Mədəniyyət

Öz labirintindəki rəssam: Əşrəf Murad

11 mart rəssam Əşrəf Muradın vəfat etdiyi gündür… 2013-cü ildə Əşrəf Muradın “Napoleon” əsəri məşhur “Sotheby’s” hərrac evində 100 min dollara satılıb.

Ekzüperi “Balaca Şahzadə” əsərində necə deyir?

“Böyüklərə: “Pəncərələrində ətirşahlı çəhrayı kərpicdən tikilmiş gözəl bir ev, damında göyərçinlər gördüm”, – deyəndə, onlar bu evi təsəvvür edə bilmirlər. “Yüz min franklıq ev gördüm” deməli, sonra da “Nə gözəldir!” – deməlidirlər”.

Sizin də o böyüklərdən ola biləcəyiniz ehtimalını nəzərə alaraq Əşrəf Murad haqqında danışmağa onun əsərinə ölçülən qiyməti nəzərinizə çatdırmaqla başlayıram.

Maraqlısı budur ki, bu gün hərraclarda baha qiymətə satılan əsərlərin müəllifi yoxsulluq içində canını tapşırmışdı. Lap Van Qoq kimi.

Tanrı Əşrəfə çoxlarının xoşbəxtliyinin cəmi kimi gördüyü şeyləri vermişdi. O, təminatlı ailədə doğulmuşdu, Bakıya ilk “Mercedes”i o gətirmişdi. Olduqca yaraşıqlı və ən əsası istedadlı cavan idi.

Amma tale də onunla amansız davrandı…

O qədər amansız ki, bir gecənin içində Əşrəfin bütün həyatı dəyişmişdi.

Həmin hadisə ilə bağlı iki-üç versiya olsa da, biri daha çox səslənir. Deyilənə görə, sərxoş vəziyyətdə dostları ilə gəzən Əşrəf milis tərəfindən saxlanılır, şöbədə qəddarlıqla döyülür. Ölümcül hala düşən rəssam başından aldığı çəkmə zərbələrindən sonra ciddi psixoloji travma alır. Hətta onun bir müddət ruhi xəstəxanada yatdığı deyilir.

Bir sözlə, bu hadisə onun bütün həyatını dəyişir. Beləcə həyat Əşrəfə verdiyi hər şeyi ondan alır…

Daha onun nə “Mercedes”i vardı, nə də səhər-axşam “Mercedes”ində şəhəri dolaşan dostları. Həm zahirən, həm də daxilən Əşrəf o Əşrəf deyildi. Caz həvəskarı olan rəssam əvvəllər saçlarını cazmenlər kimi saxlayırdı, fərqli geyinirdi, bir sözlə, hamıya ağ-qara olmağın diktə olunduğu cəmiyyətdə o başqa rəngdə yaşayırdı.

Artıq o rənglərdən də əsər-əlamət qalmamışdı.

Dediyim kimi həyat ondan hər şeyi almışdı. Bircə dəli-divanə kimi sevdiyi Sevildən başqa. Çünki tale Sevili ona heç vaxt verməmişdi.

Ah, Sevil, Sevil… Bütün qızların ətrafında pərvanə kimi dolandığı vaxtlarda belə Əşrəfin ağlında bir qadın vardı. Bu eşq haqqında nəsə yazmağa lüzum bilmirəm, özünün Sevilə yazdığı məktubların olduğu yerdə.

Sevili bir başqası qaçırır və Əşrəf heç vaxt evlənmir…

Onun artıq fırçasından başqa heç kimi yox idi. Bir fırçası, bir özü, bir də emalatxanası. Artıq onun istedadı da rəng dəyişdirmişdi. O, realist üslubda əsərlər çəkməyə davam etsəydi, xeyli var-dövlət qazanardı. Çünki hələ tələbə ikən onun bu üslubda çəkdiyi əsərlər baha qiymətə satılırdı. Ancaq o yolunu tamam dəyişmişdi. İndi Əşrəfin işlərini nə alan var idi, nə də başa düşən.

