Siyasət

İran səfiri: “Azərbaycan ərazilərinin işğaldan azad olunmasından məmnunuq”

“İran və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığı çox mühüm mövzudur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizi sevindirir”.

İstiqlal.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, rəsmi görüşlərdə azad edilmiş ərazilərin infrastrukturunun bərpası ilə bağlı layihələrdə İran şirkətlərinin iştirakı müzakirə olunub:“Biz İran şirkətləri ilə müqavilələrin imzalanmasını gözləyirik”.

Ölkələr arasında sərhəd məntəqələrinə gəlincə, səfir qeyd edib ki, hazırda onlardan dördü var və daha ikisinin Xudafərin və Parsabadda açılması planlaşdırılır.  Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirən Seyid Abbas Musəvi bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında müzakirə mövzusudur: “Hər halda İran istənilən qərara hörmətlə yanaşacaq”.

Daha sona diplomaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatı regional inkişafa töhfə verir. Onun sözlərinə görə, region ölkələrinin bu formatda iştirakı sayəsində kənar qüvvələrin regiona təsiri azalır.

“İran qonşu ölkələrlə dostluq münasibətlərinin qurulmasına xüsusi diqqət ayırır. Azərbaycan və İran arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf edir, ölkələr bir-birini dəstəkləyir” deyən İran səfiri əlavə edib ki, İran Prezidenti İbrahim Rəisinin Türkmənistana səfəri və orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi çox əhəmiyyətli hadisə idi: “Aşqabad səfəri ölkələr arasında münasibətlərin inkişafında böyük rol oynadı. Prezidentlərin görüşü ikitərəfli münasibətlərdə yeni mərhələnin başlamasına səbəb oldu”.

Seyid Abbas Musəvi deyib ki, kənar qüvvələr olmasaydı, Azərbaycan və İran arasında münasibətlər daha fəal inkişaf edərdi: “Bəziləri mətbuatdan istifadə edərək yalan məlumat yaymaqla ölkələr arasında münasibətləri pozmağa çalışır. Xoşbəxtlikdən süni şəkildə yaradılmış problemləri tez aradan qaldırdıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button