Siyasət

Polad Bülbüloğlu “Rossiya 1” kanalının rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən Səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olub.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

“29 mart tarixində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaqinin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırıb. Bundan əlavə, o, qeyd edib ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda sülhün dəstəklənməsi və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy göstərdiyi bir vaxtda Mixail Delyaqinin bu cür ritorikadan çəkinməli olduğunu vurğulayıb.

Həmçinin Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləyib, istənilən bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırıb. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf qoymuş Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirib. Həmçinin Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə edib.

Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən səfir Polad Bülbüloğlunun adına məktub ünvanlayıb.

Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirir.

Qeyd edək ki, səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırıb və belə halların qəbuledilməz olduğu vurğulayıb.

Göstərilmiş səylər nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlamış, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəyib və belə addımı şou naminə atdığını söyləyib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button