İqtisadiyyat

İsveçrə saatlarının ixracı pandemiyadan əvvəlki ilə nisbətən 0,7% artıb

Bu ilin avqust ayında İsveçrə saatlarının ixracı praktiki olaraq 2019-cu ilin analoji ayında qeydə alınan göstəriciyə çatıb. Ötən ay ixrac göstəricisi illik ifadədə 0,4% azalaraq 1,519 mlrd. İsveçrə frankı (1,637 mlrd. ABŞ dolları) təşkil edib. Cari ilin iyul ayında artım 7,6%, iyunda isə 12,5% olub.
“APA-Economics”in məlumatına görə, bu barədə İsveçrə Saat Sənayesi Federasiyasının açıqlamasında deyilir.
Ötən ilin avqust ayı ilə müqayisədə (pandemiya dövrü) saat ixracı 11,5%, iyulda 29,1%, iyunda 71%, mayda isə 2,7 dəfə artıb. Aprel ayında 2020-ci ilin aprel ayı ilə müqayisədə artım 5,5 dəfə, mart ayında isə 37,2% olub, bundan əvvəl saat ixracında 13 ay ardıcıl olaraq azalma qeydə alınmışdı.
Avqustda ixracın böyük hissəsini təşkil edən qol saatlarının tədarükü 2019-cu ilin avqust ayına nisbətən 0,4% azalaraq 1,443 mlrd. frank (1,555 mlrd. dollar) təşkil edib.
İsveçrə saatlarının Çinə ixracı 2019-cu ilin avqust ayına nisbətən 55,3% artaraq 226,8 mln. franka (244,4 mln. dollar), ABŞ-a – 19,6% artaraq 212,6 mln. franka (229,1 mln. dollar), Böyük Britaniyaya – 3% artaraq 100,9 mln. franka (108,7 mln. dollar) çatıb. Eyni zamanda, Honkonqa ixracat 26,2% azalaraq 122,8 mln. frank (132,3 mln. dollar), Almaniyaya – 2,6% azalaraq 81,1 mln. frank (87,4 mln. dollar), Sinqapura isə 11,5% azalaraq 78,3 mln. frank (84,4 mln. dollar) təşkil edib. Bu altı ölkə avqustda İsveçrə saatları bazarında 54,2% paya sahib olub. Ümumilikdə, sözügedən ölkələrə saat tədarükü illik ifadədə 8,2% artıb.
Yanvar-avqust aylarında İsveçrə saatlarının ixracı 2019-cu ilin analoji dövrü ilə (pandemiyadan əvvəlki dövr) müqayisədə 0,7% artaraq 14,202 mlrd. frank (15,306 mlrd. dollar) təşkil edib. İllik ifadədə artım 44,5% olub.
Xatırladaq ki, “APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin yanvar-iyul aylarında İsveçrənin Azərbaycanın qol saatları idxalında miqdar ifadəsində payının cəmi 1,1% olmasına baxmayaraq, dəyər ifadəsində ölkə Azərbaycana saat tədarükündə liderdir. Belə ki, Azərbaycan yanvar-iyul aylarında İsveçrədən 4,484 mln. dollarlıq 6 412 vahid qol saatı gətirib. Bu, illik müqayisədə miqdar ifadəsində 2,1 dəfə, dəyər ifadəsində isə 2,8 dəfə çoxdur.
Əlavə edək ki, İsveçrə Azərbaycana əsasən adi korpuslu elektriklə işləyən mexaniki indikasiyalı qol saatları (1,083 mln. dollarlıq 5 246 vahid) və adi korpuslu avtomatik qurulma ilə qol saatları (1,787 mln. dollarlıq 802 vahid) ixrac edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button