə, təqaüdün maksimal məbləği isə 1000 manatdan 2000-ə çatıb. 2010-cu ildən şəhid ailələri üçün təqaüdlər 150 manatdan 2020-ci ildə 300 manata qaldırılıb, 2021-ci ildə bu göstərici 500 manat olub. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 90 manat, II dərəcə əlilliyi olanlar üçün 70 manat, III dərəcə əlilliyi olanlar üçün 50 manatdan müvafiq olaraq 400 manata, 350 manata və 300 manata çatdırılıb. Ünvanlı dövlət sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,1 dəfə artaraq 2020-ci ilin sonuna 240 manat olub. Bütün bunlar göstərir ki, son 10 ildə Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkədə iqtisadi artım və sosial rifah təmin edilib”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button