Cəmiyyət

İntihar və qətl Silahlı Qüvvələrdə yox, cəmiyyətdədir! – Psixoloji durumun inikası – təhlil

Azərbaycan İkinci Qarabağ Savaşında döyüş meydanında Ermənistanı darmadağın etdikdən, Qarabağımızı işğaldan qurtardıqdan, düşmən üzərində parlaq qələbə çaldıqdan sonra bir məqam xüsusi vurğulanırdı: Müharibə döyüş meydanında bitdi, ancaq informasiya cəbhəsində uzun müddət vuruşmalıyıq, burada da qalib olmalıyıq.
Bu çağırış heç də təsadüfi deyildi və ötən qısa zaman da göstərir ki, bu məsələdə maksimum həssas olmaq lazımdır, vacibdir, zəruridir.

Çünki dövlətimizin erməni faşizmi üzərində qələbə çalması, Qarabağı azad etməsi dünyadakı bir sıra ermənipərəst dairələrin anti-Azərbaycan, bütövlükdə bölgəmizlə bağlı sözün əsl mənasında yaramaz planlarını da tamamilə pozdu. Odur ki, onların qarşıda fərqli və çirkin taktikalar quracağı gözlənilən idi…

Azərbaycanın bədxahlarını hər zaman ciddi narahat edən, onların eybəcər əməllərinə qarşı sipər olan hal cəmiyyətimizin milli, dövlət, Qarabağ, Silahlı Qüvvələr məsələlərində yumruq kimi birləşə bilmək qabiliyyəti olub. İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında necə birləşdiyini bütün dünya gördü.

prezident.jpg (475 KB)
Elə bilirsiniz dünyadakı dağıdıcı missiya daşıyan güclər kor-təbii iş görür və ya nələrisə görmür? Qətiyyən! Onlar qara niyyətlərinə çatmaq üçün beyin mərkəzləri, şəbəkələr qurur, əlaltılar toplayır və soxulmaq, hansısa destruktiv planlarını icra etmək istədikləri cəmiyyətlərin zəif və güclü yerlərini bütün mümkün vasitələrlə dəqiqliklə öyrənməyə çalışır və maksimum müəyyən edir, ardınca uyğun planlarını icra etməyə başlayırlar…

Qeyd etdiyimiz kimi, biz zaman-zaman müşahidə etmişik ki, Azərbaycan cəmiyyətinin milli, dövlət məsələlərində vəhdət təşkil etməsi, Silahlı Qüvvələrimizə daim göz bəbəyi olaraq yanaşması, ailə institutuna xüsusi önəm verməsi ölkəmizi zəiflətmək istəyənlərin eybəcər məqsəd və məramlarına yetişməsinə şərait yaratmayıb. Odur ki, həmin qüvvələr, o cümlədən ermənilər öncə bu dəyərlərimizi dağıtmağı, yıpratmağı, cəmiyyətimizdə psixoloji-mənəvi gərginliklər, təlatümlər, toplumda konfliktlər yaratmağı, vətəndaşları dövlətə, Silahlı Qüvvələrə, hökumətə qarşı kökləməyi daim hədəf seçiblər.
Postmüharibə dövründə isə müvafiq şəraitə uyğun yeni anti-Azərbaycan taktikalar qururlar: Hazırda ölkəmizə qarşı informasiya savaşında daha çox məhz bu iki istiqamət üzrə hücumlarını müşahidə edirik:

1.Cəmiyyətdə gərginlik, parçalanma yaratmaq, dəyərləri dağıtmaq;
2. Silahlı Qüvvələrimizin, hərbi qulluqçularımızın nüfuzunu zədələmək, bu kontekstdə neqativ düşüncələr formalaşdırmaq və beləliklə vətəndaşları bu yöndən dövlətə qarşı kökləmək.

