İqtisadiyyat

Neftin qiyməti 90 dolları keçə bilər

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri noyabr-dekabr aylarında gündəlik neft hasilatını planlaşdırılan 400 min bareldən çox artırmasa, dünya bazarlarında bir barel neftin qiymətinin 90 ABŞ dollarından çox olacağı ehtimal edilir.
“APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu barədə FGE konsaltinq şirkətinin icmalında deyilir.
Şirkətin proqnozuna görə, “İda” qasırğasından sonra ABŞ-da hasilatın azalması və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin kəskin artmasının ardınca yüksələn tələbat səbəbindən qlobal neft tədarükü ilə olan vəziyyət önümüzdəki rübdə “son dərəcə gərgin” olacaq.
“”OPEC+” gündəlik hasilatı planlaşdırıldığı kimi yalnız 400 min barel artırarsa, neftin qiymətinin ən azı qısa müddət ərzində 90 dollardan yuxarı qalxması ehtimalı var”, – icmalda qeyd olunub.
FGE-in mütəxəssislərinin fikrincə, “OPEC+” gündəlik neft hasilatını 400 min barel deyil, 800 min barel artırmalıdır.
Xatırladaq ki, “OPEC+” pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button