İqtisadiyyat

Macarıstan və Rusiya qazın tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb

Rusiyanın “Qazprom” şirkəti və Macarıstan uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalayıblar.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, imzalama mərasimində “Qazprom” şirkətinin İdarə Heyətinin sədrinin müavini, “Qazprom Export” MMC-nin baş direktoru Yelena Burmistrova və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iştirak ediblər.
Məlumata görə, müqavilə 15 il ərzində ildə 4,5 mlrd. kubmetr həcmində qazın tədarükünü nəzərdə tutur. Qazın tədarükünə oktyabr ayının 1-dən start veriləcək və 10 ildən sonra müqavilənin şərtlərinə yenidən baxıla bilər.
Nazirin sözlərinə görə, qaz iki marşrutla (Serbiya – 3,5 mlrd. kubmetr və Avstriya – 1 mlrd. kubmetr) nəql ediləcək.
Qeyd edək ki, Macarıstan Azərbaycan qazının qəbul edilməsində maraqlıdır. Cari ilin mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra P. Siyarto bildirib: “Macarıstanın qaz boru xətləri Serbiya qaz kəmərləri ilə birləşəcək. Macarıstanın Cənub Qaz Dəhlizindən qaz alması vacibdir. Azərbaycan qaz istehsalını artıra da bilər. Bunun nəticəsində biz əhəmiyyətli miqdarda qaz ala və 2023-2024-cü illərdə Azərbaycan qazından asılı ola bilərik. Hətta SOCAR-la da danışıqlara başlanılıb ki, lazımi kəmərlər tikilsin”.
Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button