Cəmiyyət

Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olan polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis edilməsinin 100 illik yubileyi münasibətilə onun şəxsi heyətini, məzunlarını, veteranlarını təbrik edib.
Akademiyanın keçdiyi şərəfli yola nəzər salan V.Eyvazov bildirib ki, 1921-ci ildə milis nəfəri və komandir kadrları hazırlayan məktəb statusunda yaradılan bu tədris müəssisəsi Akademiya səviyyəsinə qədər yüksəlib, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib.
Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində bu təhsil müəssisəsinin maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris korpusları və texnoloji avadanlıq, yeməkxana və yataqxanalar, idman kompleksi, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyini vurğulayıb.
Beynəlxalq əlaqələrinin ildən-ilə genişlənərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyini, tədris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğunu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyini, kursantlara vətənpərvərlik hissi, zabit qüruru, saf mənəviyyat aşılandığını, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığını bildirib.
Azərbaycan polisinin peşəkar, milli ruhda tərbiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslinin ərsəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzunlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzunlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Çıxışında professor-müəllim heyətinin qarşısında duran vəzifələrə xüsusi yer verən nazir bildirib ki, onlardan başlıcası Azərbaycanın ali təhsil müəssisələrinin sırasında layiqli yeri olan Akademiyanı, buradakı tədris və təlim prosesini qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirmək, polisdə xidmətin bütün şərtlərinə cavab verən ixtisaslı kadr hazırlığı fəaliyyətini hərtərəfli dəstəkləmək, kursant və dinləyicilərdə analitik düşüncə tərzi, müasir texnologiyalarla işləmək, ekstremal şəraitdə düzgün qərar çıxarmaq və tədbirlər görmək vərdişi formalaşdırmaq, möhkəm intizamın təməli sayılan hərbi, fiziki və sıra hazırlığını yüksəltmək, hər bir fənnin tədrisi prosesində qanunla müəyyən edilmiş funksiyaların icrasını vətəndaş məmnunluğu prinsipi üzərində qurmağı öyrətmək, zəruri biliklərə və iş metodlarına yiyələndirmək, yeni təsis olunmuş magistratura və doktorantura pillələrində Akademiya, bütövlükdə daxili işlər orqanları üçün elmi potensiallı mütəxəssislər yetişdirməkdir.
Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək planlaşdırılan və görülən işlər, əldə edilən nəticələr və qarşıya qoyulan vəzifələrin icrası barədə məruzə edib.
V.Eyvazov əvvəlki illərdə Akademiyaya rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək onlara Akademiyanın 100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib.
Təntənəli mərasim Akademiyaya yeni qəbul olunan kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button