Mədəniyyət

“Ozan” elm və sənət toplusunun növbəti nömrəsində…

Azərbaycan Aşıqlar Birliyinin illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına Azərbaycan Aşıqlar Birliyi adından təşəkkür məktubu, eləcə də, 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev və Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş ustad sənətkarlara təbriklər də yer alıb.

Toplunun bu nömrəsində 2021-ci ildə 200 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olunmuş Aşıq Ələsgər haqqında elmi-publisistik məqalələrə geniş yer verilib. Xalq şairi Zəlimxan Yaqubun “Dahilik, müdriklik, sadəlik”, M.Qasımlı və M.Allahmanlının “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, F.İmranoğlunun “Ələsgərəm, gözəllərdi əzbərim” və S.Əliyevanın “Dastanlaşan Dədə Ələsgər” adlın məqalələri bu baxımdan xüsusilə diqqət çəkir.

Bu nömrədə oxucular eləcə də M.Qasımlı və M.Allahmanlının “Aşıq məclisinin açılışında və qapanışında oxunan poetik mətnlər” və M.Qasımlının ustad aşıq Hüseyn Şəmkirliyə həsr etdiyi “Qüdrətli saz-söz ustadı” adlı məqalələri ilə də tanış ola bilərlər.

Topluda ilk dəfə olaraq dastanlarımıza da geniş yer ayrılıb – “Aşıq Hüseynlə Reyhan xanım dastanı” və Nizami Gəncəvinin eyniadlı məsnəvisi əsasında hazırlanaraq 2021-ci ilin dekabr ayında Bakıda Heydər Əliyev Sarayında tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” dastan-tamaşası oxuculara təqdim olunur.

Topluda həmçinin 2021-ci ildə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər və nəşrləri haqqında da ayrıca xəbər xronikası yer alıb.

Xatırladaq ki, 2017-ci ildən nəşr olunan və redaksiya heyətində respublikamızın və bir sıra xarici ölkələrin tanınmış elm və sənət adamlarının təmsil olunduğu toplunun baş redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button