Onu uzun müddət başa düşmədilər, başa düşə bilmədilər.

Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş mərhum diplomat Ramiz Abutalıbov xatirələrində yazırdı ki, 80-ci illərin əvvəllərində Moskvada görüşlərinin birində Rusiya sənətşünası Qriqori Anisimov ona Əşrəfin əsərlərindən birini göstərir və Vətəndə rəssama yetəri qədər diqqətin olmadığından gileylənir. Ramiz bəy də Bakıya qayıtdıqdan sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Yusif Hüseynovu Mərkəzi Komitəyə dəvət edir: “Mən ona ehtiyatlı şəkildə bildirdim ki, Bakıda Əşrəf Muradın əsərlərini nümayiş etdirmək gözəl olardı. Amma Hüseynov mənə belə dedi: “Bu sənətkar psixi cəhətdən sağlam deyil, əsərləri sosialist realizminin ideoloji çərçivəsinə sığmır”. Əşrəfin həmkarının imtina etməsi məni özümdən çıxardı. “Əgər Əşrəf Muradın rəsm əsərlərinin sərgisini təşkil etməsəniz, sizə qarşı münasibətimi kəskin dəyişmək məcburiyyətində qalacağam. Bu barədə düşünün”, – dedim və görünür, sözlərim ona təsir etdi. Sərgi barədə qərar qəbul edildi və o, 1984-cü ilin oktyabrında Bakıda açıldı.

Ona dövründə olan münasibət, yaradıcılıq xüsusiyyətləri, onu sevən və sevməyənlər haqqında sənətşünas, Əşrəf Murad araşdırmaçısı Rəfael Gülməmmədovla rəssamın yaradıcılığına dair məqamlardan danışdıq.

– Sizcə, niyə Əşrəf Murad sağlığında layiq olduğu dəyəri ala bilmədi?

– Almamışdı, ala da bilməzdi. Təsəvvür edin ki, insan rəsmi dairələrdə qəbul olunan, rəsmi şəkildə təbliğ olunan yöndə əsərlər yaratmırdı. O, azad rəssam idi. İstədiyi rəng həllini, istədiyi kompozisiyanı qururdu. İstədiyini edir, sosializm realizmi qanunları çərçivəsindən çox kənara çıxırdı. Bu da dövləti heç razı sala bilməzdi. Baxmayaraq ki, mövzuları Sovet dövlətini əks etdirən mövzular idi.

– Əşrəf Murad Sovet düşüncəsinə müxalif idimi?

– Əşrəf öz yaradıcılığında nonkorformist sayıla bilər. Amma ona görə yox ki, qəsdən müxalif sənət yaradırdı. O, Mircavaddan, Rasim Babayevdən, Qorxmaz Əfəndiyevdən, Kamal Əhməddən fərqli olaraq müxalif sənət yaratmırdı. Siz onun əsərlərinə baxsanız, görərsiniz ki, digər Sovet rəssamlarının müraciət etdiyi mövzulardan kənara çıxmırdı.

– Bəs problem harada, yaxud nədə idi?

– Yanaşma və ifadə tərzində. Sovet İttifaqı insanın hər bir addımını nəzarətdə saxlayan, yaradıcılıq azadlığını tanımayan, yaradıcılığı rəssama diktə edən bir quruluş idi. Onun diktəsindən kənarda istər manera, istər quruluş baxımından olsun, fərqli yanaşmanı qəbul etmirdi. Əgər dövlət qəbul etmirdisə, deməli dövlət tərəfindən sifariş də azala bilərdi. Onun rəssam kimi karyerası uğursuz ola, sərgilərdə iştirakı da yasaqlana bilərdi.

– Gəlin dəqiqləşdirək, yasaqlanmışdı, yoxsa yasaqlana bilərdi?

