İqtisadiyyat

Pirəkəşkül qəsəbəsinə gedən yol yenidən qurulur

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilən qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri sırasında Abşeron rayonu Pirəkəşkül avtomobil yolu layihəsi də var.
AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü km-dən götürən və 7,3 km uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Üstəlik sözügedən yolla ağır tonnajlı yük maşınların hərəkəti yolun əsasında və örtüyündə dağılmalara, çökmə və qabarmalara gətirib çıxarıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı. Məhz bu problemlərin aradan qaldırılması, Pirəkəşkül qəsəbəsinin 1,4 min əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə AAYDA tərəfindən təxirəsalınmaz tədbirlərə start verildi.
Məlumata görə, Pirəkəşkül avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq köhnə örtük sökülür, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq yeni yol yatağı inşa olunur.
Sadalanan işlərin ardınca lazımi qarışıqdan istifadə olunmaqla yol əsasının inşasına başlanılacaq. Əsasın alt və üst layının tikintisi 70 min kubmetrdən artıq həcmdə icra olunacaq.
Bundan başqa layihəyə uyğun olaraq Pirəkəşkül yolunun 1-ci km-də yerləşən 42 metr uzunluğa malik mövcud avtomobil körpüsünün əsaslı şəkildə təmirinə də başlanılıb.
Layihə boyu istismar müddətini bitirmiş müxtəlif diametrli suötürücü borular yerləşir. Bu üzdən boruların bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətə salınmasına zərurət yaranıb. Bu çərçivədə də tikinti zamanı müvafiq işlərin aparılması icra olunacaq.
Torpaq işləri tam olaraq bitəndən sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə başlanılacaq. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyünün döşənməsi işləri yolun 40 min kv. metrdən çox sahəsində aparılacaq.
Bütün işlər AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Layihə işlərini sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button