ManşetSiyasət

İran Azərbaycandan nə istəyir? – təhlil

Son günlər İrandan Azərbaycana qarşı yönələn aqressiya açıq forma alıb. Ən yüksək dövlət rəsmilərindən tutmuş, millət vəkillərinə, din xadimlərinə qədər bir çox təbəqələrdə əleyhimizə iftira, şər dolu çıxışlar edilir, Azərbaycan təhdid olunur.

Sosial şəbəkələrdə güneyli soydaşlarımızın aktiv etiraz paylaşımları da bu faktı təsdiqləyir.

Bəs bu qəzəbi, məyusluğu haqlı edən səbəblər hansılardı?

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, İranın Ermənistana qarşı mövqeyi təkcə indi deyil, hər zaman təəccüb, narahatlıq və təəssüf doğurub. Necə ola bilir ki, Azərbaycan, Pakistan və Türkiyə kimi müsəlman dövlətlər eyni cinahda həmrəy olduqları bir zamanda İran Ermənistanla eyni cinahda birləşib Azərbaycana müəyyən təzyiq göstərmək üçün hərbi təlimlər keçirir? Bu isə belə deməyə tam əsas verir ki, İran elə ötən əsrin 90-cı illərində də müsəlman qardaşına deyil, məhz müəyyən mənfəəti hesabına Ermənistana dəstək verib: “Çünki hələ 1992-ci ildə Tehranda Azərbaycan rəhbərliyi Ermənistan rəhbərliyi ilə danışıqlar apardığı zaman Şuşanın işğalı olunmasında İranın üzərinə xeyli şübhələr yönəltdi. Bu məsələdə İranın da Ermənistanla müəyyən koordinasiyalı fəaliyyətinin olduğu Azərbaycan cəmiyyətində hər zaman danışılmaqda idi. Digər tərəfdən isə işğal olunmuş ərazilərdə, bu torpaqların istismar olunmasında, onların evlərinin dağıdılmasında, dəmir yol reyslərinin sökülüb aparılmasında İran şirkətləri, fərdi sahibkarları Ermənistanla əməkdaşlıq ediblər. Bu ərazilərin dağıdılması birbaşa Ermənistanla İran vətəndaşlarının üzərinə düşən məsuliyyətdir”.

Uzun illərdir Ermənistanın blokadadan çıxmasına məhz İranın tam olaraq şərait yaratdığını deyən deputat hesab edir ki, İran hər vəchlə əlindən gələni etdi ki, Ermənistan zəifləməsin. Halbuki İran hesiyyatlı bir davranış nümayiş etdirmək istəyirdisə məscidlərimiz dağılanda, orada donuz saxlanılanda, evlər və tarixi abidələr xarabalığa çevriləndə Ermənistana ciddi cavab verməli idi. Amma o zaman və indi də İrandan səs çıxmadı: “Azərbaycan həm də bəyan edir ki, bölgədə yeni reallıqlar yaranır və Azərbaycan da elə bir dövlətdir ki, onu bu cür təhdidlə hansısa bir şəkildə geri çəkmək mümkün deyil. Biz öz haqlarımızın qorunması istiqamətində ciddi addımlar atacağıq. Azərbaycan bu məsələlərdə özünün iradəsinə arxalanır, kiminsə himayəsində olan dövlət deyil. Azərbaycanın sanki hansısa başqa ölkələrin köməyi ilə hər şey əldə etdiyinin görüntüsünü yaratmaq bizə qarşı olan hörmətsizliyin bir görüntüsüdür. Çünki 44 günlük savaş göstərdi ki, Azərbaycan ordusu bölgədə ən güclü ordulardan biridir. İstənilən düşmənin hücumunu dəf etməyə qadirdir”.

