Siyasət

Lavrov-Çavuşoğlu GÖRÜŞÜ BİTDİ – “İndi top Ermənistanın meydanındadır”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün – dekabrın 29-da Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüş Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin Strateji Planlama üzrə Birgə Qrupunun iclası çərçivəsində baş tutub. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən fərqli münaqişələrdən tutmuş peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə ediblər. 

Müzakirələrdən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib ki, əsas diqqət Dağlıq Qarabağdakı duruma verilib. O, Ankaranın münaqişə tərəflərinin öhdəliklərinin icrasını asanlaşdırmaq arzusunun alqışlandığını qeyd edib: “Bu birgə mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılığı nəticəsində qurulur və hazırda aktiv yerləşmə prosesi gedir. Ümumi rəyimiz belədir ki, tərəflərdən heç biri Dağlıq Qarabağdakı vəziyyətdən istifadə edərək regiona əcnəbi muzdlular gətirməməlidir. Burada türkiyəli həmkarlarımızla eyni mövqeyi paylaşırıq. Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format daxil olmaqla, bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan əlaqələrini normallaşdıra bilərik”.

Mövlud Çavuşoğlu isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çətinliklərə baxmayaraq, barış əlini Ermənistana uzatdı, xoş niyyətini nümayiş etdirdi. “Hörmətli Prezidentimiz də, biz də dəfələrlə bildirdik ki, əgər davamlı sülh olarsa, Türkiyə, Azərbaycan və Ermənistan olaraq əlaqələrimizi normallaşdıra bilərik”.

Görüşün yekunlarını şərh edən politoloq Elxan Şahinoğlu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ağdamda ortaq monitorinq mərkəzi çərçivəsində iki ölkənin hərbçilərinin əməkdaşlığa başlayacaqları barədə fikirlərinə diqqət çəkib: “Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ortaq monitorinq mərkəzinin faydalı olacağını bildirməklə yanaşı, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bakıda birgə mətbuat konfransında səsləndirdikləri fikri xatırlatdı. İndi top Ermənistanın meydanındadır. Ermənistan hakimiyyəti və cəmiyyəti ikisindən birini seçməlidir: ya Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirməli və bu zaman növbəti ağır məğlubiyyətlərlə üzləşməli, ya da sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək, barış və inkişafa üstünlük verməklə regional əməkdaşlıqdan faydalanmalıdır. Ermənilərin hələ ki, ikinciyə üstünlük verdiyini müşahidə etmirik, onların nəyə üstünlük verəcəklərini gələn il parlament seçkisindən sonra yeni və ya yerində qalacaq hökumətin siyasətində görəcəyik”.

Politoloq Rusiya və Türkiyənin müttəfiq olmadıqlarını, bu iki dövləti strateji tərəfdaş adlandırmağın da çətindir olduğunu qeyd edib: “Sadəcə tərəfdaşdırlar. Əsas odur ki, bu iki ölkənin Suriya, Liviya və Dağlıq Qarabağ məsələsində yanaşmalarında fərqlər olsa da, daima dialoq içindədirlər və ortaq nöqtələr axtarmağa çalışırlar. Bu sıraya iki ölkənin birgə layihələrini də əlavə etmək lazımdır. Türkiyə ilə Rusiyanı Qərbin hər ikisinə qarşı sanksiyaları da yaxınlaşdırır. Bu yaxınlaşmadan Azərbaycan faydalanmalıdır. Türkiyəli hərbçilərin Dağlıq Qarabağa gəlişlərini həm də ona görə sürətləndirmək lazımdır ki, rusiyalı hərbçilər qarşılarında güc görsünlər və həmin güclə münaqişədən çəkinsinlər”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button