– Demək olar ki, yasaq idi. Elə rəssamlar olub ki, Azərbaycanda onlar yaradıcı insanların müxalif qoluna aid olublar. Altmışıncı illərdə SSRİ-də Xruşşovun yenidənqurma siyasətinin nəticəsində müəyyən yumşalmalar oldu, siyasi-ideoloji baxımdan çox böyük bir ziyalı hərəkatı, yaradıcı insanların böyük bir istedadlı dəstəsi yetişdi. Bu həm ədəbiyyatda, həm təsviri sənətdə, həm də digər sahələrdə baş vermişdi. Bu hərəkat rəssamlıq sahəsində Mircavadla, onun yaratdığı Abşeron məktəbi ilə bağlıdır ki, bu tamamilə fərqli bir yanaşmadır.

– Əşrəf Muradı Abşeron məktəbinin nümayəndəsi hesab edənlər nə qədər haqlıdır?

– Mövzu azadlığı, kolorit, fikir azadlığı, ideologiya azadlığı estetika azadlığı kimi anlayışlar Abşeron məktəbinin xüsusiyyətləri idi. Ancaq düşünürəm ki, Əşrəf Murad Abşeron məktəbinə aid edilməməlidir. Çünki Abşeron məktəbində müəyyən bir axını aparan rəssamlar var ki, Əşrəf ora aid deyil. Abşeron məktəbi kimi yox, ancaq avanqard kontekstə aid edə bilərik. Əşrəf Murad yaradıcılığı Abşeron məktəbinin postulatlarından fərqli idi.

Digər tərəfdən, Abşeron məktəbinə aid olan rəssamların əsərlərində qərbçilik çox güclüdür: yəni Qərb təsviri sənət axınlarının təsiri və o modern cərəyana uyğun olan yaradıcılıq xətti. İkincisi, məktəbin rəssamlarının bir qismində, deyək ki, Cavad, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfovda milli və Şərq mədəniyyətindən bəhrələnmə özünü bariz göstərir. Əşrəf isə yaradıcılığında Sovet ideologiyasının təbliğ etdiyi mövzulardan kənara çıxmırdı. Ancaq fərq ondadır ki, o özünəməxsus yaradırdı. O, elə bir tərzdə ifadə edirdi ki, rəsmi orqanlar tərəfindən qəbul edilə bilməzdi. İlk dövrlərində sosialist realizmi axınında o cür işləyən rəssamların əsərlərindən heç nə ilə fərqlənmirdi. Sonrakı dövrlərdə isə bu fərqlilik özünü daha aydın göstərirdi.

Məsələn, onun çəkdiyi Tereşkova portreti tamamilə fərqli bir Tereşkovadır. Yaxud da Stalinin, Leninin obrazını yaradıb. Krupskayanın obrazını yaradıb. Bunlar hamısı Sovet ideologiyası paradiqmasında qəbul olunan mövzular idi. Ancaq baxaq görək Əşrəf onları nə cür yaradıb. Krupskayaya baxanda sən orda uşaqların dostu, humanist bir qadın görmürsən.

Krupskayanın barmaqları ki var, görün, necə dayanıb.

O obraz kommunizm kabusunun yetişdirdiyi “Dəmir ledi”dir. Həyatını kommunizm ideyasına qurban vermiş “ledi”. Geyiminə də fikir verin, orada qadın obrazından xaricdir. Bu, fanatizmə xas idi, müəyyən inqilabçıların xarici görkəmi də zamanla dəyişir. Artıq onlara qadın kimi münasibət bəsləmək mümkünsüz olur. Əşrəf Krupskayanın obrazında anormal qadın obrazını yaradıb. Krupskaya bir bütdür, o digər kişi inqilabçılardan fərqlənməyən bütdür. Bu məqam özlüyündə həmin insanın daxili obrazını açıb göstərir. Yaratdığı obrazlar bizim öyrəşdiyimiz obrazlardan çox fərqli idi.

“Tehran konfransı” olduqca maraqlı əsərdir. Bilirik ki, Tehran konfransı hansı şəraitdə baş tutub. Əsərdə Stalinin obrazı kətanın bütün səthini doldurub. Əşrəf burada bədheybətin obrazını yaradıb.