Müasir dövrdə bu işləri görmək üçün düşmənlərin, bədxahların çox rahat çıxış, təbliğat-təşviqat imkanları var. Sosial şəbəkələr onların necə deyərlər, çörəyinin üzərinə yağ çəkir…

Müharibədə düşmənə qan udduran, İkinci Qarabağ savaşında həyata keçirdiyi döyüş texnikası, taktikası dünyada ciddi şəkildə öyrənilən və tətbiq edilən Silahlı Qüvvələrimizi (SQ) qeyd edilən “qara qüvvələr” nüfuzdan salmaq üçün min cür oyunlar qurmağa çalışır.

foto_1.jpg (41 KB)

Odur ki, biz bu yazıda daha çox SQ üzərindən, hansısa bir hadisə baş verdikdə onun ətrafında edilən spekulyasiyaları təhlil edəcəyik, eybəcər oyunlara dair cəmiyyətimizi məlumatlandıracağıq, maarifləndirəcəyik.
***

Postmüharibə dövründə ermənilər, dünyadakı ermənipərəst dairələr və onların əlində alət olan bəzi “azərbaycanlı” blogerlər, ölkəmizin içindəki “beşinci kolon” təmsilçiləri, bəzi anti-Azərbaycan mövqeli adamlar Silahlı Qüvvələrimizə qarşı kampaniya aparmaq üçün daim fürsət gəzirlər.
“Tərtər işi”ndə nə qədər kəmfürsət davranışların şahidi olduq?! Baş vermiş və hazırda Baş Prokurorluq tərəfindən araşdırması, istintaqı davam edən, günahkarların dairəsinin tam müəyyən edilməsi üzrə intensiv işlər görülən bu olaydan sui-istifadə edərək, Ordumuzu gözdən salmağa çalışanların səs-küyü səngimir. Erməni mediası, sosial şəbəkələrin erməni seqmentində də ağlasığmaz iddialar uydurulur…

Habelə, postmüharibə dövründə Silahlı Qüvvələrimizdə daha çox subyektiv səbəblərdən, fərdi problemlərdən əmələ gələn müəyyən xoşagəlməz, neqativ hadisələr üzərindən bir fırtına qoparılması cəhdləri aydın şəkildə müşahidə olunmaqdadır.

Təbii, Silahlı Qüvvələr hamımız üçün həssas yerdir. Burada baş verən hansısa neqativə reaksiyalar da buna uyğun olur. Xüsusi ilə zabit, gizir, miçman, MAXE, çavuş və əsgərlərimiz arasında özünəqəsd, qətl, nizamnamə pozuntusu ilə müşayiət olunan hadisələr hər bizimizi narahat edir.

Hər kəsin də bir smartfonu, sosial şəbəkələrdə hesabları var. Hər hansı hadisə baş verdikdə əksəriyyət dərhal reaksiya bildirir: Kimisi təəssüfünü, acısını bölüşür, kimisi də eyforik, aqressiv şəkildə mövqe sərgiləyir.
Ardınca nə baş verir? Azərbaycanlı ad-soyadları ilə sosial şəbəkələrə, böyük qruplara soxulmuş ermənilər, habelə Azərbaycanda gərginlik yaratmaq üçün fürsət gəzən missioner, qisasçı dairələrin agentləri hərəkətə keçirlər: Qızışdırıcı şərhlər yazır, hadisənin səbəbinə dair uydurmalar dövriyyəyə buraxır və beləliklə yüz minlərlə adamda çaşqınlıq yaratmağa nail olurlar…

programisius-61546546.jpg (93 KB)

Əlbəttə, Silahlı Qüvvələrimizdə baş verən hər bir xoşagəlməz hadisədən səmimi olaraq kədərlənən, ürəyi yanan vətəndaşlarımız 99 faiz təşkil edir. Ancaq marıta yatmış bədxahlar bundan dövlətimizə, hərbi qulluqçularımıza qarşı iyrənc məqsədlər üçün yararlanırlar.

Son zamanlar bu cür spekulyasiyalar əsasən hərbi birləşmələrimizdə baş verən intihar, qətl hadisələri üzərindən həyata keçirilir. Həssas bir nöqtədir. Bəli, etiraf edək ki, hərbi qulluqçularımız arasında arasında yaşanan özünəqəsd, digər hadisələr hamımızı ağrıdır və narahat edir.
Lakin hamımız ilk olaraq onu düşünməliyik ki, bu yöndə davranışlarımızda təmkinli, obyektiv təftişçi olaq və Silahlı Qüvvələrimzə, dövlətimizin mənafelərinə zərər vurmayaq, düşmən sevindirməyək və yanlış fikirlər formalaşmasına nail olmayaq.

