CəmiyyətManşet

Nazim İbrahimovla Rövşən Əkbərov arasında mübahisə: “Kişiliyi olan yalan danışar?!..”

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin Bakı Hərbi Məhkəməsində araşdırılması davam edir.

Məhkəmə prosesində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlər dindirilib. Əvvəlcə qətlin yeganə şahidi, hazırda həyatda olmayan Məzahir Şıxaliyevin qardaşı Rafiq Şıxaliyev dindirilib. O, ifadəsində deyib ki,  qardaşı 1996-cı ildən bizneslə məşğul olurdu, Ukraynaya gedib-gəlirdi. Və səhər saatlarında ona zəng vurublar, qardaşının döyüldüyünü, yaxın dostu Elçinin öldürüldüyünü xəbər veriblər.

 

“Çox narahat olduq. Elçinin atası evinə getdik, hamı oraya yığışmışdı, müzakirələr gedirdi. Elçinin atası evinə yığışanlar general Rövşən Əkbərovun adını çəkirdilər. Həmin vaxt qardaşımı polis idarəsində saxlamışdılar, onunla əlaqə saxlaya bilmirdim. İki-üç gün polisdə saxlanıldıqdan sonra buraxdılar. Məzahir mənimlə telefon əlaqəsi saxladı, hadisənin kim tərəfindən törədildiyini telefonda demədi, amma Rövşən Əkbərovun şəklini istədi, İdrak (mərhum E.Əliyevin qohumu -red.) qəzetdən şəkli tapıb verdi, mən də Məzahirə göndərdim. Qardaşım özü Bakıya gələndə hadisə barədə ətraflı danışdı”,-şahid bildirib.

Tərəflərin suallarını cavablandıran R.Şxaliyev qardaşı Məzahirin istintaq zamanı E.Əliyevin general R.Əkbərov tərəfindən öldürüldüyünü dediyini təsdiqləyib. Hadisədən bir müddət sonra qardaşının hansı səbəbdən Türkiyə getdiyini bilmədiyini deyib.  

Daha sonra şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimov dindirilib.  N.İbrahimov deyib ki, E.Əliyevi 1994-cü ildən tanıyırdı. “Elçinlə yaxın dost idik. Səməd Novruzovla birlikdə çalışırdılar. Fəal ünsiyyətimiz olub”,-o bildirib.

N.İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin edildikdən sonra da Elçinlə dostluq əlaqələri davam edib. Hətta E.Əliyev bir azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, özünə məxsus avtomobili müvəqqəti olaraq səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı  problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçinin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, N.İbrahimov və E.Əliyevin  ofis kimi icarəyə götürdükləri ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib.

“Həmin binanda Elçinin 100 kv.m ofisi vardı. Orada mənim də ofisim yerləşirdi. Bina səfirlik tərəfindən rəsmi qaydada alındıqdan sonra ofislər oradan boşaldıldı. Çox sıx əlaqələrimiz vardı. Mən 2000-ci ildə Bakıya gəldim. Deputatlığa namizədliyimi vermişdim”- sabiq komitə sədri bildirib.

N.İbrahimov yaxın dostu Elçinin öldürüldüyünü telefonla ona xəbər verdiklərini deyib: “Səhər tezdən zəng gəldi. Zəng vuran kim idi, bilmirəm. Dedi Ukraynada hadisə olub, Elçin öldürülüb. Elçin ailəsinin yeganə oğul övladı idi. Bütün ailəsi ümidini ona bağlamışdı. Həyat yoldaşımla birlikdə Elçinin atası evinə getdik. Daha sonra Səməd Novruzov və İdrak Qarayevlə birgə Kiyevə Elçinin cənazəsini gətirməyə getdik. Meyitxanada Elçinin meyitinə baxdım, sinəsində bıçaq yarası var idi. Oradan polis idarəsinə yollandım. Bir neçə azərbaycanlı uşaqları saxlamışdılar. Polis rəisinə dedim ki, əgər hadisəni kimi törətdiyinizi bilirsinizsə  bu uşaqları niyə burada saxlayırsınız? Oradan səfirliyə gəldim. Səfirlikdə də hərə bir şey danışırdı. Ertəsi gün Elçinin cənazəsini Kiyevdən Bakıya gətirib dəfn elədik”.

