İqtisadiyyat

Neft Fondunun 2022-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Gələn il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 10 589,7 mln. manat həcmində proqnozlaşdırılır.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

“2022-ci il üçün Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti (satış qiyməti) 50 ABŞ dolları nəzərdə tutulub. Bu göstəriciyə uyğun olaraq, Fondun 2022-ci il üzrə büdcə gəlir və xərclərinin ümumi həcminin müvafiq olaraq 10 589,7 mln. manat və 12 784,5 mln. manat olması proqnozlaşdırılır”, – Fonddan bildirilib.

Hesablamalara əsasən, nəticədə, 2022-ci ildə ARDNF-nin büdcə kəsiri 2 194,8 mln. manat təşkil edəcəyi gözlənilir.

ARDNF-dən verilən məlumata görə, ilkin büdcə hesablamalarında xam neftin bir barelinin ixrac qiymətinin 45 dollar götürülməsinə baxmayaraq, daha sonra dövlət və icmal büdcəsində dəqiqləşdirilmələr aparılaraq qiymət 50 dollar səviyyəsində nəzərdə tutulub. Buna uyğun olaraq, ARDNF-nin büdcə göstəriciləri yenidən hesablanıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında Qanuna əsasən, gələn il ARDNF-nin dövlət büdcəsinə transferti 12,71 mlrd. manat təşkil edəcək, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

Qeyd edək ki, ARDNF 1999-cu ildə təsis edilib. ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button