İqtisadiyyat

Kritik kütlənin formalaşması Azərbaycanda startap bazarını genişləndirəcək

“Azərbaycanda startap bazarının genişləndirməsi üçün ən vacib amil, bu sahəni bilən, sahibkarlıq düşüncəsinə malik olan insanların kritik kütləsini yaratmaqdır”.
Bunu “APA-Economics”ə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Fərid Əhmədov deyib.
Onun sözlərinə görə, ölkədə startapların formalaşması bir neçə amilə bağlıdır, bunun da başlıca səbəbi təhsildir.
“Yəni startapların davamlı olaraq ortaya çıxması insanların təhsili ilə bilavasitə bağlıdır. Startap bazarına bu gün nəzər salsaq, görərik ki, maraqlı startaplar var, maraqlı ideya ortaya qoyan insanlar var, hansılarla ki biz əməkdaşlıq edirik. İnkişaf üçün yer varmı? Təbii ki, var. Amma bunun üçün biz düşünürük ki, bazara ilk növbədə bu sahəni bilən, sahibkarlıq düşüncəsinə malik olan insanların bazarda kritik kütləsini yaradaq. Çünki bazarda texnologiya sahəsində olan insanların kritik kütləsi, startapların ortaya çıxmasına və onların sayının artmasına bilavasitə təsir edir”, – deyə F. Əhmədov qeyd edib.
Nazirliyin rəsmisi əlavə edib ki, bu sahə riskli olduğu üçün, normalda texnoloji sahibkarlığa getmək istəyən sahibkarların sayı çox az olur: “Bu, dünyada belədir. İnsanlar harada olmaq istəyir? Əmək haqqı alıb, komfort zonasında olmaq. Xüsusən texnologiyalar sahəsində əməkhaqqı yüksəkdir. Məhz buna görə bazarda bu gün kritik kütlə o qədər də böyük olmadığına görə, təbii ki, o insanların sayının da çox olmasını gözləmək bir qədər sadəlövhlük olardı. Ona görə də məhz o kritik kütlənin genişləndirməsi, startap hərəkatına qoşulanların sayının artmasına gətirib çıxaracaq. Bu, uzun vədəli bir yanaşmadır. Burda məsələ yalnız vergi güzəştləri və sair imtiyazlardan söhbət getmir. Vergi güzəştləri tətbiq oluna bilər, lakin insanların sayı lazımı sayda olmasa, sadəcə o vergi güzəştlərindən istifadə edən də olmayacaq”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button