İdman

Namiq Abdullayev: “Bu, indiki vəziyyətdə uğurdur”

“Ali Baş Komandanımız İlham Əliyevin qayğısı nəticəsində neçə illərdir idmançılarımız həm qızıl, həm gümüş, həm də bürünc medallar qazanır, bayrağımızı yüksəklərə qaldırırlar”.
Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarından bu gün qayıdan sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
Komandamızın Olimpiadadakı çıxışını dəyərləndirən 50 yaşlı mütəxəssis qazanılan 7 medalın uğur olduğunu bildirib: “Tokioda idmançılarımız 7 medal qazandı. O ki qaldı güləşlə bağlı, müəyyən məsələləri burada demək istəmirik. Bununla bağlı açıqlamalar olacaq. Əziyyəti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, xüsusən də, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri beş il ərzində qayğı göstərib, bizə dayaq olublar”.
Olimpiya çempionumuz koronavirus pandemiyası ilə əlaqədar yarışa ideal vəziyyətdə hazırlaşa bilmədiklərini də vurğulayıb: “Pandemiya dönəmində Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət olunmuşdu. İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklərimiz var idi. Ancaq bizə icazə verildi, Olimpiadaya lisenziya qazanan idmançılarımız qapalı şəkildə hazırlaşdılar, beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qatıldılar. Tokioda qazanılan 7 medaldan 3-ü güləşin aktivinə yazıldı. Bu, indiki vəziyyətdə uğurdur. Tarixi zəfər qazandığımız Vətən Müharibəsində iştirak edən idmançılarımız da var idi. Bütün bunların da təsiri olub. Qazanılan medallara görə, bütün xalqımızı təbrik edirəm. Bu uğuru qaralamaq olmaz, çünki xalqımız buna sevinir. Unutmayaq ki, bəzi ölkələr Olimpiadada medalsız qaldılar. Azərbaycan millisi Tokio-2020-də 67-ci yeri tutdusa, Ermənistan 69-cu oldu”.
Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb. Komandamızın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) bürünc mükafata yiyələnib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button