İqtisadiyyat

İstifadəçilər sosial mediada hər gün ortalama 1,5 saat vaxt keçirir

Dünya istifadəçiləri sosial şəbəkələrdə orta hesabla gün ərzində 1,5 saat vaxt keçirir, üstəlik, onların 29%-i bu cür xidmətlərdən işdə yararlanır.
“APA-Economics”in məlumatına görə, bu barədə “Kaspersky” şirkətinin yeni qlobal sorğusuna dair dərc olunmuş açıqlamada deyilir. Sorğuda 25 ölkədən 15 mindən çox şəxs iştirak edib.
Sorğuda iştirak edənlərin təxminən yarısı (44%) blogerləri izlədiyini, həmin istifadəçilərin də 47%-i bunun onlara reallıqdan uzaqlaşmağa kömək etdiyini bildirib. Hər onuncu şəxs isə bildirib ki, onlar fikir liderlərinin həyatı ilə bağlı xəbərlərdən kənarda qalanda, çatışmazlıq hissi keçirir.
Blogerlər və ya sosial şəbəkədə geniş auditoriyaya malik ulduzlar öz izləyicilərinə böyük təsir göstərirlər. Belə ki, sorğuda iştirak edənlərin 31%-i qeyd edib ki, bəzi məsələlərə münasibətlərini məhz tanınmış insanlar sayəsində dəyişib, 38%-i isə onların tərz və ya vərdişlərindən ilhamlandığını etiraf edib. Maraqlıdır ki, respondentlərin 22%-i blogerlərə şəxsi mesaj göndərib və təxminən eyni sayda (21%) şəxs onlarla dostluq edə biləcəyinə inanır.
“Çoxları hələ də sosial şəbəkələrin mənfi və müsbət tərəfləri arasında balans axtarışındadır. Baxmayaraq ki, sosial şəbəkələr bu gün bir çox məsələlərdə cəmiyyətə müsbət təsir göstərir – bu fikri sorğuda iştirak edənlərin yarısı dəstəkləyir – təəssüf ki, bu cür platformalar fırıldaqçılıq, saxta xəbərlər və dipfeykin (“deepfake” – foto və ya videodakı şəxsin başqa birinin bənzərliyi ilə əvəz edilməsi – red.) yayılması üçün tez-tez istifadə edilir. Təcavüzkarlar mütəmadi olaraq fikirlərinə çoxlarının önəm verdiyi blogerlərin adından çıxış edirlər. Məhz buna görə də, tənqidi düşüncəni saxlamaq və internetdən gələn məlumatlara diqqətlə yanaşmaq lazımdır”, – deyə “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.
Təcavüzkarların qırmağına keçməmək üçün “Kaspersky” şirkəti hesabları qorumaq məqsədilə etibarlı şifrlərdən (müxtəlif ölçülü hərflərdən, rəqəmlər və xüsusi simvollardan ibarət ən az 12 simvollu şifrə) istifadə etməyi; ikifaktorlu identifikasiyanı dəstəkləyən xidmətlərdə bu funksiyadan istifadə etməyi; şübhəli linklərə keçid etməməyi və login və şifrə istəyən resursun ünvanını diqqətlə yoxlamağı; zərərli proqramlar və ya fişinq saytlarına keçiddən qoruyan etibarlı qoruma həllindən istifadə etməyi tövsiyə edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button