Siyasət

Milli Məclisin komitələri Şuşada birgə iclas keçirir – yenilənib

Aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali qanunvericilik orqanının bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən biridir.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş Şuşa ili çərçivəsində bir çox tədbirlər keçirilir. Birinci vitse-spiker bu il ərzində parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı verdiyi qərara görə bütövlükdə iştirakçılar adından Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Qeyd edilib ki, artıq Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəriciləridən biri kmi mühüm siyasi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, birgə komitə iclasının Müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi əhəmiyyət kəsb edən 2018-ci ilin Prezident seçkilərinin 4-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. 4 il bundan əvvəl Azərbaycan xalqı yenidən öz tarixi seçimini edib, İlham Əliyev Azərbaycan Prezidenti seçilib və bu seçim həm də Qarabağın işğaldan azad olunmasına gətirib çıxardı.

Bildirilib ki, Şuşanın və işğal altında olmuş digər ərazilərimizin azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi və bu gün onun ruhu şaddır.

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qalib xalqın parlamentariləri kimi burada iclas keçirmək böyük şərəfdir.

Sonra komitələrin ilk dəfə olaraq azad Şuşada keçirilən iclasının gündəliyindəki məsələlər müzakirə olunub. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında gündəliyin birinci məsələsini təqdim edən Ziyafət Əsgərov bildirib ki, ölkəmiz NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov da azad Şuşada olmaqdan şərəf duyduğunu bildirib.

İclasda çıxış edən Milli Məclisin deputatları Hikmət Məmmədov, Bəxtiyar Sadıqov, Elman Məmmədov, Aqil Abbas, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elşən Musayev, Azay Quliyev, Fəzail Ağamalı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Vüqar İsgəndərov, Nizami Səfərov, Tahir Kərimli, Əminə Ağazadə və Cəbi Quliyev komitələrin birgə iclasının azad Şuşada keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan Parlamentinin tarixində ilk dəfədir ki, komitə iclasları Qafqazın incisi adlandırılan Şuşa şəhərində keçirilir və bu, çox qürurvericidir. Bildirilib ki, ərazilərimizin işğaldan azad olunması cənab Prezident İlham Əliyevin hərbi-siyasi iradəsinin uğurla həyata keçirilməsinin nəticəsidir və bununla Azərbaycan həm beynəlxalq hüququn müddəalarını həyata keçirib, həm də öz ərazi bütövlüyünü bərpa edib.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra iclasın gündəliyindəki ikinci məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, təklif olunan dəyişiklik ölkəmizdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Deputatlardan Erkin Qədirlinin, Ziyafət Əsgərovun fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.

***

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.

“Report”un xəbərinə görə, birgə iclasda müzakirəyə çıxarılan qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Qeyd edilib ki, Anlaşma Memorandumu 1 il müddətinə qüvvədə qalır ve Tərəflərdən birinin digərlərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğv etmək niyyəti barədə yazılı olaraq bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq sonraki bir illik müddətlərə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.

Anlaşma Memorandumu tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə ve ona əlavələr edilə bilər. Belə dəyişiklik və əlavələr bu Anlaşma Memorandumunun tərkib hissəsi olub ayrıca sənəd şəklində bağlanılır və bu Anlaşma Memorandumu ilə eyni qaydada qüvvəyə minir.

Bundan əlavə “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə ev sahibi ölkəyə gətirilən təchizat və avadanlıqlar gömrük rüsumlarından və vergilərdən azad ediləcək.

Daha sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə rezidentlərin xarici valyuta hesabları ilə bağlı tələblər artırılıb.

Azərbaycan Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezidentlər əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidir.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.

***

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilir.

Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Milli Məclisin deputatları Qarabağa səfər edəcək.

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.

clas Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutacaq.

İclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button