İqtisadiyyat

Nazir müavini: “Son 15 ildə nəqliyyat sektoruna 30 mlrd. manatdan çox investisiya yönəldilib”

Prezident İlham Əliyevin 11 oktyabr tarixli Fərmanı ilə nəqliyyat sahəsində 2 yeni agentlik – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Dövlət Dəniz və Liman Agentliyi yaradıldı. Yeni qurumların fəaliyyəti, həmçinin yaxın gələcəkdə ölkədə nəqliyyat sahəsində görüləcək işlərlə bağlı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun “APA-Economics”ə müsahibəsi.
– Nəqliyyat sahəsində yeni agentliklərin yaradılmasının məqsədləri haqqında məlumat verməyinizi xahiş edirik.
– Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin digər sektorlarında olduğu kimi, nəqliyyat sektorunda da köklü islahatlar aparılır və nəqliyyat ölkənin prioritet sektorlarından biri kimi müəyyən edilmişdir. Son 15 ildə nəqliyyat sektoruna 30 mlrd. manatdan çox investisiya yönəldilib. Sektora yönəldilən investisiyaların illik dinamikası da müsbət olub. Belə ki, 2005-ci ildə 515 mln. manat təşkil edən investisiyalar 2020-ci ildə 2 mlrd. manatdan çox təşkil edib. Ölkədə bir sıra regional və beynəlxalq səviyyəli layihələr icra edilib. Bunlardan, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub koridoru, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək olar.
Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr Fərmanı ilə ölkədə “Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” də təsdiq edilib. Strateji yol xəritəsində rəqabətli, şaxələndirilmiş, inklüziv və dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi prioritet kimi müəyyən edilib.
Qeyd edilənlərdən çıxış edərək AYNA-nın yaradılmasının əsas məqsədlərini belə ümumiləşdirmək olar:
– avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və rəqabətədavamlı sektorun yaradılması;
– İKT-nin tətbiqi ilə avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sisteminin yaradılması və digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması;
– publik hüquqi şəxsin özünümaliyyələşdirmə mexanizmi əsasında fəaliyyət göstərməsi nəticəsində dövlət büdcəsinin yükünün azaldılması, bununla bərabər, işçilərin sosial müdafiəsinin və rifahının artırılması.
– publik hüquqi şəxs qismində sahədə dövlət-özəl sektor tərəfdaşlığının daha da yüksək səviyyəyə qaldırılması və sahə üzrə dövlət siyasətinin həyata keçirilməsində özəl sektorun iştirakının artırılmasına nail olunması.
– avtomobil nəqliyyatı parkının orta yaşının davamlı olaraq azaldılması və ekoloji təmiz nəqliyyat vasitələrinə keçidin sürətləndirilməsi, sahənin maddi-texniki təminatının yaxşılaşdırılması;
– əhalinin avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları xidmətlərinə tələbatının təmin edilməsi, təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ölkə üzrə vahid səviyyəyə çatdırılması;
– avtomobil nəqliyyatı sektorunun xidmətlərinin ixracının artırılması və beynəlxalq bazarlarda, o cümlədən tranzit daşımaları bazarında payının yüksəldilməsi və bunun hesabına sahə üzrə yeni iş yerlərinin yaradılması.
Vahid nəqliyyat sisteminin tərkib hissəsi olan və iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən hesab edilən dəniz nəqliyyatı sahəsində də sistemli və məqsədyönlü tədbirlərin davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Ölkəmizdə həyata keçirilən məqsədyönlü islahatların davamı olaraq dəniz nəqliyyatı sahəsindəki potensialdan optimal və səmərəli şəkildə istifadə edilməsi, daim yenilənən beynəlxalq tələblərin və təcrübənin sistemli şəkildə tətbiqi, eləcə də beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin effektiv yerinə yetirilməsi istiqamətində Dövlət Dəniz və Liman Agentliyinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Respublikamızda həyata keçirilən müasir və səmərəli idarəetmə mexanizminin daha da təkmilləşməsinə töhfə verilməsi baxımından dəniz nəqliyyatının idarə edilməsi istiqamətində vahid qurumun yaradılması qabaqcıl, rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılmasına və bu sahənin imkanlarının artırılmasına şərait yaradacaq.