Sabiq komitə sədri ifadəsinin davamında deyib ki, Elçinin yas məclisində hamı qətlin Rövşən Əkbərov tərəfindən törədildiyini danışırdı: “Hamı Rövşən Əkbərovun adını çəkirdi. Hətta Ukraynada polis idarəsində də, səfirlikdə də qətlin məhz onun tərəfindən törədildiyini deyirdilər”.

N.İbrahimov  onu da bildirib ki, cənazənin arxasınca Kiyevə gedəndə general R.Əkbərov onun qaldığı “Dnepr” otelinə gəlib: “Mən Kiyevdə eşitdim ki, kafedə mübahisələri düşüb. Kafenin işçiləri onları bayıra çıxarıblar. Rövşən Əkbərov əvvəl Məzahiri yumruqla vurub, sonra da Elçini ürəyindən bıçaqlayıb. Bunu mənə otelin foyesində Rövşən Əkbərov özü də danışdı. Nə ondan əvvəl, nə də sonra Rövşən Əkbərovla görüşməmişəm. Bu sözləri də vicdanım qarşısında deyirəm. Allah qapısını açsın. Hadisəni törətməyibsə  ondan üzr istəməyə hazırıq”.

Dövlət ittihamçısının və tərəflərin suallarını cavablandıran Nazim İbrahimov hadisənin mahiyyətini, qətlin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib: “Məzahir Şıxaliyevi şəxsən tanımamışam. Amma onun İsgəndər Həmidovun yaxın adamı olduğunu eşitmişdim. Mən qatı Heydər Əliyevçi idim.  Eşitdiyimə, bildiyimə görə, həmin vaxt kafedə generalların şərəfinə sağlıq deyilib. Məzahir də deyib ki, əsl generallar içəridə yatır. İsgəndər Həmidovu nəzərdə tutub. Mübahisə də buna görə baş verib”.

Keçmiş komitə sədri istintaqa verdiyi ifadəsini təsdiq edib.

R.Əkbərovun vəkili şahidə sual verib:

-Siz deyirsiz ki, Rövşən Əkbərov hadisəni törətdiyini etiraf edib. Siz o zaman səfir də deyildiniz, niyə törətdiyi əməli sizə etiraf etməli idi ki?

Onu generalın özündən soruşun, məndən yox,-Nazim İbrahimov cavab verib.

Vəkil növbəti sualı verib:

-Əgər general sizə qətl törətdiyini etiraf etmişdisə, bəs onda niyə bununla bağlı lazımi orqanlara müraciət etməmisiniz?

Nazim İbrahimov:

– Hansı hüquq-mühafizə orqanları məni çağırıb soruşub ki, mən də cavab verməmişəm?

Vəkil şahidə daha bir sual verib:

-Sizcə niyə öldürüb, səbəb nə olub, sizə heç nə demədimi?

 Nazim İbrahimov:

– Əvvəl Məzahirin generalla mübahisəsi düşüb, general onu yumruqla vurub, bıçağa əl atanda Elçin qarşısına keçib.

Bunun ardınca Rövşən Əkbərov qısa çıxış edib. Həmin gün  “Dnepr” otelinə getdiyini təsdiqləyib:

-Bəli, həmin gün otelə gəldim. Gəldim ki, sizdən soruşum niyə Elçinin valideynlərinə mənim adımı vermisiniz? Adımı niyə hallandırmısınız?

Nazim İbrahimov isə təqsirləndirilən şəxsin bu çıxışına cavab olaraq deyib ki, kiminsə adını qəsdən hallandırmağa ehtiyac yox idi, çünki hamı qətli Rövşən Əkbərovun törətdiyini bilirdi.

R.Əkbərov qəzəblənib:

-Qeyrəti, namusu, mənliyi olan adam yalan danışar?

