Mədəniyyət

“Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri – Azərbaycan dilində 85 yaşlı kitab

Azərbaycanın və Yaxın Şərqin ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının nəşrindən 116 il ötür. Dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Gürcüstanın paytaxtı Tbilisidə işıq üzü görüb.

Jurnalın bir neçə orijinal nüsxəsi 2017-ci ildə Gürcüstanın Milli Parlament Kitabxanasının nəzdində yaradılmış Tbilisi Kitab Muzeyində qorunub saxlanılır.

“Report”un yerli bürosunun əməkdaşları Cənubi Qafqazda ən böyük kitab muzeyini ziyarət edib, zəngin və unikal fondu və satirik jurnalın nüsxələri ilə tanış olub.

Muzeylə bizi Gürcüstanın Milli Parlament Kitabxanasının Baş direktorunun müavini Mirian Xositaşvili tanış edib.

Unikal xəzinə, raritetlər fondu

Gürcüstanın Mərkəzi Kitabxanasının fondunda məzmununa, tarixi əhəmiyyəti, forma və digər xüsusiyyətlərinə görə unikal və nadir olan xüsusi nəşrlər qorunub saxlanılır: M.Xositaşvili bildirib ki, bir çox ölkələrdə kitab muzeylərinin yaradılması təcrübəsi var: “Bizdə də yalnız Gürcüstan üçün deyil, dünya mədəniyyəti üçün də böyük xəzinə olan unikal nəşrlərin toplanacağı bir məkan yaratmaq arzusu yarandı. Tbilisi Kitab Muzeyi 2017-ci ildə təsis olundu. Sərgilənən ekspozisiya vaxtaşırı dəyişir, belə ki, bizim xüsusi qorunan raritetlər fondumuz var və müxtəlif dövrlərdə müxtəlif mövzulara aid eksponatlar sərgilənir”.

Azərbaycan dilində 85 yaşlı kitab

Muzeyin ən dəyərli eksponatlarından biri 55 müxtəlif, həmçinin Azərbaycan dilində nəşr olunmuş Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının yer aldığı kitablardan ibarət kolleksiyadır. Nəşrlər müxtəlif ölkələrdən toplanılıb. Kolleksiyada diqqəti cəlb edən dilimizdə olan kitab 1937-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında işıq üzü görüb. Tərcüməçiləri Azərbaycanın görkəmli şairləri – Səməd VurğunMəmməd Rahim və Süleyman Rüstəmdir. Zövqlü tərtibatlı 85 yaşlı nəşrin nəfisliyi bu günədək qorunub saxlanılıb, illüstrasiyaları canlı rəngləri ilə oxucuları öz sehrinə salır.

Tbilisi Kitab Muzeyində həmçinin 1709-cu ildə yaradılmış Gürcüstanın ilk tipoqrafiyasında işıq üzü görmüş unikal nəşrlər, əlyazmalar, həmçinin XVII əsrdə çap edilmiş gürcü qrammatikası kitabı və digər vacib materialların yer aldığı kitablar da var.

M.Xositaşvili muzeydə 10 mindən çox eksponatın olduğunu bildirib: “Onların hansının daha vacib və dəyərli olduğunu söyləmək mümkün deyil. Eksponatların hamısı bizim üçün qiymətlidir. Biz nəşrləri şəxsi kolleksiyaçılardan da alırıq. Muzeydə böyük gürcü ədibi İlya Çavçavadzenin şəxsi fondundan əl yazılarından ibarət nümunələr, çar İraklinin tipoqrafiyasının bir hissəsi, VI Vaxtanqın tipoqrafiyası, XVII əsrdə Avropada nəşr edilmiş ilk gürcü-italyan lüğəti və qrammatika kitabı da qorunur. Həmin dövrdə işıq üzü görən “Şardenin səyahəti” kitabı xəritə ilə birgə unikal nəşrdir. Muzeydə həmçinin İncil və Quranın da qədim nəşrləri saxlanılır. Kolleksiyamızda miniatür Quran kitabı da var. Heç birini xüsusi olaraq ayıra bilmərəm. Nəşrlərin hamısına unikal abidə statusu verilib və onların hər biri bizim üçün çox dəyərlidir”.