– AYNA publik hüquqi şəxsin sələfi sayılan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan müəssisələrdən əlavə, Sumqayıt və Gəncədə müvafiq İH-nə tabe olan sərnişindaşıma müəssisələrinin bir Agentlik altında birləşdirilməsi vahid idarəetmə sisteminin yaradılmasından danışmağa əsas verir. Bu platforma hansı yeni yanaşma və mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq?
– Fərmandan irəli gələn dəyişikliklər nəticəsində müxtəlif vaxtlarda yaradılan müəssisə, MMC və idarələrin birləşdirilməsi ilə sahədə vahid idarəetmə sisteminin qurulması, eləcə də idarəetmənin səmərəliliyinin və çevikliyinin artırılması mümkün olacaq. Bu öz növbəsində avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsində yaranan müəyyən pərakəndəliyin aradan qaldırılması, dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ölkə üzrə vahid səviyyəyə çatdırılması üçün münbit şərait yaradacaq. Bundan əlavə, yeni publik hüquqi şəxsin yaradılması ilə sahədə korporativ idarəetmə standartlarının tətbiqi üçün də əlverişli zəmin formalaşacaq.
– Ölkədə bütün sahələrdə İKT-nin imkanlarına əsaslanan “smart idarəetmə” sistemləri tətbiq edilir. Avtomobil nəqliyyatı ilə daşımalara dair vahid informasiya bazası – AYNA İS-nin yaradılması bu qəbildən olan addım kimi dəyərləndirilə bilər. Bu sistemin özü, eləcə də onun yaradacağı yeni imkanlar haqqında məlumat verməyinizi xahiş edirik. Sistemə daxil ediləcək məlumat bazasının toplanması üzərində işlər aparılıbmı?
– Doğru qeyd edirsiniz. AYNA İnformasiya Sisteminin tətbiqi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturu yaradılacaq. İKT-nin tətbiqi ilə avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sisteminin yaradılması digər dövlət qurumları ilə səmərəli qarşılıqlı əlaqələrin qurulması nəticəsində bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq. Bunun üçün yeni sistemin “Elektron hökumət” portalına tam inteqrasiya edilməsi təmin olunacaq.
Bu sistemin tətbiqi nəticəsində daşıyıcılarla məmurların təması minimuma endiriləcək. Xüsusilə vurğulayım ki, proseslərin tamamilə şəffaf qaydada, elektron sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.
Məlumat bazasının toplanması üzərində əsaslı işlər gedir. Ölkə üzrə sərnişindaşıma marşrutları, onların operatorları barədə məlumatlar bu sistemdə yerləşdiriləcək.
Sistemin tətbiqi çərçivəsində yükdaşıma sahəsində sənədlərin elektronlaşdırılması nəticəsində daşıyıcı ilə yanaşı, yükgöndərənin və yükalanın fəaliyyətinə də nəzarət artacaq, bu da öz növbəsində şəffaflığı təmin edəcək və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq.
Avtobuslarla sərnişin daşımalarında elektron bilet sistemi arealının ölkə ərazisində genişləndirilməsi nağd hesablaşmaların aradan qaldırılmasına şərait yaradacaq. Taksi ilə daşımalar sahəsində iştirakçıların və operatorların fəaliyyətinin tənzimlənməsi istiqamətində də tədbirlər görüləcək.
Beləliklə, ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə etdiyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı ilə daşımalar sektoruna kompleks tənzimlənməni təmin edəcək, vətəndaş üçün yüksək keyfiyyətli xidmət, sahibkar-daşıyıcı üçün əlverişli mühit və dövlət üçün büdcə daxilolmalarının artırılması ilə nəticələnəcək.

– Adından da göründüyü kimi, ölkənin bütün yerüstü nəqliyyatını birləşdirən, tənzimləyən vahid qurumun tərkibinə paytaxtın yerüstü nəqliyyatı nə üçün daxil edilməyib?
– Öncə onu qeyd edim ki, nəzəri baxımdan “yerüstü nəqliyyat” anlayışı avtomobil və dəmiryol nəqliyyatı ilə assosiasiya edilir. Ancaq AYNA-nın tənzimləmə dairəsində yalnız avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları nəzərdə tutulub.
