Siyasət

Makron Paşinyanla danışandan sonra niyə İlham Əliyevə zəng etdi? – Açıqlama

“Fransa Prezidenti insident yaşanan sərhəd zonasında Monitorinq qrupunun yaradılmasına və Azərbaycan Ordusunun həmin ərazidən bir qədər geri çəkilməsinə çalışır”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və apardıqları müzakirələri dəyərləndirərkən, politoloq Məhəmməd Əsədullazadə deyib:

“Fransa Prezidentinin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığından sonra Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi zəng Parisin əvvəlki davranışına nisbətən balanslaşdırılmış siyasət yürütdüyü görüntüsü yaratmaq məqsədi daşıyır. Buna baxmayaraq, Parisin Ermənistana göstərdiyi xüsusi dəstək hamıya məlumdur. Düşünürəm ki, Fransanın qaldırmaq istədiyi əsas məsələ dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi və Ermənistanın irəli sürdüyü şərtlər olub. Ona görə ki, Kəlbəcər istiqamətində baş verən son insidentlər fonunda Azərbaycan tərəfinin sərhədi qorumaq üçün atdığı adekvat addımlar Makronda müəyyən narahatlıq yaradıb. Bu səbəbdən də telefon söhbətində Makronun sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zamanı sərhəddə Monitorinq qrupunun yerləşdirilməsi, Azərbaycan Ordusunun həmin ərazidən bir qədər geri çəkilməsi kimi məsələləri müzakirəyə çıxardığını istisna etmirəm”.

Həmsöhbətimiz Makronun bu zəngindən Azərbaycan üçün müsbət nəticə gözləmədiyini bildirib: “Makronun bu addımı heç də o demək deyil ki, Fransa sözügedən məsələdə bundan sonra ədalətli mövqe sərgiləməyə çalışacaq. Paris Qarabağın statusunu gündəmə gətirmək niyyətindən əl çəkməyəcək. Azərbaycan isə Fransa – Ermənistan tandeminin hansı mövqe sərgiləməsindən asılı olmayaraq özünün prinsipial addımlarını atmaqda davam edəcək. Zənnimcə, bütün bunlar Makronun da diqqətinə çatdırılıb”.

Rüfət SULTAN



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button