Mədəniyyət

Lesya Ukrainkanın “Meşə nəğməsi” kitabı ədəbi ictimaiyyətə təqdim olunub

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmlə ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi “Meşə nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.

Tərcümə Mərkəzindən bildirilib ki, Milli Kitabxanada reallaşan tədbiri mərkəzin Ukrayna üzrə koordinatoru Püstə Axundova açaraq kitabın müəllifi, görkəmli Ukrayna şairi Lesya Ukrainkanın yaradıcılığından danışıb, Azərbaycan oxucusuna ilk dəfə təqdim olunan bu kitabın Azərbaycan–Ukrayna ədəbiyyatlararası uğurlu əməkdaşlığın daha bir əlamətdar töhfəsi olduğunu bildirib.

Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi Georgi Selski çıxışında Lesya Ukrainka kimi görkəmli ədibin kitabının Azərbaycanda işıq üzü görməsini iki ölkənin ədəbi mühiti üçün əlamətdar hadisə adlandırıb, Ukrayna ədəbiyyatının Azərbaycanda belə geniş tanıdılmasına və təbliğinə görə Dövlət Tərcümə Mərkəzinə təşəkkürünü bildirib.

Xatırladaq ki, kitab görkəmli Ukrayna şairi, yazıçı, tərcüməçi, romantizm və tənqidi realizm janrının parlaq nümayəndəsi Lesya Ukrainkanın 150 illik yubileyi münasibətilə Ukrayna Kitab İnstitutu tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuş Dövlət Tərcümə Mərkəzinin tərcümə və nəşr layihəsi çərçivəsində reallaşıb.

Kitabın “Ön söz”ünün müəllifi Püstə Axundova, redaktoru Bəhlul Abbasovdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button