İqtisadiyyat

“Növbəti illərdə qaz istehsalı və ixracında artım olacaq” – Elnur Soltanov

“Azərbaycanın qaz həcmlərinin əldə edilməsi və xaricə ixracı illər əvvəl verilmiş investisiya qərarları əsasında həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov deyib.

E.Soltanovun sözlərinə görə, növbəti illərdə də təbii qaz istehsalında və ixracında artım olacaq:

“Bizim qaz istehsalımız artır. Eyni zamanda müəyyən tərəfdaşlarla olan münasibətlər çərçivəsində Azərbaycanın yeni imkanları ortaya çıxır. Artımla bağlı qərarlar tərəfdaşların, yəni mənbə ölkə və alıcıların ortaq öhdəliyi və bunun müqavilələrdə ifadə edilməsi, həmçinin bunun nəticəsində verilən qərarlarla müəyyən edilir”.

Nazir müavini xatırladıb ki, Azərbaycanda əsas istehsalat ABƏŞ konsorsiumu vasitəsilə həyata keçirilir: “Maliyyə qərarını konsorsium verir. Əlbəttə ki, bunların fövqündə Azərbaycan dövlətinin suveren maraqları, istəyi durur. Eyni zamanda da bu iqtisadi bir qərardır və onun üçün də Azərbaycan şirkətləri də mütləq yer alır”.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

“Report”un daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazova istinadən verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcək.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button