İqtisadiyyat

Orxan Məmmədov: “Hər bir əməkdaşımıza 1 000 dollaradək fərdi inkişaf büdcəsi ayrılıb”

Son 8 ay ərzində Veysəloğlu Şirkətlər Qrupunun 40-a yaxın əməkdaşı beynəlxalq sertifikat əldə edib. 1 500-dən çox əməkdaş isə ümumilikdə 200 saata yaxın fərdi inkişaf təliminə cəlb edilib.
Dünya az qala işıq sürəti ilə dəyişir və inkişaf edir. Bu dəyişikliyə uyğunlaşmaq üçün bilik və bacarıqların daim cilalanmasına, yenilənməsinə ehtiyac var. Odur ki, inkişafına sərmayə yatırılan insanlar müasir trendlər və ən yaxşı təcrübələr haqqında daha məlumatlı olurlar. Əməkdaşlarının inkişafına şərait yaradan şirkətlər isə həm işçi bağlılığını artıra, həm də ən yaxşı istedadları şirkətə cəlb edə bilirlər. Veysəloğlu Şirkətlər Qrupunun Təlim və İnkişaf şöbəsinin müdiri Orxan Məmmədovun əməkdaşların fərdi inkişaf imkanları barədə APA-ya verdiyi müsahibəsini təqdim edirik.
– Orxan bəy, Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə ölkənin ən iri iş yerlərindən biridir. Maraqlıdır, belə böyük şirkətdə əməkdaşların şəxsi və peşəkar inkişafları üçün hansı proqramlar mövcuddur?
– Daim böyüyən bir şirkət üçün əməkdaşların müasir trendlərlə ayaqlaşması, hətta bəzən bu trendləri yarada bilməsi şərtdir. Biz də bunun fərqindəyik və əməkdaşların inkişafı məsələsinə xüsusi diqqət ayırırıq. Öncəliklə onu qeyd edim ki, komandamıza yeni qoşulan hər bir əməkdaş iş mühitinə tez uyğunlaşmasına və prosesləri mənimsəməsinə dəstək üçün xüsusi olaraq oriyentasiya proqramında iştirak edir. Bundan əlavə, mövcud heyətin bilik və bacarıqlarının artırılması üçün bir sıra təlimlər təşkil olunur. Veysəloğlu Təlim və İnkişaf Mərkəzində demək olar ki, hər gün satış, müştəri məmnuniyyəti, keyfiyyət, əməyin təhlükəsizliyi və digər mövzularda təlim sessiyaları təşkil edilir.
– Qeyd etdiyiniz təlim proqramları şirkətdə çalışan bütün əməkdaşlar üçün nəzərdə tutulubmu?
– Əvvəla onu deyim ki, istisnasız hər bir əməkdaşın təlim büdcəsindən yararlanması üçün daim təbliğat işləri aparır, öyrənməyə meylli əməkdaşlarımızı dəyərləndiririk. Öyrənmək və İnkişaf siyasətimizə əsasən təlimləri iki qrupa ayırmışıq. Mütləq təlimlər və fərdi inkişaf təlimləri. Mütləq təlimlər müəyyən vəzifə sahiblərinin ölkə qanunvericiliyinin, daxili qaydaların, proses və standartların tələbinə əsasən iştirak etməli olduqları təlimlərdir. Nümunə üçün, qeyd edim ki, son 3 ayda 30-dan çox struktur rəhbərinə “əməyin mühafizəsi üzrə əmək qanunvericiliyinin tələbləri”, “elektrik təhlükəsizliyi”, “ilk tibbi yardım”, “fövqəladə hallara hazırlıq və davranış” kimi mövzularda toplamda 20 saatdan çox SƏTƏM istiqamətli mütləq təlimlər təşkil edilmişdir. Məqsəd əməkdaşlarımıza rəhbərlik etdikləri strukturlar üzrə işi təşkil edərkən bütün təhlükəsizlik qaydalarını nəzərə almalarını, işçilərin sağlamlığını və əməyin mühafizəsini diqqətdə saxlamalarını təmin edəcək bilik və bacarıqları ötürməkdir.Fərdi inkişaf təlimləri isə əməkdaşların mövcud və gələcək karyera hədəflərinə çatmalarına təkan verən səriştələrinin artırılması məqsədi ilə təqdim edilir. Bu təlim kateqoriyası şirkətimizdə çalışan hər kəs üçün əlçatandır və vəzifə dərəcəsindən asılı olmayaraq bütün əməkdaşlarımız bu imkandan yararlana bilərlər. Hər bir əməkdaşımıza illik 1000 ABŞ dollarına qədər fərdi inkişaf təlimlərindən yararlanma imkanı yaradılır. Qeyd edim ki, yalnız bu il daxil olan müraciətlər əsasında 1 500-dən çox əməkdaş ümumilikdə 200 saata yaxın fərdi inkişaf təliminə cəlb edilib.
– Şirkət əməkdaşlarına beynəlxalq sertifikatlar almaqda hansı dəstəyi göstərir?
– Beynəlxalq təcrübəni öyrənmək məqsədilə əməkdaşlarımıza çalışdıqları sahələr üzrə tanınmış beynəlxalq institutların təqdim etdiyi sertifikasiya proqramlarını öyrənmələrinə dəstək göstəririk. Qeyd edim ki, yalnız bu il ərzində 40-ya yaxın əməkdaş beynəlxalq sertifikat əldə edib. Bu günə kimi əməkdaşlarımız informasiya texnologiyaları (ITIL, CCNA, Cisco, Microsoft Azure və s.), maliyyə (ACCA), insan resursları (SHRM) və digər sahələr üzrə tanınmış beynəlxalq sertifikat imtahanlarından uğurla keçiblər.
– Bu biliklər əməkdaşlara yerli və qlobal bazarda fəaliyyət üçün hansı imkanları təqdim edir?
– Öyrənmək dedikdə yalnız formal təlimləri nəzərdə tutmuruq. Əslində təlimdə öyrənilən bilik və bacarıqların aktiv qalmasının effektiv metodlardan biri əməkdaşların rəhbərləri və mentorları ilə birgə çalışmaq, öyrəniləni tətbiq etməkdir. Bu gün Veysəloğlu Şirkətlər Qrupunda həm yerli, həm də beynəlxalq təcrübəyə malik peşəkarlar çalışmaqdadır. Bu isə bütün əməkdaşların dolayısı ilə fərdi olaraq inkişafına təkan verir, həm də şirkət daxilində karyera imkanlarını genişləndirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button