İdman

Mundiala ilk vəsiqəni Almaniya qazanıb, Türkiyə Latviyaya qalib gəlib

DÇ-2022-nin seçmə mərhələsində VIII tura start verilib.
Apasport.az saytının məlumatına görə, gələn il Qətərdə baş tutacaq final mərhələsinə vəsiqə əldə edən ilk komanda bu gün müəyyənləşib.
J qrupunda yer alan Almaniya ev sahibi Qətərdən sonra mundialda iştirak hüququ qazanan ikinci yığma olub. Bundestim Şimali Makedoniya üzərində səfər qələbəsi (4:0) sayəsində əlçatmaz olub. Aktivindəki xalların sayını 21-ə çatdıran Hansi Flikin yetirmələri ən yaxın izləyicisi ilə fərqi 8 xala yüksəldib və son iki turu özü üçün formallığa çevirib.
G qrupunda qərarlaşan Türkiyə millisi isə Riqada “ölümdən dönüb”. Autsayderlərdən olan Latviya ilə səfərdə qarşılaşan “ay-ulduzlular” son dəqiqə qolu sayəsində qələbə qazanıb – 2:1. 70-ci dəqiqədə Merih Demiral avtoqol müəllifi olsa da, qardaş ölkə təmsilçisi 6 dəqiqə sonra Sərdar Dursunla hesabı bərabərləşdirib. 90+8-ci dəqiqədə isə Burak Yılmaz penaltini dəqiq yerinə yetirərək, Türkiyə millisinə minimalhesablı qələbə qazandırıb.
Qrupun digər görüşlərində Niderland Cəbəllütariqi 6:0, Norveç isə Monteneqronu 2:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Stefen Kuntzun yetirmələri 15 xalla 3-cü pillədə qərarlaşıb. Lider Niderlandın 19, ikinci pillədəki Norveçin isə 17 xalı var.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi gələn il 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button