Gündəm

Milli Azadlıq Hərəkatının fəallarından olan Arif Rəhimoğlu İsveçdə vəfat edib

Azərbaycan Milli Azadlıq Hərəkatının səssiz qəhrəmanlarından olan, uzun illər İsveçdə qürbət həyatı yaşayan Arif Rəhimoğlunun dünyasını dəyişib. 

Bu barədə Arif Rəhimoğlunun yaxın dostları “facebook” səhifəsində məlumat veriblər.  Məlumatda bildirilib ki, Arif Rəhimoğlu İsveçin Göteburq şəhərində düyasını dəyişib.

Mərhumun dostu Əli Şamil bəy onun haqqında yazdığı nekroloq əvəzində bildirib ki, Milli Azadlıq Hərəkatımızın öndərlərindən olan Arif Rəhimoğlu dilçi alim olsa da daha çox ideoloji şahədə fəallıq göstərib.

Qeyd edib ki, Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvan şəhərində anadan olub: “1972-ci ildə Naxçıvan şəhərindəki 1 saylı orta məktəbi bitirib təhsilini Azərbaycan (indiki) Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. Tələbəlik illərində gizli fəaliyyət göstərən millətçi təşkilatın (yanılmıramsa bu qrupa gədəbəyli Zirəddin rəhbərlik edirmiş) üzvü olub.

1977-ci ildə Universiteti bitirib Babək rayonundakı Vayxır kənd orta məktəbində müəllimliyə başlayıb. Yüksək pedaqoji bacarığına görə onu Naxçıvan Dövlət Pedaqoji Universitetinə işə dəvət ediblər. 1984-cü ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirib. 1985-ci ildə “Mahmud Kaşğarinin “Divanu luğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb”.

Daha sonra mərhumun siyasi fəaliyyəti barədə də məlumat verilərək bildirilib ki, AXC-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olub. Onun siyasi biliyinə, təşkilatçılıq qabiliyyətilə görə, 1988-ci ilin dekabrın 17-də keçirlən toplantıda Xalq Cəbhəsinin İdarə heyətinə üzv seçilib: ” Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük əməyi olan Arif Rəhimoğlu heç zaman gözə soxmağa, vəzifə tutmağa çan atmayıb. AXC Naxçıvan Vilayət Təşkilatı İdarə Heyətinin üzv kimi ictimai-siyasi həyatda nə qədər fəal olsa da, elmi işlərdən də əl götürməyib. 1990-cı ildə Tehranda Azərbaycan Türkcəsinə cevrilən Qurani Kərimin redaktə olunması ona tapşırılıb. 1992-ci ilin yazından AXC sədrinin ideoloji işlər üzrə müavini olduğundan Bakıya köçüb. Sonralar yaradılan Bütöv Azərbaycan Birliyi Məclisinin sədri olub”.

Arif Rəhimoğlunun sonradan İsveçə gedərək, orada mühacir həyatı yaşadığı, dərnəklər qurduğu vurğulanır. Onun  20 kitab və 250-dək elmi məqalə müəllif olduğu, əsərlərinin bir qisminin Azərbaycanda nəşr edildiyi də vurğulanır. 

Allah rəhmət eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button