Gündəm

Keçmiş başçının həbsdə öldüyü deyilir

Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, Azərbaycan silahlı qüvvələri  Ermənistan-Azərbaycan sərhədində, Ararat bölgəsində yerləşən mövqelərinə  atəş açıb

Ermənistanın Müdafiə Nazirliyi iddia edir ki, bu gün – sentyabrın 1-də Azərbaycan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində, Ararat bölgəsində, xüsusən də Yerasx ərazisində yerləşən mövqelərinə atəş açıb.

Nəticədə bir hərbçinin həlak olduğu vurğulanır. Nazirliyin məlumatına görə 39 yaşlı kiçik çavuş məhz güllədən ölümcül yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hərəkətlərini qəti şəkildə qınadıqlarını və cavabsız qalmayacağını bildirib.

“Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – deyə nazirlik qeyd edib.

Rəsmi Yerevan iddia edir ki, ötənilki Qarabağ müharibəsindən sonra bu, Azərbaycan atəşi ilə öldürülən onuncu əsgərdir.

Azərbaycan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə bu məlumatı təkzib edib.

Nazirlik vurğulayıb ki, son vaxtlar Ermənistan nümayəndələri Azərbaycan ordusunun hərbi qulluqçularının atəşkəsi pozması, meşə yanğınlarının törədilməsi, malqara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar:

“Bildiririk ki, bugün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bugün məlumatda göstərilən istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.”

Nazirlik əlavə edir ki, Ermənistan ordusunda baş verən cinayətlər orada hökm sürən nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan ordusu ilə heç bir əlaqəsi yoxdur

Son aylar istər Qarabağda, istərsə də Azərbaycan Ermənistan sərhəddində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir.

Tərəflər baş verənlərə görə, bir-birlərini qınayırlar. Hətta, bu zaman ölən və yaralananların olduğu da vurğulanır.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.



AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button