Dəyərli eksponatlar oxucular üçün əlçatandır. Unikal kitablarla tanışlıq üçün heç bir ödəniş tələb olunmur. Lakin nadir nəşrlərlə tanış olmaq üçün xüsusi icazə tələb edilir. XVIII əsrin əvvəllərində çap olunmuş kitablar vərəqlənə bilməz, çünki oxucu nəşrə xələl gətirə bilər. Bu cür nəşrlərlə xüsus rəftar qaydaları mövcuddur. Eksponatların hamısı orijinaldır, surət və qeyri-orijinal nəşr yoxdur. Nəşrlərin böyük hissəsini elektron formatda da oxumaq mümkündür.

Tbilisi Kitab Muzeyi – şəhərdaxili turun bir istiqaməti

M.Xositaşvili muzeyi ziyarətçilər üçün cəlbedici edən cəhətlərindən danışıb. Onun sözlərinə görə, məkan ilk növbədə ona görə cəlbedicidir ki, əcnəbi ziyarətçi Gürcüstan mədəniyyəti ilə yanaşı, Avropada nəşr olunmuş kitablarla da tanış ola bilir: “Ziyarətçilərimizdə bizim tarix və mədəniyyətimiz haqqında təəssüratlar formalaşır. Onlar yalnız Gürcüstanda deyil, Qafqazda dərc olunmuş maraqlı nəşrləri görmək imkanı əldə edirlər. Pandemiyadan öncə ziyarətçilərin sayı çox idi. Biz pandemiyadan öncəki ənənəvi iş ritminə qayıdırıq. Muzeyimiz daha çox ziyarətçi qəbul etməyə başlayıb. Ziyarətçilərin marağı çox yüksəkdir. Çox tezliklə muzey bütün ziyarətçilər üçün açıq olacaq və onlar unikal olan eksponatlarla tanış olmaq imkanı əldə edəcəklər. Qonşu ölkələrdən də ziyarətçilərimiz olur. Tbilisi üzrə turist turları təşkil olunanda muzeyimiz də marşruta daxil edilir və çoxlu qonaqlar qəbul edirik”.

“Molla Nəsrəddin” jurnalı fonda nəşr olunan gündən daxil edilib”

Muzeyin kolleksiyasında “Molla Nəsrəddin” məcmuəsinin bir neçə orijinal nüsxəsi də yer alıb. M.Xositaşvili deyib ki, Gürcüstan Milli Parlament Kitabxanasının əsası 1868-ci ildə qoyulub və jurnal kitabxananın fonduna nəşr olunan gündən daxil edilib: “Müxtəlif dövrlərdə müxtəlif vacib nəşrlər fonda daxil olunub. Sovet dövründə, elə indi də dövri mətbuat nümunələrinin nüsxələri fonda mütləq əlavə edilir. Bundan başqa, fondumuzda xaricdə dərc olunan jurnal və qəzetlər də var. Qonşu və dost ölkələrdə işıq üzü görmüş nəşrlər bizim üçün maraqlıdır. Fondumuzda azərbaycandilli kitablar və ədəbiyyatın olmasına hər zaman çalışırıq. Gürcüstanda çox sayda etnik azərbaycanlılar yaşayır və onlar üçün ana dilində müxtəlif nəşrlərlə tanışlıq çox maraqlı olardı”.

Kitabxananın fondunda və muzeydə də vaxtaşırı sərgilənən eksponatlar arasında sovet illərində və öncəki dövrlərə aid Azərbaycan dili üzrə dərs kitabları, Azərbaycan milli dramaturgiyasının banisi, ömrünün 44 ilini Tbilisidə yaşamış Mirzə Fətəli Axundzadə və digər görkəmli azərbaycanlı yazıçı və şairlərin əsərlərinin gürcü dilinə tərcümələrinə də rast gəlinir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button