Siyasət

“Müharibə davam etsə Rusiya dövlətçiliyi üçün ciddi təhlükə yaranar” – Qüdrət Həsənquliyev 

“Ukrayna Prezidenti Zelenski son açıqlaması ilə danışıqlarda ciddi güzəştlərə hazır olduğunu bəyan edib. Əgər Rusiya da maksimalist olmayıb analoji mövqe sərgiləsə, atəşkəsə nail olmaq olar”.

Bu sözləri “Xalq cəbhəsi” qəzetinə açıqlamasında, Ukrayna və Rusiya xarici işlər nazirlərinin Antalyada keçirilməsi planlaşdırılan görüşünü şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədrinin qənaətinə görə, Rusiya artıq fərqindədir ki, ona qarşı Ukrayna xalqı döyüşür və onu Belarusdan başqa hətta KTMT və MDB üzrə müttəfiqləri və tərəfdaşları, o cümlədən Qərblə ciddi qarşıdurma vəziyyətində olan Çin və İran da dəstəkləmir: “BMT Baş Məclisində Rusiyaya qarşı qərar layihəsinə dair səsvermədə onlar ya iştirak etmədilər, ya da bitərəf mövqe sərgilədilər.

Qərbin dəstəyindən narazı olan Zelenskinin Qərb liderlərini xalqlara müraciət edəcəyi ilə hədələməsi də öz təsirini göstərir və artıq Rusiyanın neft-qaz sənayesinə sanksiyalar tətbiq edilir. Müharibə davam etdikcə sanksiyalar daha da sərtləşdiriləcək, Ukraynaya hərbi yardımlar artacaqdır. Bu da Rusiyanın iqtisadiyyatına ciddi zərər vuracaq, müharibədə itkilərini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin dağıntıların və insan itkilərinin miqyası böyüdükcə, Rusiya daxil, bütün dünyada anti-müharibə dalğası da güclənəcəkdir. Bu da Rusiyada daxili sabitliyin pozulmasına səbəb ola və Rusiya dövlətçiliyi üçün ciddi təhlükə yarada bilər. Ona görə də, Antalyada həm Rusiyanın, həm Ukraynanın məğlub olmadan müharibəni dayandırmaq imkanı var. Bu insanlıq naminə edilməlidir. Hər gün günahsız insanlar ölür, şəhərlər, qəsəbələr viran edilir. Bu şans qaçırılmamalıdır. Türkiyənin vasitəçilik missiyasına ona dost olan hər iki ölkə hörmətlə yanaşmalıdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button