Dünyanın qabaqcıl ölkələrində də paytaxtların, meqapolislərin ictimai nəqliyyatının və onun infrastrukturunun ayrıca qurum tərəfindən idarə edilməsi təcrübəsi mövcuddur. Bu zərurət belə şəhərlərin ölkənin sosial həyatında və iqtisadiyyatında oynadığı xüsusi rolu və buna görə bir sıra hallarda xüsusi yanaşmaların tələb olunmasından yaranır.
Fərmandan irəli gələn yeniliklər avtomobil nəqliyyatı sahəsində normativ-hüquqi bazanın, tənzimləmə mexanizmlərinin və sektora yönəlik İKT sahəsinin təkmilləşdirilməsini əhatə edir. Tətbiq olunacaq yeniliklərdən Bakı şəhərinin müvafiq sahəsi də bəhrələnəcək.
– AYNA-nın yaradılması ilə avtomobil nəqliyyatında yeni mərhələ islahatların nəticələri kimi nələri gözləmək olar? Bu islahatların nəticələrini istehlakçı – vətəndaş ən yaxın hansı zaman arealında hiss edəcək?
– Ölkə başçısı tərəfindən qarşımıza qoyulan məqsədlərə nail olmaq, əhaliyə daha keyfiyyətli xidmət göstərmək, insanların təhlükəsizliyini təmin etmək, bu sahədə sahibkarlığın inkişafına dəstək olmaq üçün islahatların aparılması zəruri idi. Fərmanda qeyd edilən tədbirlərin və islahatların miqyasının geniş olması səbəbi ilə bu işin sosial məsuliyyəti də danılmazdır.
İslahatlar təkcə istehlakçı qismində vətəndaşın – sərnişinin təqdim ediləcək yüksək xidmətdən yararlanması demək deyil. Bu həm də daşıyıcıların – sahibkarların, o cümlədən beynəlxalq daşımalarda iştirak edən milli daşıyıcılarımızın da yüksək keyfiyyətli xidmət mühitində və rəqabətədavamlı formada fəaliyyətlərini qurmağa gətirib çıxaracaq islahatlardır. İslahatlar nəticəsində təkcə maddi-texniki baza deyil, nəqliyyat sektoru üzrə mütəxəssislərin, milli kadrların, bir sözlə, insan kapitalının beynəlxalq təcrübə əsasında yetişdirilməsi üçün münbit mühit yaradılacaq.
Əsas prioritet Azərbaycanın avtomobil nəqliyyatı sektoru üzrə keyfiyyətli xidmətin və dünya standartlarına cavab verəcək vahid, rəqabətədavamlı sistemin formalaşdırılmasıdır. Fərmanın icrası ilə əlaqədar nəticələri qısa və orta müddətli dövrdə hər kəs hiss edəcək.
– Rəhman müəllim, bəs “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin yaradılması ölkədə dəniz nəqliyyatı sahəsində hansı müsbət dəyişikliklərə səbəb olacaq?
– “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə dəniz nəqliyyatı sahəsində tənzimləmənin və nəzarətin mərkəzləşdirilmiş qaydada effektiv həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi təmin ediləcək. Həmçinin dəniz limanlarında dövlət nəzarətinin həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mümkün olacaq.
Bununla yanaşı, qeyd etdiyiniz qurumlardan yalnız Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi müvafiq tariflər – dəniz üzgüçülüyünün təhlükəsizliyi xidməti – gəmi, bələdçi, kanal, lövbər, naviqasiya və mayak yığımları əsasında gəlir əldə edir. Bu səbəbdən digər iki qurumun – Dövlət Dəniz Agentliyinin, Nəqliyyat və Texniki-Təminat İdarəsinin işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi və texniki təminatının gücləndirilməsi, həmçinin dəniz nəqliyyatı sahəsində peşəkar mütəxəssislərin Agentliyin fəaliyyətinə cəlb edilməsi mümkün olmur. Qurumun yaradılması bu məsələlərin də müsbət həllinə öz töhfəsini verəcək.
