İqtisadiyyat

Meyvə və Tərəvəz sektorunun Müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni layihə başlayır

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müasir və rəqabətədavamlı meyvə və tərəvəz sektorunun inkişafı məqsədilə 5,0 milyon avro dəyərində yeni layihəyə başlayıb. Layihə, “Lənkəran üçün Avropa İttifaqı” proqramı çərçivəsində reallaşdırılır.

İstiqlal.az xəbər verir ki, Aİ tərəfindən maliyyələşdirilən “Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı dörd illik bu layihə, BMTİP tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçiriləcək.

Sözügedən layihənin açılış tədbiri Lənkəranda təşkil olunub. Tədbir Avropa İttifaqı və hökumət tərəfdaşlarını, həmçinin media nümayəndələrini bir araya gətirib.
Açılış nitqində Kənd Təsərrüfatı Nazirinin müavini ölkədə qida təhlükəsizliyinə yönələn təşəbbüslərin əhəmiyyətini vurğulayıb və bu addımların regionlarda yaşayan əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına birbaşa təsiri olduğunu qeyd edib.

“Aİ səmərəli və müasirləşdirilmiş qeyri-neft sektoru da daxil olmaqla daha çoxşaxəli iqtisadi quruluşa keçmək istiqamətində Azərbaycana davamlı dəstək göstərməkdədir. Lənkəranla bağlı yeni proqramımız bu məqsədə xidmət edən əsaslı investisiyalardan biridir”, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib. “Lənkəran yüksək qiymətli bağçılıq məhsullarının istehsalı sahəsində danılmaz potensiala malikdir. Avropa İttifaqının bu proqramı regionun meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin və nəticədə, yaranan əlavə dəyərin dayanıqlı şəkildə artırılmasına diqqət yetirəcək və bu minvalla, bir çox fermer və istehsalçıya fayda gətirməyə davam edəcək”.

Layihə regional fermer şəbəkələrinin və birgə təşəbbüslərin qurulmasına dəstək verəcək; M&T sektorunda innovasiyaların tətbiq olunması, habelə kənd təsərrüfatı sahəsində yeni əsas texnologiyalardan istifadə üzrə fermerlərin və istehsalçıların bacarıqlarının artırılmasına yardım edəcək. Layihənin məqsədi M&T sektorunda əkinçi, istehsalçı və digər qruplaşmaların peşəkarlaşdırılmasına və modernləşdirilməsinə kömək etmək və onların daxili və xarici bazarların tələblərinə uyğun təhlükəsiz, yüksək keyfiyyətli və satış standartalarına cavab verən ərzaq məhsulları istehsal etmələrinə dəstək olmaqdır.

Layihə ilk növbədə, regionun kənd yerlərində kiçik və orta fermerlərə, eləcə də mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə dəstək verəcək.

“Ümumilikdə, layihənin bütün səviyyələrdə əldə edəcəyi nəticələrdən istehsalçılar, işçilər və digər cəlb olunmuş iştirakçılar da daxil olmaqla ən azı 3000 nəfərin faydalanacağını gözləyirik”, deyə BMTİP-nin Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Çaru Bist qeyd edib. “Qadın və kişi fermerlər, o cümlədən KOM-lar üçün yeni imkanların təmin edilməsi yerli icmalarda əlavə iş yerləri yaratmağa imkan verəcək, eləcə də regionda kənd əhalisinin rifahının yaxşılaşdırılmasına kömək etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəkdir”.

Bu layihə Aİ-nin “Lənkəran üçün Avropa İttifaqı” proqramı çərçivəsində tam maliyyələşdirilir və 2024-cü ildə başa çatacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button