İqtisadiyyat

Naxçıvanda bank-maliyyə sektorunun inkişafı problemləri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Naxçıvan Muxtar Respublikasında bank-maliyyə sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə qeyd edilib ki, ölkədə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə edilib. Pandemiyanın ilk günündən Azərbaycan Prezidentinin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, makroiqtisadi sabitliyinin və məşğulluğun təmin edilməsi və real sektorunun dəstəklənməsi istiqamətində geniş spektrli tədbirlər həyata keçirilib. Azərbaycanın bank sektoru da davamlı islahatlar və inkişafla xarakterizə olunub və bank xidmət və məhsullarının çeşidi və keyfiyyəti yaxşılaşıb, bankların sağlamlaşdırılması və kapitallaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Blokada şəraitində olduğu üçün Naxçıvan MR-in maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzində olub. Görüşün də əsas məqsədi hazırda bu sektorda mövcud vəziyyəti və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi kimi məsələlərin birgə müzakirə edilməsindən ibarət olub.
Aparılmış müzakirələr nəticəsində qarşıda duran əsas vəzifələrin əhalinin və sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, maliyyə xidmətlərindən istifadənin əlçatanlığının artırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması, Naxçıvan MR-in iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditləşməsi, Naxçıvan MR-də fəaliyyət göstərən bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi olduğu müəyyənləşmiş və bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button