Yaxud da Lenin obrazı, klişelərə aid deyildi. O, Leninə başqa cür baxırdı və Lenini öz qavradığı kimi verirdi. Bax bu, olmazdı. Sən Sovet dövlətinin bütlərini fərqli verə bilməzdin.

– Əşrəfin şəxsi həyatı və gətirməyən taleyi…

– Hə, taleyi ağır olub. Onun haqqında oxuduqlarımdan, söhbətlərdən mənə bəlli olur ki, şəxsi həyatda o reallaşmadı. Bir ər kimi, bir ata kimi reallaşması olmadı onun. Olmadı… Mən deyə bilmərəm ki, niyə olmadı.

Bu hal istər-istəməz psixi müalicə keçəndən sonra onun həyatında özünü göstərməyə başladı. Onun döyülməyi əsassız yerə olmuşdu. Mənim bildiklərimə görə tam təsadüf nəticəsində milislər şöbəyə aparıb və orada döyüb. Bilirsiniz, Sovet vaxtı belə şeylər çox olurdu. Sən əgər ümumi Sovet obrazından kənarsansa, bir balaca saç düzümün fərqlidirsə, demək qərbyönümlüsən, düşmənsən.

– Bəs Mircavadı niyə aparıb döymürdülər?

– Mircavadı başqa cür döyürdülər. Onu mənəvi cəhətdən döyüblər. Bir də ki, qismətdən çox şey asılıdır. Əgər Mircavad Stalin dövründə yaradıcılığa başlasaydı, Sibirdə çürüyərdi. Bəxti gətirdi ki, Mircavad Bakıda Abşeron məktəbinin əsasını qoyanda Xruşşov hakimiyyəti idi. Stalinin dövründə yaratmağa başlasaydılar, həm Mircavad, həm Əşrəf Murad Sibirə sürgün olunub Cavid kimi məhv olmalı idilər.

– Bir sözlə, taleləri gətirdi…

– Tək onların yox, Azərbaycan incəsənətinin taleyi gətirdi ki, bizim belə rəssamlarımız oldu. O rəssamlar ki, Sovet ideologiyasına zidd əsərlər yaratmağı özlərinə rəva bilir, riskə gedirdilər: qazanc itirmək, ev almaq riski, övladlarını normal böyütmək riski. Sovet dövründə sən dövlətin dediklərinə bir balaca əks gedirdinsə, o, səni normal insan kimi yaşamaqdan məhrum edirdi.

– Əşrəfin ikinci dönəm yaradıcılığını döyülməsi ilə bağlayırlar. Siz bu barədə nə düşünürsünüz?

– Dəli o cür gözəl əsərlər yarada bilməzdi. Bu yanaşma çox ədalətsiz olardı. Gəlin belə deyək, fiziki sarsıntıya məruz qalan insanın eyni zamanda mənəvi sarsıntılara məruz qalması onun həyata baxışında müəyyən dəyişiklərə gətirib çıxarır. Məncə, bu dəyişikliyi təkcə fiziki sarsıntıya məruz qalması ilə bağlamaq düzgün deyil. Biz belə deyə bilərik ki, onun yaradıcılığında müəyyən bir özünəməxsusluq başlamışdı.

– Əşrəfin ikinci dönəm yaradıcılığı dövrünün rəssamları tərəfindən bəyənilmirdi.

– Dediyiniz əsərlərin yaranması onun fiziki sarsıntıya məruz qalması ilə üst-üstə düşdü. İnsanlarda səhv olaraq belə bir fikir yarandı ki, bu dəyişiklik sarsıntıya məruz qaldığı üçün olub. Mən inanmıram ki, yaradıcılıq xarici təsir nəticəsində dəyişsin. Yaradıcılıq daxildən gələn və ruhla, intellektlə bağlı olan bir şeydir.

– Ağır günlərində ailə üzvləri ona dəstək olurdumu?

– Ailə üzvləri köməklik göstərmirdi demək ədalətsizlik olardı. Amma onun ailə vəziyyəti haqqında olan məlumatlar da qıtdır. Bu heç əsas da deyil. Niyə normal insan dönüb xəstə olmalıdır, niyə görə belə oldu? Niyə axı ona kənarda baxan insanlar divanə olduğunu deməlidir? Biz bunu sorğulamalıyıq.

