Siyasət

MOSKVA BƏYƏNNAMƏSİNİN PƏRDƏARXASI… – Niyə yalnız 9-cu maddə?

Yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danıqışıqlarının nəticəsi olaraq Qarabağın inkişafına dair birgə bəyanat imzalanıb. Rusiya prezidenti bildirib ki, birgə bəyanat həm Azərbayca, həm də Erməni xalqlarına fayda verəcək. O əlavə edib ki, bu razıalşma Rusiyanın da marağındadır.

Qeyd edək ki, bəyanatda həqiqətən müsbət məqamlar az deyil. Belə ki, bəyanatın mətnində ümumiyyətlə “Dağlıq Qarabağ”ın adı çəkilmir. Bəyanatda yalnız bölgəsəl iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından, bunun üçün müvafiq infrastrukturun quulmasından, bu işləri həyata keçirəcək xüsusi ekspertlər qruplarının yaradılmasından danışılır.

Sənəddə “Dağlıq Qarabağ” sözü keçmədiyi kimi, burada “status” və “hərbi əsirlər” məsələsindan də söhbət açılmadığı diqqət çəkir. Halbuki Ermənistan bütün səylərini bu istiqamətdə qərarların qəbuluna yönəltmişdi. Bunu Paşinyan çıxışında da vurğuladı.

Bəyanatın 4-cü bəndində həmin nəqliyyət dəhlizlərinin Azərbaycan və Ermənistan Respublikalarının ərazisindən keçəcəyi vurğulanır. İlk dəfə olaraq beynəlxalq sənəddə bunun üçün mücərrəd cümlələr deyil, konkret olaraq bu yöndə atılacaq addımların planı, təşkili və zamanı ilə bağlı müddəalar yer alıb. Azərbaycan tərəfinin olduqca maraqlı göründüyü Naxçıvanla quru dəhlizin açılması və onun təhlükəsizliyinin təmini məsələləri də bu planın içində yer alacaq. Naxçıvana açılması nəzərdə tutulan dəhliz, o cümlədən bölgənin Qara dəniz-Ağ dəniz məkanlarına açılması perspektivləri baxımından Azərbaycanın yaxın müttəfiqi Türkiyənin də prosesə yaxından qoşulmasını zəruri hala gətirir.

Ancaq 4 maddəlik sənəddə bir sıra mühüm məsələlərlə bağlı qaranlıq yerlər qalıb. Bunların başında heç şübhəsiz ermənilərin bölgədə qanunsuz silahlı birləşmələrin fəaliyyətinə dair bəndin olmaması düşündürücü məqamlardan sayılmalıdır.

Bəyanatda Ermənistan silahlı qüvvələrinin və ya hər hansı qeyri-qanuni başqa hərbi birləşmələrin Dağlıq Qarabağ ərazisindən çıxaırlmasına dair müddəaya rast gəlinmir. Bu isə bölgədə “sülhməramlı” funksiyasını yerinə yetirən dövlət olaraq erməni terror birləşmələrinin mövcudluğu problemi üzərindən sükutla keçən rəsmi Moskvanın üzərinə əlavə məsuliyyət qoyur.

Lakin Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin Hadruta göndərilən 62 nəfərlik qrupunu tərksilah edərək onları artıq BMT səviyyəsində “hərbi əsir” deyil, “terrorçu” kimi qiymətləndirməklə öz mövqeyini ortaya qoyub. Bu həm də Azərbaycanın Qarabağda erməni silahlılarının qalması ilə barışmayacağını, gələcəkdə dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi tədbirlər görə biləcəyini tərəflərə bəyan etdiyini söyləməyə əsas verir.

Birgə bəyanatda deyilir ki, tərəflər 9 noyabr 2020-ci il tarixli birgə bəyantın 9-cu maddəsinin həyata keçirilməsinə dair Vladimir Putinin üçtərəfli işçi qrupunun yaradılması barədə təklifini qəbul ediblər. 9-cu maddədə regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından bəhs olunur.

Bəyantda qeyd olunur ki, birgə işçi qrupuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri rəhbərlik edəcəklər. Onlar sənəddə həmsədrlər adlandırılır.

Sözü gedən işçi qrup yanvarın 30-dək 9-cu maddənin icrasından irəli gələn məsələləri müəyyənləşdirmək üçün ilk iclasını keçirməlidir. Birgə bəyanatda bu da qeyd olunur ki, işçi qrupun həmsədrləri fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaradacaqlar. “Ekspert” alt qrupları birinci iclasdan bir ay sonra layihələrin və onların icrası və təsdiqi üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim etməlidirlər.

İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycandan və Ermənistandan keçən beynəlxalq daşımaların yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün bərpası və tikinitisi nəzərdə tutulan nəqliyyat kommunikasiyası obyektlərinin işə salınması istiqamətində zəruri tədbirlərin siyahısının və qrafikinin üç ölkə arasında yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir.

Beləliklə, Moskvada keçirilən 4 saatlıq görüşün nəticəsi olan üçtərəfli bəyanat 10 noyabr razılaşmasının 9-cu bəndinin icrasına həsr olunub.

Xatırladaq ki, həmin bənddə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi qeyd edilir.

“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”-deyə həmin bəndə yazılıb.

Moskva görüşünün yekunlarını şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Moskvada heç bir siyasi sənəd imazalanması gözlənirmirdi və bu baş verdi.

“Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana yazığı gəlir, o ancaq Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza ata bilər, başqasını biz qəbul edə bilmərik. Paşinyanın belə bir sənədi indiki vəziyyətində imzalanması ölkəsində onun siyasi fəaliyyətinin sonunu gətirər. Bunu isə hələ ki, Kreml istəmir. Moskva Paşinyana onun imzaladığı sənədləri yerinə yetirməsini istəyir”-deyə politoloq vurğulayıb.

E. Şahinoğlunun sözlərinə görə, 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək: “İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir. Bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır”.

Siyasi təhlilçi Şahin Cəfərli isə isə 4 maddəlik bəyanatı xatırladaraq bəzi sualların yarandığnı bildirir. Əlavə edir ki, niyə Rusiya bütün diqqətini və enerjisini 9-cu maddənin tezliklə həyata keçirilməsinə yönəldib?

“Şübhəsiz ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin bərpası bizim üçün önəmli məsələdir. Azərbaycan prezidenti dəfələrlə Naxçıvana dəhliz açılmasının önəmini qeyd edib və bu məsələnin üçtərəfli Bəyanata daxil edilməsini ciddi uğur kimi qiymətləndirib. Çünki Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla – şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və s…“-deyə Ş. Cəfərli vurğulayıb.

Ekspert hesab edir ki, hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər var. Bu problemləri belə sıralamaq olar:

– Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası;

– Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;

– Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi;

– Dağlıq Qarabağdakı oyuncaq rejimin və onun cinayətkar rəhbərlərinin sərbəst fəaliyyəti;

– Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar;

– Ağdərə-Kəlbəcər yolunun açılması…

Belə görünür ki, bu məsələlər hələlik müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılacaq”.

Siyasi təhlilçi qeyd edib ki, Rusiyanın bu mərhələdə bütün diqqətini 9-cu maddəyə cəmləşdirməsini 2 təməl səbəblə izah etmək olar: “Əvvala, Moskva tezliklə Azərbaycan üzərindən Ermənistanla etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaratmaq istəyir.

Hazırda Rusiya-Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin qış aylarında Hərbi-Gürcüstan yolunda hərəkət çətinləşir, bəzən isə tam dayanır. Ona görə də, daha əlverişli alternativə ehtiyac var.

Digər tərəfdən, Gürcüstan hökuməti öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, yaxud nadir hallarda icazə verir. Faktiki olaraq, Ermənistandakı Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarından məhrum şəraitdə qalıb. Gürcülərin birmənalı strateji seçimi və avroatlantik inteqrasiya siyasəti aparması o deməkdir ki, Gürcüstan marşrutu istər ticarət, istərsə də hərbi yüklərin tranziti baxmından Rusiya üçün etibarlı, uzunmüddətli ola bilməz”.

Ekspertin fikrincə, Rusiya Azərbaycanın razılığını alaraq, öz hərbi bazalarını blokada vəziyyətindən çıxara və ölkəmizin ərazusu ilə oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə bilər.

“Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq”– deyə, ekspert bildirir.

Ş. Cəfərli ikinci səbəb kimi kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiyanın Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə biləcəyini ehtimal edir: “Açıq sərhədlər və kommunikasiyalar bunun üşün yaxşı zəmin hazırlayır. Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna “yox” deməsi elə də asan olmayacaq, çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır.

Avrasiya İttifaqına üzvlük bizi bu risklərdən xilas edə bilər. Keçmiş SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, tərəflər əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, sülhməramlılar Rusiya hərbi bazasının şəxsi heyətinə çevrilir və beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur… Məncə, Rusiyanın bölgə ilə bağlı vizyonu budur”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button