Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
İstiqlal.az xəbər verir ki, səfir Erkan Özoral tədbirdə çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub: “Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edilir. Yaxın ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd ediləcək. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik”. Məktubda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pinarı” əməliyyatına da toxulub və qeyd edilib ki, bu, mübarizənin bir hissəsidir, İstiqlal savaşı fərqli formada aparılır: “Ölkəmiz terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir”.
Azərbaycan hökuməti adından Türkiyə xalqını təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov çıxışında deyib ki, ölkələrimiz arasındakı münasibətlər bir millət, iki dövlət prinsipləri üzərində qurulub: “Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Ölkələrimiz arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Dövlətlərimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlığın möhkəm hüquqi təməli var. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur”. Spiker deyib ki, bu günə kimi ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir. Spiker onu da vurğulayıb ki, hər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Türkiyə və Azərbaycan beynəlxalq arenada sıx əməkdaşlıq edir və hər zaman mövqelərimiz üst-üstə düşür: “ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir”. İqtisadi əlaqələrə gəlincə, O.Əsədovun sözlərinə görə, 2018-ci ildə ölkələrimiz arasında ticari dövriyyə 3,4 milyard dollardan çox olub. 2019-cu ilin 9 ayında bu rəqəm 3 milyard 300 milyon dolları keçib.