– Divanə demişkən, Sevil…

– Hər bir kişi ömrü boyu bir qadın üçün dəli-divanə olur. Bunu niyə belə şişirdirsiniz? Əgər o aşiq olursa, sağlam adamdır. Yalnız dəli sevginin nə olduğunu bilməz, qorxu hissindən xəbərsiz olar. Bu mümkün deyil. Onun kimisə sevməsi, məktub yazması normal psixoloji durumundan xəbər verir. Sevirdi, alınmadı, ailə qurmadı, bu başqa söhbətin mövzusudur. Amma bunu dramatikləşdirmək lazım deyil. Sevirdi, sevirdi də, bundan gözəl nə ola bilər ki? Sənət adamlarında belə anormallığın olması normal haldır.

Biz Əşrəfin yaradıcılığından danışmalıyıq. Bəli, onun faciəvi, dramatik həyatı onun yaradıcılığında əks olundu. Bu, onun rəng həllində, kompozisiyasında özünü göstərir. Onda qorxu hissi yox idi. O artıq qorxmurdu deyə Leninin, Krupskayanın ilk baxışdan eybəcər obrazlarını yaradacaq cəsarətə sahib idi və buna görə hətta yenidən fiziki sarsıntılara məruz qoyula bilər, dəli deyə dəlixanaya salına bilərdi.

Sizə bir şey deyim, yaradıcı adamla sıravi adam arasında həmişə bir fərq olur. Yaradıcı adam həmişə fərqlənmək istəyir, o özü haqqında yenilikçilik obrazı yaratmaq istəyir. Bu, normal haldır. Tutaq ki, o ilk alman maşınını sürüb, o çox gözəl geyinməyi sevirdi.

– Həm də çox yaraşıqlı idi.

– Çox yaraşıqlı olub. Nodar Şaşıqoğluna çox oxşayırdı. Sən ona baxanda sıxışdırılmış Sovet adamı görə bilməzdin. Bax hökuməti bu qıcıqlandırırdı. Sən kimsən ki, özünü digərlərindən fərqləndirirsən. Deməli sən Qərb ideologiyasına qulluq edirsən. Necə ola bilər axı, hamı eyniseriyalı məhsul kimi olsun?

– Əşrəfin düşmənləri vardımı?

– Mən o haqda heç nə deyə bilmərəm. Amma belə bir məntiq var ki, istedadlı insanı sevməyənlər də olacaq, vəzifə xətrinə ona yol verməyəcəklər, qısqanacaqlar. Ola bilməz ki, sən ulduz kimi parlayasan, digərlərindən fərqlənmək cürətin olsun və digərləri bunu normal qarşılasın. Mən Əşrəfin həyatında ona qarşı olan bu cür münasibətləri normal sayıram.

– Onun sənət dövrü sanki burulğan idi. O burulğandan kimlərsə çıxdı, kimlərsə də Əşrəf kimi çıxa bilmədi, ya da çıxmağa qoymadılar.

– Hamı eyni cür ola bilməz axı, hərənin öz taleyi var. Ən əsası bir şeyi götürmək lazımdır, insan sənətinə münasibətdə nə qədər səmimidir? Meyar ancaq bu olmalıdır. Əsas meyar rəssamın öz sənətinə xəyanət edib-etməməyidir. Əşrəf taleyindəki bütün təlatümlərə baxmayaraq, öz sənətinə sadiq qalıb. Əgər biz onun ilk dövr yaradıcılığına baxsaq, görərik ki, sovet ideologiyasında əsər yaradan digər rəssamlardan fərqlənmirdi. Onun sənətində dəyişiklik sonradan baş verdi.

– Sizcə, bu gün Əşrəf layiq olduğu yerdədir?

