Cəmiyyət

“ITEC Günü-2021” qeyd edilib

Hindistanın Müstəqilliyinin 75-ci ildönümünü qeyd etmək üçün keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi “Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” ilə bağlı tədbir təşkil edib. İstiqlal.az xəbər verir ki, səfir Bavitlunq Vanlalvavna çıxışında ITEC proqramının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdən alimlərin potensialının artırılması üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə Hindistan Hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” adı altında bayram tədbirlərinin təşkil olunması barədə məlumat verib. Səfir, iki ölkə arasındakı ikitərəfli ticarətin bu ilin ilk yarısında ötən ilə nisbətən 21 faizdən çox artdığını da qeyd edib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev və millət vəkili Soltan Məmmədov tədbirdə çıxış edərək ITEC məzunlarını ITEC təlim kurslarında uğurla iştirak etmələri münasibətilə təbrik edib. ITEC məzunları təhsilləri zamanı əldə etdikləri bilikləri öz iş sahələrində istifadə etdiklərini vurğulayaraq Hindistanda keçirilən ITEC təlimləri zamanı yaddaqalan təcrübələrini bölüşüb. ITEC Proqramı çərçivəsində Hindistan Hökuməti ölkənin ən yaxşı təhsil müəssisələrində çoxsaylı fənlər üzrə 300-dən çox qısamüddətli və ortamüddətli kurslarda iştirak üçün tam maliyyələşdirilən təqaüdlər təqdim edir. ITEC kurslarına qatılmaq üçün hər il Azərbaycandan Hindistana 20-30 iştirakçı səfər edir. Pandemiya başlayandan bu təlim proqramları onlayn rejimə keçib və son bir ildə e-ITEC proqramlarında Azərbaycanın 90-dan çox hökumət rəsmisi iştirak edib. 25-45 yaş arası Azərbaycan Hökumət rəsmiləri ITEC kurslarına müraciət edə bilərlər. İştirak etmək istəyənlər onlayn ərizə formasını doldurmalı və doldurulmuş formanın bir nüsxəsini əlaqədar Nazirlik vasitəsilə Səfirliyə təqdim etməlidirlər. e-ITEC kursları, Qaydalar və Şərtlər və s. haqqında daha çox məlumatı https://www.itecgoi.in/e-itec saytında əldə etmək olar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button