İnsan faktoru olan bütün sferalarda – istər hərbi birləşmələr, istər təhlükəsizlik orqanları, istər polis, istər jurnalistika, istər təhsil, istər səhiyyə və s. – hər zaman hadisə də olacaq, neqativ də, arzulanmaz olay da. Çünki bunların hamısı cəmiyyətin ayrılmaz bir hissəsidir.

Konkret Silahlı Qüvvələrdən danışırıqsa, bəli, hərbi kontingent də bu cəmiyyətin bir parçasıdır, sadəcə bura hərbi qulluqçu olan vətəndaşımızın fəaliyyət, iş yeridir.
Mümkün deyil ki, eyni cəmiyyətin üzvü olan insanlar hansısa bir fəaliyyət sahəsində tamamən neqativsiz, ideal olsunlar.

Hərbi qulluqçuların da arasında gərgin psixoloji durumu, xarakterində, ailəsində, yaşam tərzində, tərbiyəsində problemlər olan adamların olması və nəticədə xoşagəlməz hallar baş verməsi də cəmiyyət hadisəsidir.
Şübhəsiz, hərbçilər daha möhkəm iradəli, daha intizamlı şəxslər olmalıdır. Ancaq nəzərə alaq ki, insan mürəkkəb varlıqdır və heç kimi sonunadək tam çözmək, üzünə baxıb bunun məsələn, 5 ay sonra hansı davranışı sərgiləyəcəyi, yaxud 1 il sonra hansı psixoloji duruma düşəcəyi, hansısa problemlə, ani stressli situasiya ilə üzləşdikdə nə edəcəyini, iradəsinin hansı mərtəbəyədək dözümlülüyünü, düşdüyü çətinlikdı nə cür davranacağını müəyyən etmək mümkün deyil. Elm, tibb, texnoloji vasitələr buna qadir deyil.
Odur ki, xüsusi, spesifik sahələrdəki insanlar əsasən seçilənlər olmaqla yanaşı, müəyyən kiçik bir faiz də neqativlər olacaq və bu cür hallar qaçılmazdır.
Ən əsası, biz nəzərə almalıyıq ki, hərbçilərimizin böyük faizi İkinci Qarabağ Savaşının iştirakçılarıdır, onların bir qismində döyüşdən qalan psixoloji travmalar tam aradan qalxmaya bilər.
Ümumiyyətlə, dünya tarixində bütün müharibələrdən sonra hərbi qulluqçuların bir qisminin psixoloji gərginliklər yaşaması, bəzi hallarda aqressiv davranışlar müşahidə olunub. Bu, psixoloji travmalar baxımdan təbii, qaçılmaz bir proses kimi qiymətləndirilir.
Amma bütün bunlarla belə, hazırda cəmiyyətin bütün sferalarını müqayisə etdikdə, neqativlərin ən az baş verdiyi sahə məhz elə Silahlı Qüvvələrimizdir.
Bunu elementar müqayisələr də təsdiq edir.

Detallı, obyektiv müqayisə aparmaq üçün bir variant seçdik: Sosial şəbəkələrdə, bəzi media orqanlarında müşahidələr apardıq və baxdıq ki, insanlar Dövlət Sərhəd Xidmətində son dövrlərdə baş verən hadisələrdən daha çox danışırlar, ittihamlar səsləndirilir. “Ağzı olan danışacaq” misalı şüurlarda hakimdir. Ancaq baxaq görək, “niyə DSX-da ölüm halları artıb”, “niyə tədbir görülmür”, “səbəbləri nədir” suallarına öz düşüncəsinə uyğun cavab verən cəmiyyət üzvləri bir-biriləri ilə polemikada hansı fikirləri, şərhləri səsləndirirlər? Bir çox rəyləri oxuyanda heyrətə gəlməmək mümkün deyil. İllah da bir saxta profildən (erməni, təxribatçı, düşmən, qisasçı olduğu şübhəsizdir) qızışdırıcı şərh yazılır, vəssalam! Qarabağımızı azad edən Müzəffər Silahlı Qüvvələrimiz və dövlətimiz haqqında eyforiyaya qapılıb nələr yazılmır?! Sabah da baxırsan ki, budur, bədxahların yönətdiyi həmin polemika erməni mediasında manşetlərdədir, Azərbaycana qarşı iyrənc kampaniya aparılır, Silahlı Qüvvələrimizin guya müharibədən sonra “özünə gələ bilmədiyi”, “sarsıntılar yaşandığı” haqda təbliğat başlayıb.

