GündəmManşet

Keçmiş MTN generalının mal-mülkünün dəyəri milyarddan yuxarıdır – məhkəmə işi

“Bu imarəti Mövlam Şıxəliyev məndən, mənim kimi iş adamlardan cinayət yolu ilə alınan milyonlarla pulun hesabına tikib. Bura Novxandakı ”Aqua Park”ın bir addımlığıdır, dənizin sahilidir. Sual verirəm: haradandır Mövlam Şıxəliyevdə bu qədər pul? Onun Novxanıda 5 belə imarəti var! Bu qədər varı-dövləti cinayət yolu ilə əldə edib. Ona görə də xalq bilməlidir ki, Eldar Mahmudovun, Zakir Qaralovun, Rüstəm Usubovun rəhbərliyi altında Mövlam Şıxəliyev bizə qarşı cinayətləri törətməklə belə mal-mülk sahibi olub. Bir insan 5 imarəti, sarayı neyləyir? Bu adamlar layiqli cəzalarını almalıdırlar”.

“Yeni müsavat” xəbər verir ki, bu sözləri “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov Mövlam Şıxəliyevin Novxanıdakı mülkünün qarşısına gedərək orada mətbuat nümayəndələrinə deyib.

Hüseyn Səfərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə 32 zərərçəkəndən biridir. Onu 2008-ci ildə 76 gün MTN-də saxlayıb ailəsindən 2 milyon dollar alıblar. Hüseyn Səfərov deyir ki, həmin günlərdə MTN-də barəsində polisin səlahiyyətləri mənimsənilməklə qondarma cinayət işi başlanıb. Onu övladlarının həbsi ilə təhdid etməklə ailəsindən 3 milyon dollar tələb ediblər və nəticədə 2 milyon dollar alıblar.

Zərərçəkən deyir ki, Bakı Hərbi Məhkəməsində onlara mülki iddialarını təqdim etməyə imkan verilmir. Mövlam Şıxəliyevin isə çoxsaylı əmlaklarının çox cüzi hissəsi siyahıya alınıb.

Mövlam Şıxəliyevin imarətinin qarşısında Hüseyn Səfərov sabiq rəisin çoxsaylı əmlaklarından danışıb: “Araşdırma apararaq Mövlam Şıxəliyevin ölkə daxilində və xaricdə çoxsaylı əmlaklara sahib olduğunu öyrənmişəm. Gördüyünüz bu imarət 6 mərtəbədən ibarətdir. 2 mərtəbəsi yerin altında, 4 mərtəbəsi isə üstdədir. Əslinə qalsa, bu saray, malikanə mənim pulumun hesabına tikilib. Mövlam Şıxəliyev bu qədər mal-mülkü haradan alıb? Bu imarətin təkcə hasarına fikir verin. Görün bura nə qədər beton töküblər. 2 milyon pulu tək bu hasara xərcləyiblər. Hələ bu harasıdır? 

Təsəvvür edin ki, bizdən aldıqları pullar hesabına elə bu imarətdən bir az aralıda daha da böyük bir imarət tikdirib. Orada da vətəndaş nikahında olan başqa bir xanımı saxlayır. Novxanıda onun 5 belə imarəti var. Bu qədər qan-irin yemək olar? Bu adamın bizlərdən aldığı pullarla birgə mal-mülkünün dəyəri milyarddan yuxarıdır. Yüzlərlə sahibkarı məhv edib bu varidatı əldə edib. Bu barədə hesabat verməlidir. Hər ay onun obyektlərindən 2 milyon manata yaxın icarə və s. pullar yığılır. Bu adamın maşınlarının sayı-hesabı yoxdur. Ailələri bu gün də həmin şad-xürrəm həyat tərzini keçirirlər. Allah eləsin ömrünün qalan hissəsini həbsdə keçirsin. Biz sahibkarların ah-naləsi yerdə qalmasın”.