– Azərbaycan daxilində düşünürəm ki, onun tanınması normaldır, rəssamlar tanıyır. O, Azərbaycan incəsənətində öz qiymətini alıb. Böyük sənət hamı tərəfindən anlaşıla bilməz. Belə olarsa, o zaman o böyüklüyünü, elitarlığını və sirrini itirər. Böyük sənəti başa düşmək üçün hazırlıqlı olmaq lazımdır. Hazırlıq isə təmasdan yaranır. Küçədən keçən bir adam sərgi salonuna girib orda gördüyü hər əsəri asanlıqla qavraya bilməz. Əşrəfin də sənəti çox elitardır.

– Əşrəfin qalereyadan oğurlanan əsərləri haqqında nə deyə bilərsiniz?

– Banal, pul qazanmaq xətrinə baş vermiş xoşagəlməz bir hadisədir. Mən bu haqda danışmaq istəmirəm.

– Bəs emalatxanasından itən əsərləri haqqında?

– Onun əsərlərinin emalatxanasından çıxarılaraq qeyri-müəyyən istiqamətdə aparıldığı deyilir. Onun haqqında bilgisi olan insanlardan da soruşmuşam, bəziləri deyir ki, tullanıldı, bir qismi deyir ki, yandırıldı… Bilmirəm. Ancaq dəqiq o haqda məlumat var ki, əsərləri yük maşınına yüklənərək qeyri-müəyyən istiqamətdə aparılıb. Ümumiyyətlə, onun bu günümüzə gəlib çatan yaradıcı irsi azdır. Bəlkə də çox əsər çəkib, amma onlar haradasa tələf olub, itib və s. İstənilən halda bu gün əlimizdə olanlar o böyüklükdə rəssam üçün çox deyil.

– Əşrəf deyəndə ağlıma ilk olaraq qara rəng gəlir. Sanki o, qara rəngdən bir başqa cür istifadə edirdi. Taleyinin rəsmlərindəki himni kimi.

– Qara onun ikinci dövr yaradıcılığıdır, ilk dövrü şux rənglər, kolorit baxımından normal qəbul edilən tablolar idi. Qara rəng özünün bütün dramatizmi, faciəsi ilə onun ikinci dövr yaradıcılığına təsadüf edir. Rəssamın yaşayış tərzi yaradıcılığında mütləq əks olunur. Məsələn, Səttarın əsərlərinə baxanda orda tənhalığın qoxusu duyulur. Tənha insanın fikirləri, ağrısı, kədəri, sevinci… İnsan nə cür yaşayırsa, bu, onun yaradıcılığında özünü göstərir.

Azərbaycan təsviri sənətində iki rəssamın yaratdığı, işlətdiyi qara rəng digər rəssamlarda yoxdur. Qara ilə işləyən ən güclü rəssamımız Əşrəf Murad, sonra isə Kamal Əhməddir. Bu iki rəssam qara ilə elə işləyiblər, elə dünya yaradıblar ki… Qara rəng Əşrəf Muradın vizit kartı sayıla bilər. Qara onun yaradıcılığını xarakterizə edir. Onun qara rəngində o qədər dərinlik, o qədər mətləblər var ki, sən orda batırsan.

– Bir sənətşünas kimi Əşrəfi necə xarakterizə edərdiniz?

– O güclü modernist idi. O, Azərbaycanda modern cərəyanın əsasında dayanan ilk rəssamlardandır.

Əşrəf Azərbaycan təsviri-incəsənətinin ən faciəvi rəssamıdır. Taleyini bir tərəfə qoyub deyirəm bunu. Yaradıcılıq şəxsi məsələləri öz arxasınca aparır, yaxud da əksinə. Hər addımda dramatizm onu izləyir, hətta natürmortlarında belə. Onun çəkdiyi natürmortlara baxanda gərginlik keçirirsən. Hətta onun narları, gülləri belə dramatikdir…

***

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Əməkdar rəssam Həmzə Abdulla və Əşrəf Muradı sağlığında tanıyan bir neçə digər insanla danışandan sonra onun bir portreti yaranmışdı gözümün önündə. Ancaq Xalq rəssamı Ağəli İbrahimov bu tablonu tamamlayan əsas şəxs oldu.