Təxribatçıların yönəldiciliyi ilə müzakirələr böyüyür, böyük qruplara daşınır və beləcə, cəmiyyətimizin özündə də bir çoxlarında neqativ düşüncələr formalaşdırılır Silahlı Qüvvələrimizlə bağlı.

Əslində vəziyyət necədir? Son zamanlar daha çox müzakirə edilən DSX strukturlarında durum deyildiyi kimidirmi? Orada baş verən hadisələrin miqyası bu qədər “dəhşətlidirmi”? Baş vermiş hadisələrin gerçək səbəbləri nədir?

dsx.jpg (74 KB)
Bu məqsədlə öncə müvafiq instansiyaya sorğu verib statistik rəqəmlər və konkret izahlar aldıq.

Qeyd edək ki, 2021-ci il ərzində və 2022-ci ilin yanvar-fevral aylarında DSX-nın hərbi hissələrində 6 hərbi qulluqçu intihar edib, 2 nəfər xidmətdən boyun qaçırarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib, 1 halda hərbi qulluqçu xidmət etdiyi zastavanın 3 nəfər hərbi qulluqçusunu qətlə yetirib.
Dərhal yaranan “Baş vermiş bu intihar hadisələrinin səbəbləri araşdırılıbmı və bu niyə onlar bu addımı atıb” sualına cavabı da almışıq.
Şübhəsiz ki, bu işlər araşdırılıb və konkret fakt bundan ibarətdir ki, 6 intihar hadisəsindən 4-nün xidməti fəaliyyətlə əlaqəsi olmadığı, həmin hərbi qulluqçuların özünəqəsdinin məişət və ailə münasibətləri zəminində baş verdiyi müəyyən edilib, istintaqla da sübuta yetirilib. Şəxsi həyatla bağlı olduğundan və media etikasına görə detalları təbii olaraq yazmırıq.
Burada növbəti sual ortaya sual çıxır ki, hərbçi güclü iradəyə malik olmalıdır, niyə digər çıxış yolu tapmayıb?

İlk baxışda haqlı sual görünə bilər. Ancaq biz hələ də o suala cavab tapa bilməmişik ki, insanlara uzun illər psixoloji köməkliklər edən, daim intiharların çıxış yolu olmadığına dair təbliğat aparan məşhur psixoloq Dəyanət Rzayev bir neçə il öncə özü ailə-məişət gərginliyi səbəbindən intihar etmişdi.
Ümumiyyətlə, 21-ci əsrin əvvəlində intihar hadisələri sanki bir dünya “trendinə” çevrilib. Neçə illərdir və dünyanın hətta inkişaf etmiş ölkələrində intihar hallarının artdığı müşahidə olunmaqdadır.