Ermənistanla İranın həyata keçirdiyi iqtisadi layihələr də mənasız və məzmunsuz bir layihələr olaraq qalacaq. Çünki bunun inkişaf perspektivi yoxdur. Əksinə Azərbaycanın təklif etdiyi formatla İran razılaşmalı olsa komunikasiya xətlərinin açılması İranın həm sanksiya yükünün yüngülləşməsinə, həm də bölgədə müəyyən dərəcədə yeni bir situasiyanın yaranmasına səbəb ola bilər. Bu iki istiqamətdə bütün proseslər daha obyektiv şəkildə tənzimlənməlidir və İran da bu məsələlərdə özünün konstruktiv rolunu ortaya qoymalıdır. Əks halda bölgədə barışın təmin olunması mümkün olmaya bilər.

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycanın işğal altında olan ərazilərindən istifadə etməklə İran Ermənistanla narko-ticarət əlaqəsi yaradırdı: “ Birinci biz həmin beynəlxalq narko-ticarətin yolunu bağlamış olduq. İran bundan çox narahat oldu. İkincisi qeyri-qanuni daşımalarla həm Xankəndinə, həm də Qarabağa, Ermənistana İran müəyyən dərəcədə silah və hərbi sursat təyinatlı malları gətirirdilər və ya bunları Avropadan alıb İrana ötürürdülər. Bu strateji yolu da Azərbaycan nəzarətinə götürdü. Üçüncü isə Azərbaycan Gorus-Qafan yolunun sahibi kimi bu təyinatlı yükləri yoxlamağa tam haqqı var idi və bunu həyata keçirdikdən sonra artıq biz Ermənistan-İran münasibətlərində Azərbaycana yönəlik istiqamətlərin də dəyişməsinin şahidi olduq”.

Siyasi şərhçi vurğuladı ki, Azərbaycan öz ərazisindən heç bir zaman qonşu ölkələrə qarşı hər hansı bir dövlətin istifadə etməsinə şərait yaratmayıb. Hazırda İranı narahat edən Azərbaycanla İsrail münasibətləri isə İrana qarşı yönəlməyib. Bu münasibətlər sadəcə təsərrüfat xarakteri daşıyır. İşğaldan azad olunmuş ərazilərin abadlaşdırılmasında bəzi İsrail şirkətləri fəaliyyət göstərir ki, bu da işlər tamamlana kimi nəzərdə tutulur. Əslində İran Azərbaycan iqtisadi münasibətlərini genişləndirmək üçün bu təkliflərlə İran şirkətlərinə də şərait yaradıb: “İran tərəfi təəssüf ki, dini amil altında mollaların, din xadimlərinin, bütövlükdə Azərbaycanın dini görüşünü təhdid edən açıqlamalarla çıxış etməsinə rəvac verirlər. Dünyanın heç bir yerində olmayan dini birlik var, ilk dəfə Azərbaycanda sünnilərin və şiələrin birgə namaz qıldığı Heydər məscidi fəaliyyət göstərir. İkincisi isə deyə bilərik ki, Azərbaycan xalqı tolerant xalqdır, heç bir dini görüşlərə qarşı fəaliyyət göstərməyib. Azərbaycanda hər bir dinə mənsub olan şəxslər rahat şəkildə öz dini ibadətlərini həyata keçirə biliblər. Amma təbii ki, Azərbaycan milli təhlükəsizliyinə təhdid olan, digər dinlərə qarşı terror xarakterini özündə bəsləyən görüşlərə qarşı Azərbaycan Milli Təhlükəsizlik orqanları hər zaman ayıq sayıqdır və ciddi şəkildə fəaliyyət göstərirlər”.

Digər bir önəmli məqam isə xalqın özünün bilavasitə bu məsələlərdə kifayət qədər açıq mövqe nümayiş etdirməsi və həqiqətən də xaricdən gələn təxribatlara icazə verməməsidir. Məhz bu kimi amillərdən daha da qıcıqlanan Amili kimilər Azərbaycana daha çox dil uzatmağa çalışırlar və ən gözəl cavabı da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən aldılar.

APA TV

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button