Ağəli müəllim mənə uzun-uzadı Əşrəflə bağlı xatirələrindən danışdı. Şkafında saxladığı şəkilləri göstərdi və o günləri xatırlayanda necə ağrıdığını duya bildim: “Əşrəf Muradı o vaxt sənətkar saymırdılar, ancaq biz gənclər dünya mədəniyyəti ilə maraqlandığımız üçün Əşrəfin istedadının fərqində idik.

O, Fransanı çox sevirdi, həmişə Fransada olmaq istəyirdi. Onunla ünsiyyət zamanı sözarası deyirdi ki, əsl rəssamlar Fransada yaşayır.

Bir rəssam kimi avanqard rəssam idi. Ona görə, onun əsərlərinə münasibətimiz başqa cür idi. Tez-tez onunla görüşürdük, oturub çörək yeyirdik. Yaman içən idi (fikrə gedir və gülümsəyir). Bu gün xaricdən bizə sənətşünaslar gələndə biz onun işlərini göstəririk. Həmişə onun əsərlərini bəyənirlər.

Onun öz dəst-xətti, mövzuları vardı. Buna görə də Əşrəf Murada münasibət çox pis idi. Sənətdə min dənə “izm”lər var. Məsələn, o vaxt Sovet məkanında sol və sağ rəssamlar vardı. Bizi sol sayırdılar. Bizə emalatxana vermirdilər, müqavilə bağlamırdılar, incidirdilər.

Təsəvvür edin, Səttar kimi adamı incidirdilər, ancaq biz hələ sağlığında bilirdik ki, Səttar dahidir.

Bu gün Əşrəf ən bahalı rəssamlardandır, Londonda bir əsəri minlərlə dollara satılıb. Halbuki sağlığında yoxsulluq içində yaşayırdı. Sovet vaxtı biz ancaq “zakaz”larla dolanırdıq, yəni çox çətin. Ona maddi baxımdan qardaşı kömək edirdi. Nə deyim, hər insanın öz taleyi var”.

“Əşrəf Muradda nəsə bir fərqlilik hiss edirdinizmi?” sualına Ağəli müəllim belə cavab verdi:

“Onunla söhbət zamanı anormallıq hiss edə bilməzdin. Ancaq, yadımdadır, saç saxlayırdı, həmişə ayaqqabısının arxasını kəsirdi…”

Ağəli müəllim onun ayaqqabı dabanlarını kəsdiyini deyəndə mənə elə gəldi ki, bu vərdiş vaxtilə başına dəyən milis çəkmələrindən qalan travmanın izidir. Kim bilir…

Növbəti döyəcəyim qapı Əşrəfin evi oldu.

Onun addımladığı küçələri gəzib bəlkə gündə neçə kərə keçdiyi yolu keçmək… Bilmirəm. Haradan yaranıb məndə bu sevgi, bu maraq?

Görəsən, neçə əsərinin cizgisini bu yolda gedərkən düşünüb, görəsən, neçə kərə bu yolu sərxoş gəzib? Bunları düşünə-düşünə evə çatıram.

Qapını qardaşı oğlu açır. Üz-gözündən xəstəlik yağan bu adamın qonaq qəbul etmək iqtidarında olmadığını dərhal anlayıram. Ona görə də gəlişimin məramını bildirəndən sonra yubanmadan içəri keçib Əşrəfin öz əli ilə çəkib divardan asdığı avtoportretinə baxıram. Bir də evin içinə. Ev dağılmaq üzrədir. Ağlımdan bir fikir keçir: görəsən, Əşrəfin əsərlərinə qucaq-qucaq pul verənlər bilirlərmi ki, onun bir zamanlar yaşadığı evdə öz əli ilə çəkib divardan asdığı rəsm var?

Qardaşı oğlu deyir ki, bir dəfə uşağı xəstələnibmiş, təcili pul lazım olub: “Əsəri təklif etdiyim ilk adam dərhal çıxarıb dediyim məbləği verdi”.

