İqtisadiyyat

İqtisadiyyat Nazirliyi tərəfindən lisensiya alan sahibkarların sayı açıqlanıb

Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən  2 noyabr 2015-ci il tarixindən 1 iyul 2021-ci il’ədək 11 018 lisenziya verilib.
“APA-Economics”in nazirliyə istinadən verdiyi məlumata görə, o cümlədən, “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək 2 059 elektron lisenziya verilib.
2021-ci ilin birinci yarısında lisenziyalaşdırılan fəaliyyət növləri üzrə 731 lisenziya verilib ki, bunun da 621-i yeni, 47-i müddətsiz lisenziya blankı ilə əvəz etmə, 63-ü yenidən rəsmiləşdirmədir.
Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsində aparılmış islahatların nəticəsi olaraq lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib. İslahatlar aparılarkən lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 37-ə, 15 iyul 2021-ci il tarixindən isə 36-a endirilib. İqtisadiyyat Nazirliyi tərəfindən verilən (dövlət təhlükəsizliyi ilə bağlı lisenziyalar istisna olmaqla) lisenziyaların sayı 23-dür.
Lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə, dövlət rüsumunun məbləğləri 2 dəfə azaldılıb. Sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, lisenziyalar 2 noyabr 2015-ci il tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. 14 mart 2018-ci il tarixindən lisenziyaların “Lisenziyalar və icazələr” portalı üzərindən də verilməsinə başlanıb. Sahibkarların işinin daha da asanlaşdırılması məqsədilə ötən ilin fevralından lisenziyaların verilməsi  KOB evləri vasitəsilə də həyata keçirilir.
Ümumilikdə verilmiş lisenziyaların 60%-ə qədəri, o cümlədən 2021-ci ildə verilmiş lisenziyaların 85%-ə qədəri yeni lisenziyalardır ki, bu da aparılan islahatların nəticəsi olaraq sahibkar fəallığını əks etdirir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq, elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-ci və 2021-ci ilin ötən dövründə 80-dan çox sahibkara sürətli poçt fəaliyyəti üzrə lisenziya verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button