Hazırda ölkəmizdə fəaliyyət göstərən, Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrində qeydiyyata alınan 5 dəniz limanında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Dövlət Dəniz Agentliyi tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görülür və dövlət nəzarəti təmin edilir.
Bunlardan əlavə, gəmilərin giriş-çıxış etdiyi 12 məntəqədə də qeyd edilən funksiyalar təmin edilməklə Agentliyin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlər tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərilir, həmçinin gəmilərin giriş-çıxışı rəsmiləşdirilir. Lakin həmin məntəqələrin statusu qanunvericilikdə müəyyən olunmayıb. Dəniz nəqliyyatı sahəsinə aid olan həmin obyektlərə dəniz əməliyyatları bazası statusu verilməklə qeydiyyata alınmasının, həmin obyektin anlayışı və ona dair tələblərin müəyyənləşdirilməsi məqsədilə hüquqi baza formalaşdırılacaq.
İstər limanlarda, istərsə də dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarəti funksiyaları Agentliyin struktur bölməsi, digər qismi isə Agentliyin tabeliyindəki qurum vasitəsilə həyata keçirilir. Bu, fəaliyyətin effektivliyinə maneə yaradır.
Dövlət Dəniz və Liman Agentliyinin yaradılması dəniz nəqliyyatı sahəsində islahatların aparılmasına, uyğunsuz məsələlərin həllinə və sahənin inkişafına imkan yaradacaq.
– Bəs Dövlət Dəniz və Liman Agentliyinin əsas səlahiyyətləri hansılardır?
– Ölkənin limanları da daxil olmaqla, ərazi sularında və ümumiyyətlə dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən Dövlət Dəniz və Liman Agentliyi nəinki dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, həmçinin dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, dənizçilərin hazırlanması sahəsində zəruri tədbirlər görmək səlahiyyətlərinə malik publik hüquqi şəxsdir.
Agentlik tərəfindən dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktlara və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunması, beynəlxalq müqavilələr ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə ölkənin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Qeyd edilənlərlə yanaşı, gəmilərin dövlət qeydiyyatının və gəmi reyestrlərinin aparılması, eləcə də dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı Beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq gəmilərə, habelə dənizçilərə müvafiq sənədlərin verilməsi təmin olunacaq.
Agentlik bələdçi xidmətinin fəaliyyətini təşkil edərək Azərbaycanın ərazi sularında, həmçinin liman akvatoriyasında bələdçi xidmətini göstərəcək və onun həyata keçirilməsinə nəzarət edəcək, habelə dəniz yollarında, kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində dərinliyin yoxlanılması və dib dərinləşdirmə işlərinin icrasını yerinə yetirəcək.
– Dövlət Dəniz və Liman Agentliyi dəniz limanlarında hansı funksiyaları həyata keçirəcək?
– Agentlik dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərinə əsasən dəniz limanlarında dövlət nəzarətinin həyata keçirilməsi və nizam-intizamın təmin edilməsi, limanlarda “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”yə uyğun olaraq yoxlamaların aparılması və həmin Məcəllədə nəzərdə tutulan Şəhadətnamənin verilməsi, habelə dəniz limanlarının rəqabətqabiliyyətli fəaliyyətinin stimullaşdırması və limanların fəaliyyətə yararlığının hazırlıq səviyyəsinin yoxlanılması istiqamətlərində fəaliyyət göstərəcək. Eyni zamanda Agentlik limanların dövlət reyestrinin aparılması, müəyyən hallarda onların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul olunması, limanlarda asayişin qorunması, qanunsuz müdaxilə aktlarının aşkara çıxarılması və onların qarşısının alınması, habelə liman hidrotexniki qurğularının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görəcək.
Ümumilikdə Agentlik limanlarda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi istiqamətində digər işlər də yerinə yetirərək icrası məcburi olan göstərişlər verəcək.
– Dövlət Dəniz və Liman Agentliyi gəmilərin hərəkəti ilə bağlı hansı tədbirləri görəcək?
– Dövlət Dəniz və Liman Agentliyinin funksiyalarına, həm də ölkə ərazisində dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin və gəmilərin üzmə rejiminin təşkil edilməsi, gəmilərin hərəkətinin daimi müşahidəsinin aparılması, onların təhlükəsiz keçidinin təmin olunması kimi vəzifələr də daxildir.