Rəsmi açıqlamaya görə, 2021-ci il ərzində dünyanın bir parçası olan Azərbaycanda da 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb.
Yuxarıda qeyd etdiyimiz kimi, təəssüflər olsun ki, bu cür hadisələr cəmiyyətimizin bir hissəsi olan Silahlı Qüvvələrimizdə, o cümlədən DSX sıralarında da baş verib. Ancaq bütövlükdə ölkədəki intiharların sayına baxsaq və müharibənin yaratdığı psixoloji gərginliklər fonunda 2021-ci il və 2022-ci ilin yanvar-fevral aylarında cəmiyyətin bir hissəsi olan DSX sıralarındakı qulluqçular arasında cəmi 6 belə hadisə olmasını, onlardan 4-ünün məhz şəxsi problemlər üzündən baş verdiyini nəzərə alsaq, bunu xidmətdəki boşluqlar kimi qiymətləndirmək, xidməti fəaliyyətlə əlaqələndirmək, kampaniyaya çevirmək ədalətsizlik və haqsızlıq olar.
Qətl hadisəsi də eynilə: cəmiyyətimizdə hər gün nə qədər qətl baş verir?! İl ərzində yüzlərlə qətl baş verir, bir nəfərin hətta 3-4 doğmasını, qohumunu eyni anda güllələməsi, öldürməsi faktları da var. Məsələn, elə sonuncu olaraq iki gün öncə Şəmkirdə bir kişi xanımını və 8 yaşlı qızını qətlə yetirdi.
DSX zastavasında da qətl törədən cəmiyyətin üzvüdür…

Ən əsası, araşdırma zamanı bəlli olub ki, burada hansısa qeyri-insani rəftar, incidilmə baş verməyib. Hadisəni törədən hərbi qulluqçunun güllələdiyi komandiri, zabit nizamnamə üzrə tələbkarlığı ilə seçilən zabitlərdən biri olub. Yəni qətli törədən hərbçi sadəcə nizamnamə tələblərinə dözümsüzlük nümayiş etdirib. Hansı ki, bütün hərbi sistem bu nizamnamə ilə idarə olunur…

Xidmətdən boyun qaçırarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edən iki nəfərə gəlincə, onlardan biri hərbi hissəni özbaşına tərk edib, gizli yolla qaçarkən su hövzəsinə yıxılaraq ölüb.

Digəri isə çox kobud nizamnamə pozuntularına yol verdiyi üçün haupvaxtaya aparılarkən, qaçmaq məqsədi ilə özünü hərəkətdə olan maşından atıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Belə götürdükdə, bu iki hadisə də daha çox şəxsi xarakter və davranışdan, insanın iradə zəifliyindən qaynaqlanıb…

Təbii, könül istər və əminəm hərbi komandanlıq da istəyir, çalışır ki, hərbi birləşmələrdə bu cür xoşagəlməz bir fakt da olmasın. Ancaq qarşısıalınmaz proseslər hər zaman və hər yerdə baş verə bilir…

Üstəlik, fərqində olmalıyıq ki, DSX-nın son 4 ildə yükü az qala ikiqat artıb. 2018-ci ilin sonlarından etibarən Qazax, Ağstafa rayonları ərazisinə aid olan Azərbaycan-Ermənistan dövlət sərhədi DSX-nın mühafizəsi altına verilib.

dsx_031019_(1).jpg (108 KB)
Vətən Müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə – həm İranla, həm də Ermənistanla dövlət sərhədində sərhəd müdafiə və mühafizə fəaliyyətlərinə başlanılıb. Bunun üçün təbii ki, DSX-nın şəxsi heyətinin sayı təcili surətdə artırılmalı idi.
Sərhəd mühafizə bölmələrinin ən qısa müddətdə zəruri sayda şəxsi heyətlə komplekstləşdirilməsi məqsədilə yalnız 2021-ci il ərzində 3000-dən artıq şəxs hərbi xidmətə qəbul edilib. Bu heyətin əksəriyyətini məhz mülkidən müddətdən artıq hərbi xidmətə qəbul edilənlər təşkil edir.
Konkret olaraq DSX-nın hərbi qulluqçuları arasında baş vermiş intihar halları rəsmi qurumlarda təhlil olunarkən müəyyən olunan amillər də bu qeyd etdiklərimizin təsbitidir:
İntihar və digər neqativlərin məhz əsasən aşağıdakı amillərlə bağlı olması müəyyənləşdirilib:

– Hərbi qulluqçunun şəxsi ailə münasibətləri ilə bağlı yaranmış konfliktli situasiyalar (boşanmalar, yaxın qohumların ailədaxili münasibətlərə müdaxilə etməsi, aldatma halları, sevgi məsələləri).