Hakim  isə  “Generala yaraşmayan sualdır, sual çıxarılsın!” deyib

N.İbrahimov 2021-ci ilin yanvarında istintaqa verdiyi ifadəsini təsdiqləyib. Amma 2003-cü ildə verdiyi ifadəsini təsdiqlənməyib. Bildirib ki, həmin dövrdə müstəntiq ondan yalnız hadisəni görüb-görmədiyini soruşub. O da qətlin şəxsən şahidi olmadığını deyib.

R.Əkbərovun vəkilləri Nazim İbrahimovun 2003-cü ildə istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyiblər. N.İbrahimov həmin ifadəsində E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyirdi…

Prosesdə dindirilən növbəti şahid Musaxan Əliyev olub. O, ifadəsində 1998-ci ildən mərhum E.Əliyevlə dostluq etdiklərini, hadisədən əvvəl, axşamçağı Elçin Əliyev, Məzahir Şxaliiyev və Orucəli Hacıyevlə birgə “Abşeron” restoranında birlikdə şam yeməyi yediklərini deyib: “Hamımız bir az spirtli içki qəbul etmişdik, təkcə Orucəli içməmişdi. Sonra mən evə gəldim. Səhərə yaxın Orucəli zəng vurub dedi ki,  Elçin rəhmətə gedib. Ondan harada olduğunu soruşdum, ünvanı söylədi. Həmin yerə gəldim. Elçin yerdə uzanıqlı vəziyyətdə idi, Məzahir ağlayırdı. Hdisə yerinə polislər gəldilər. Həmin vaxt Məzahir Elçinin kim tərəfindən vurulduğunu demədi. İki -üç gündən sonra dedi ki, Rövşən Əkbərov vurub bıçaqla. Rövşən Əkbərovu hərbçi kimi tanımışam. Səfirlikdə görmüşdüm”.

Daha sonra mərhum E.Əliyevin xalası oğlu və eyni zamanda bacısının həyat yoldaşı İdrak Qarayev dindirilib. O, ifadəsində hadisənin üstündən 20 il vaxt keçdiyini deyib: “Səhər tezdən atam zəng edib dedi ki, Elçini vurublar. Hamımız özümüzü itirdik. Dostlarımız Səməd və Mədəd qardaşları, Nazim İbrahimov gəldilər. Meyiti gətirmək üçün Nazim, mən Səməd cənazənin dalınca Ukraynaya yollandıq. Söhbətlərdən belə məlum oldu ki, Elçini Rövşən adlı Milli Qəhrəman vurub. Məzahir dedi ki, hərbçidir, şəklini görsəm tanıyaram. Biz də qəzetdən Rövşən Əkbərovun şəklini götürüb Məzahirə göndərdik. Məzahir dedi ki, odur, həmin adamdır. Məzahir bir müddət sonra Türkiyəyə getdi. Dedi, burada qala bilmərəm, məni də öldürəcəklər, qorxuram”.

Şahid ifadəsinin davamında həmin vaxt bəzi məsələləri aydınlaşdırmaq məqsədilə “Sikora” kafesindəki skripkaçını görməyə getdiyini də söyləyib: “Həmin skripkaçını tapa bilmədim. Ondan bızi şeyləri soruşacaqdım. O şəkli skripkaçıya da göstərəcəkdim”.

Daha sonra R.Əkbərovla şahidin arasında qısa dialoq yaranıb.

R.Əkbərov:

– Mənim general olduğumu bilirdi. Orada altı-yeddi şəkil olub. Məzahir də general rütbəsində olan şəkli göstərib deyib ki, budur. Siz heç soruşdunuzmu ki, Elçinin günahı nə olub?

Şahid:

-Soruşdum. Məzahir dedi ki, səs-küy idi. General mənə dedi ki, sən ağzını bağla. Mən də cavab qaytardım, mübahisə düşdü. Sonra “morskoy kortik”lə (dənizçi bıçağı) Elçini vurub.

Qeyd edək ki, general ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib. Elə istintaq dövründə də susmağa üstünlük verib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button