İdman

“Keşlə”də mənə çox haqsızlıq oldu” – Nicat Qurbanov

“Neftçi”, “Kəpəz”, “Zirə”, “Sumqayıt” və “Keşlə”də çıxış etmiş Nicat Qurbanov 30 yaşında karyerasını bitirib. Hazırda Bakıdakı “Beşiktaş” futbol məktəbində məşqçi kimi çalışan Qurbanov Qol.az-a müsahibəsində karyerasını bitirməyinin səbəblərindən və qarşıdakı planlarından danışıb.

–  “Keşlə”dən ayrıldıqdan sonra nə işlə məşğulsan?

– Bir müddət düşündüm, gözlədim. Karyeramı davam etdirib-etdirməməyimi fikirləşdim. Bu dövrdə Azərbaycandakı “Beşiktaş” futbol məktəbindən məşçiliklə bağlı təklif gəldi. Razılaşdım, hazırda məşqçiliklə məşğulam.

– 27 yaşında da futbolçu karyeranı bitirmişdin. Ancaq daha sonra Gürcüstanın “Samtredia” klubunda oynadın. İndi karyeranla bağlı qəti qərar vermisən? 

– Bəli. Artıq qərar vermişəm. Birinci dəfə istəmədən o vəziyyət yaranmışdı. İndi isə düşünülmüş qərardır. Bundan sonra da AFFA-nın kurslarında biliklərimi artıracağam. Kursa yazılmışam. Məni çağırmaqlarını gözləyirəm. Artıq futbolçu karyeramı bitirməyə tam qərar vermişəm.

– “Keşlə”dən ayrıldıqdan sonra hansısa klubdan təklif gəlmədi?

– Premyer Liqamızdan yox idi. Yenidən Gürcüstana gedə bilərdim, amma şərtləri məni qane etmədi. Ona görə də razılaşmadım.

– Gürcüstanda yaxşı çıxış edirdin, qollar vururdun. Azərbaycana qayıtmağına peşman deyilsən ki?

– Əlbəttə ki, peşmanlıq var. Gürcüstanın başqa klublarından da real təkliflərim var idi. Elə bu gün də düşünürəm ki, kaş  ki, qalardım. Sadəcə, bəzi məsələlərə görə qayıtmalı oldum. Bu da tam öz istəyimlə olmadı. Düşünürəm ki, bu da bir dərsdir. Amma karyeramın bu cür sona çatmağını istəməzdim. Düzdür, “Keşlə” ilə kuboku qazandım. Ancaq orada kubokdan başqa xoş olan bir şey görmədim.

– “Keşlə”dən hansı formada ayrıldın? Klubdan incidiyin hiss olunur. 

– Müqaviləm bitdi. Bilirdim ki, uzatmayacaqlar. Mənə əməlli başlı haqsızlıq olundu. Ona görə də belə ayrılıq yaşandı. Yaxşı ayrılmaq başqa şeydir. Mənə çox böyük haqsızlıqlar oldu. Əslində “Keşlə” mövzusuna çox toxunmaq istəmirəm. Mənim üçün xoş olmayan bir dönəm idi.

– “Samtredia”nın aparıcı futbolçularından biri idin. “Keşlə”də heyətə düşə bilməməyin doğrudan da maraqlı idi.

– Mən Yunis Hüseynovun istəyi ilə “Keşlə”yə gəlmişdim. Sonra onu Sənan Qurbanovla əvəzlədilər. Düzdür, ilk 6 ay normal oynadım, amma sonra demək olar ki, 6 ay ehtiyatda qaldım. Məşqçinin verdiyi qərarı öz vicdanına buraxıram.

– Bəlkə Sənan Qurbanovla şəxsi münasibətlər normasında deyilmiş?

– Yox, mənim heç kimlə problemim omayıb. Sadəcə, oyun şansı almadım. Bəlkə də, onun oyun prinsipinə uyğun olmadım. Amma “Keşlə” elə klub deyil ki, mən orda oynamaq gücündə olmayım.  Oynaya bilərdim.

– 30 yaşında futbolçu karyerasını bitirmək tez deyil?

– Təbii ki, tezdir. Mən bu günün vəziyyətinə uyğun qərar verdim. Məşqçilik təklifi də belə qərar verməyimdə rol oynadı. Bəlkə də, təklif olmasaydı, yenə nəsə düşünərdim. Onsuz da futbolçular çoxu başqa işlə yox, məşqçiliklə məşğul olur. Mən də neçə illərdir futbolun içindəyəm, bu işi bilirəm. Düzdür, məşqçinin işi tamam fərqli və məsuliyyətlidir, amma yenə də ən azından bildiyim peşə ilə məşğul oluram. Yaxşı da təklifdir. Özümə yeni bir səhifə açmışam. İnşallah məşqçilik futbolçu karyeramdan uğurlu olar.

– “Beşiktaş” futbol məktəbəində işlərin necə gedir?

– Artıq bir aydır buradayam. Uşaqlarla işləyirəm. Hər şey qaydasındadır. Mənə yad olmayan bir işlə məşğulam, həvəsliyəm. AFFA-nın kurslarını da keçsəm, lisenziya alsam, daha da irəli getməyi fikriləşirəm.

– Planın nədir?

– Bunu zaman göstərəcək. Hələ ki, uşaq futbolunu yaxşı bilməliyəm. Bu, təməl sayılır. Daha sonra böyük futbola da keçmək istəyirəm. Əvvəlcə aşağıdan başlamaq lazımdır. Birdən-birə böyük futbolla məşğul olmaq düzgün deyil. Hər şeyin təcrübəsini görmək istəyirəm. Hələ ki, buradayam.  İnanıram ki, istədiyimə çataram.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button