 

 

Zərərçəkən deyib ki, Mövlam Şıxəliyevin “Sahil” metrostansiyası üzərində inşa olunmuş binada 7 mənzili var: “Orada mənzilin 1 kvadrat metri 5-6 min manatdır. Bir mənzilin 1-2 milyon dəyəri var. Nizami rayonunda mebel şəbəkəsi mağazaları var. Həmin şəbəkəni bacısı oğlunun adına rəsmiləşdirib. Bunun malı-mülkü təkcə Azərbaycanda deyil. Mövlam Şıxəliyevin Türkiyədə 17 milyon dollarlıq mal-mülkü var. Məhkəmədə bu faktları sənədlərlə deyəcəyəm. Mövlam Şıxəliyevin Dubayda, Palma adaları deyilən ərazidə villaları var. Orada villalar oğlunun və qızının adınadır”.Zərərçəkən deyir ki, Mövlam Şıxəliyev onlara qarşı cinayətləri təkbaşına görməyib: “Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubovun dəstəyi ilə onlarla hesablaşmaqla Mövlam Şıxəliyev bu cinayətləri törədib. Azərbaycan tarixində belə rüşvətxor məmur olmayıb. Bu gün də gedib vəkili vasitəsilə qəzetlərdə çıxış edir, deyir ki, mən bu cinayətləri törətməmişəm. O, çıxışında deyir ki, mən bu işləri tək görməmişəm, prokurorluğun ovaxtkı rəhbərliyi ilə birgə görmüşəm. Yəni sözündən belə çıxır ki, mən bu işləri görmüşəmsə də, bəs Zakir Qaralov, Rüstəm Usubov hara baxırdılar? Niyə göz yumurdular? Mən deyim: Rüstəm Usubovun 3 övladının hərisinin adına da rəsmi olaraq 50-dən artıq mənzil var. Ümumilikdə həmin mənzillərin dəyəri 250 milyon manatı ötür. Bu əmlaklar Eldar Mahmudovun, Mövlam Şıxəliyevin cinayətlərinə göz yummaq hesabına əldə edilib. Bu gün məhkəmədə bizim çıxışlarımıza imkan verilmir. Buna görə də məcburuq ki, Mövlam Şıxəliyevin imarətinin qarşısında dayanıb onu, onunla bərabər bu cinayətkar quldur dəstəni ifşa edib ictimailəşdirək. Bu cinayətkarları şir eləyən tək kresloları idi. Bu gün isə cücəyə dönüblər. Mövlam Şıxəliyev, onun yanında Vüsal Ələkbərov, digərləri cücəyə dönüblər. Bu adamlar qorxaqdırlar, sərçə ürəyi boyda ürəkləri var. Özünüzü vəzifədə olanda yekə hesab edirdiz, bu gün çıxın ortaya, cəsarətiniz olsun”.

 

 

Zərərçəkən deyir ki, MTN-də təqsirləndirilən şəxslərin illərlə törətdiyi cinayətlər son nəticə olaraq MTN-in, ümumiyyətlə, qurum olaraq ləğvinə gətirib çıxarıb: “Ölkədə sahibkarlığı məhv etdiklərinə görə, vətəndaşlara qarşı olmazın cinayətlər törətmələri nəzərə alınaraq ölkə başçısı Prezident İlham Əliyev ”dəmir yumruğ”u MTN-ə vurdu. Bu gün Bakı Hərbi Məhkəməsində proses açıq elan edilməsinə baxmayaraq, heç bir jurnalist prosesə buraxılmır. Məhkəmədə də demişəm, ki, siz hakimlər jurnalistləri məhkəməyə buraxmırsız, biz də baş verənləri mətbuata deyəcəyik və bununla məhkəmədə baş verənləri ictimailəşdirəcəyik. İmkan verməyəcəyik ki, məhkəmə “yorğan altında” keçirilsin. Ümid edirik ki, ölkə rəhbərliyi bizim səsimizi eşidəcək. Mən ölkə rəhbərliyinə açıq məktub yazıb bunların cinayətlərinin nədən ibarət olduğunu rəsmən bildirmişəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button