Bir dəfə isə Əşrəfin dostu da mənə danışmışdı ki, çətinə düşəndə Əşrəfin ona bağışladığı əsərini satıb borcunu ödəyibmiş. O vaxt rəssamın dostuna acığım tutmuşdu. İndi də eyni acıq…

Hər nəysə. İstədim soruşam ki, bəs nə əcəb divardakı əsəri satmamısınız?

Soruşmadım. Çünki gözüm o anda gözü-qaşı Əşrəfə bənzəyən bir başqa Əşrəfə sataşdı, daha doğrusu şəklinə.

Rəssamın qardaşı oğlu öz övladına əmisinin adını qoyubmuş. Lakin o da ad yiyəsinin taleyini yaşayıb, nakam köçüb dünyadan, bir il əvvəl…

Bir Əşrəf Muradın qardaşı oğlunun gözlərindəki kədərə baxdım, bir də uçub dağılan, tör-töküntü evə. Heç nə demədim, deyə bilmədim…

Və rəssamın qardaşı oğlu ilə sağollaşıb yollandım qəbiristanlığa. Yalnız yolda yadıma düşdü ki, həyəcandan mən bu adamın heç adını da soruşmadım.

“Bilirsiniz, mən burdan qabaq Pirşağıya getmişdim, mənə demişdilər Əşrəf Muradın qəbri ordadır. Pirşağının məzarlıqlarını qəbir-qəbir gəzdim, tapa bilmədim. Sən demə Əşrəf Murad burda imiş”, – bunları Yasamal qəbiristanlığında qabağıma çıxan mollaya deyirəm.

Lakin molla hiss etdirir ki, söhbətim ona maraqlı deyil. Odur ki, susur və yanına düşüb gedirəm.

Nəhayət Əşrəfin qəbrini tapırıq. Bu odur, bayaq gördüyüm şəkildən tanıyıram: 21 yaşlı Əşrəf…

Yanında da Əşrəf Murad… İki Əşrəfin arasında təəccüb içində dayanmışam.

Niyə rəssamın qəbrini o dəqiqə tanımıram? Çünki Əşrəf Muradın qəbirüstü abidəsinin üzərindəki barelyefi söküblər.

Təəccüblənirəm, hirslənirəm və soyuqdan üşüyürəm.

Birdən mənə çatır ki, molla da mənim kimi üşüyür və məndən pul gözləyir. Əlimi cibimə atanda yadıma düşür ki, bütün pulumu səhərdən taksilərə vermişəm, sonuncu manatımı mollaya uzadıram. O isə mənə hardansa iki qərənfil gətirir. Molla işini bitmiş hesab edib gedir və mən bir xeyli qəbirlərin arasında otururam.

Burda iki Əşrəf uyuyur. Solumdakı Əşrəf cəmi 21 il yaşayıb. Bilmirəm onun “Mercedes”i olub, ya yox, bilmirəm onun istedadı olub, ya yox, bilmirəm onun Sevili, olub ya yox. Bircə onu bilirəm ki, çoxlu arzuları olub: həyata keçməyən, 20 ili ötməyən arzuları.

Sağımdakı Əşrəfin isə öləndə 53 yaşı olub. Görəsən, o neçə arzusunu reallaşdıra bilib? Görəsən, tək-tənha emalatxanasında son günlərini necə keçirib, nə istəyib, nə arzulayıb?

Deyirlər, Əşrəf zəngin olduğu vaxtlarda fırçasını uf demədən bahalı kostyumlarının qoluna silərmiş. Görəsən, səfalət içində keçirdiyi son günlərində bu vərdişi üçün darıxmırmış ki?

Görəsən, bilirmi ki, qəbir daşındakı rəsmini də ona çox görüb söküb aparıblar?

Bəlkə də heç təəccüblənməli deyiləm. Nə yaşadığı ömrə, nə də sökülən qəbir daşına. Axı bu onun taleyi idi. Axı o Azərbaycan rəssamlığının ən faciəvi rəssamı idi…

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button