Agentliyin müasir avadanlıqlarla təchiz olunan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi vasitəsilə Azərbaycanın ərazi sularında gəmilərin uzaq məsafədən tanınması və izlənilməsi Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq həyata keçirilərək gəmilərin hərəkətinin idarə edilməsi, habelə gəmilər tərəfindən müəyyən edilmiş marşruta, sürətə və ara məsafəsinə riayət olunması təmin ediləcək.
Dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin ərazi sularında hərəkət edən gəmini dayandırmaq və yaxud onu təyin olunmuş yerə istiqamətləndirmək, qəza-xilasetmə, yedək əməliyyatları zamanı əlaqələndirməni təşkil etmək, gəmilərə naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatları ötürmək də Agentlik tərəfindən həyata keçiriləcək.
– Dövlət Dəniz və Liman Agentliyi dəniz nəqliyyatı sahəsinin tənzimlənməsində hansı digər vəzifələrə malikdir?
– Dəniz yollarını, habelə naviqasiya avadanlıqlarının və qurğularının quraşdırılması yerlərini müəyyən etmək, onların quraşdırılmasını və istismara hazır vəziyyətə gətirilməsini, həmin avadanlıqlara texniki xidmət göstərilməsini təmin etmək də Agentliyin funksiyalarına aid edilib.
Agentlik dəniz nəqliyyatı sahəsinə aid olan obyektləri, gəmiləri, texniki gəmi avadanlıqlarını və digər qurğuları normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə və dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq qiymətləndirəcək, eyni zamanda gəmilərin konstruksiyasında dəyişikliklər, gəmidə aparılan modifikasiya, layihələndirmə və təmir işləri ilə bağlı layihələrə razılıq verəcək.
Dəniz ərazilərində naviqasiya təminatını həyata keçirmək, habelə ixrac neft və boru kəmərlərinin və onların infrastruktur obyektlərinin, sualtı kabellərin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək, dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərdə qəza hallarını araşdırmaq kimi səlahiyyətləri də Agentlik yerinə yetirəcək.
– Dövlət Dəniz və Liman Agentliyi liman nəzarətini və bayraq nəzarətini həyata keçirmək üçün hansı tədbirləri təşkil edəcək?
– Ölkəmizdə liman nəzarətini və bayraq nəzarətini həyata keçirən Agentlik tərəfindən limanlarda və dəniz nəqliyyatı obyektlərində liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işi təşkil edilməklə gəmilərin və limanların qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması təmin olunacaq.
Bunlarla yanaşı, gəmilər və limanlar tərəfindən dəniz nəqliyyatı sahəsində qanunvericiliyə, Beynəlxalq Konvensiyalara və ərazi sularında üzmə qaydalarının tələblərinə riayət olunması istiqamətində effektiv işlər həyata keçiriləcək.
Agentliyin, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə əlaqədar gəminin limana daxil olmasını və ya limandan çıxmasını qadağan etmək kimi səlahiyyətləri də müəyyən edilib.
Bunlardan əlavə, liman nəzarəti və bayraq nəzarəti həyata keçirilərkən aşkar olunan nöqsanlar təhlil edilərək həmin nöqsanların aradan qaldırılması üçün səmərəli tədbirlər görüləcək.
– Dövlət Dəniz və Liman Agentliyi dəniz ətraf mühitinin mühafizəsi istiqamətində hansı işlər görəcək?
– Dəniz ətraf mühitinin mühafizəsinə dövlət nəzarətini həyata keçirən Agentlik gəmilər tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üzrə tələblərə əməl olunmasını təmin edəcək, gəmilərdən və dəniz nəqliyyatı obyektlərindən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısını almaq üçün tədbirlər görərək onların nəticələrinin aradan qaldırılmasında iştirak edəcək.
Limanlarda və dəniz nəqliyyatı obyektlərində gəmi tullantılarının qəbulu qurğularının adekvatlığı qiymətləndirilərək, ümumilikdə bu istiqamətdə qanunvericiliyə və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq digər zəruri tədbirlər görüləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button