(Azərbaycan insanının ailəcanlı, qohum münasibətlərinin, məişət yaxınlıqlarının yüksək səviyyədə olması çox müsbət haldır. Ancaq aşırı bağlılıq bəzən həm də ona gətirib çıxarır ki, qeyd edilən dəyərlərlə bağlı problem yaşandıqda əksər insanlar – peşəsindən asılı olmayaraq eyforik, affekt, depressiv vəziyyətə də düşür.)

– MAXE-lərin bəzilərinin hərbi xidmətə maraqdan deyil, maddi problemlərinin həlli məqsədilə müraciət etmələri.
(Bu çox vacib, diqqət yetirilməli məsələdir. Peşəkar ordu quruculuğu zamanı xidmətə cəlbetmədə vətənpərvərlik və hərbçi olmaq arzusu üstün götürülməlidir. Çünki maddi maraq səbəbindən ordu sıralarına gələn şəxs yalnız ayın bitməsini gözləyəcək, onu peşəkarlaşmaq, təşəbbüskarlıq, fədakarlıq maraqlandırmayacaq. Heç şübhəsiz ki, qarşıdakı müddətdə belə düşüncəli şəxslər SQ-də yer ala bilməyəcək. Çünki artıq müharibədən dərhal sonrakı cəlbetmə zərurəti minimuma enib, hətta yoxdur.)

– Hərbi nizamnamənin tələblərinə qarşı dözümsüzlük, zəiflik, hərbi-xidmətin xüsusiyyətlərinə və hərbi kollektivə uyğunlaşma çətinlikləri;
(Hər zaman orduda bu cür şəxslər olub. Xüsusən çətinlik, sınaqlar görməmiş, bərkiməmiş, ərköyün gənclər ordu sıralarında bu cür davranışlar sərgiləyiblər. Onları nizamnaməyə uyğunlaşdırmaq istəyəndə isə qərəzli qisas hissinə qapılıblar və bu müəyyən xoşagəlməzliklərlə də nəticələnib. Birmənalı olaraq şüurlara hakim kəsilməlidir ki, nizamnaməyə əməl etmək vətənə xidmətin, vətənə sədaqətin bir çox vacib detalıdır. Çünki bu nizamnamə zaman-zaman qanla yazılıb! Bir bəndi pozulsa, fəlakət ola bilər.)

– Depressiya, şəxsi problemlərini həll etmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri, çətin vəziyyətdə nikbinliyin və aktivliyin aşağı düşməsi;

– Qərarların qəbul edilməsi zamanı iradi zəiflik, özünə inanmama, özünü qiymətləndirmə həddinin aşağı olması;

– İşğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin müdafiəsinin və mühafizəsinin təşkil edilməsi ilə əlaqədar DSX-nın komplektləşdirilməsi prosesinin qısa müddətdə təmin edilməsi zəruriliyi ilə əlaqədar keyfiyyət faktorunun bəzi hallarda obyektiv səbəblərdən aşağı olması.

(İddialar səslənə bilər ki, axı niyə sınanmamış insanlar ön xətdə xidmətə cəlb olunur. Axı işğaldan azad olunmuş ərazilərdə postları qısa müddətdə təşkil etməli idik, səbəbi izah etməyə ehtiyac belə yoxdur. Ən əsası, Vətən Müharibəsində bütün cəmiyyəti sınaqdan keçmiş hesab etmək olardı, o üzdən müqavilə ilə xidmət üçün müraciət edənləri səmimi hərbçi olmaq istəyində görmək də təbiidir. Ancaq qeyri-döyüş şəraitində davranışlarda keyfiyyət faktoru da təbii olaraq üzə çıxıb. Şübhəsiz, onlar orduda saxlanılmayacaq və saxlanılmamalıdır. Bir növ bir daha ələnir yeni cəlb olunan heyət).

Ümumilikdə, qeyd edilənlər göstərir ki, DSX-da, ümumiyyətlə Silahlı Qüvvələrdə neqativlər nəzarətsizlikdən, özbaşına mühitdən qaynaqlanmır. Hərbidə nizam olmasaydı, qələbə çalardıqmı?!

Postmüharibə dövründə olanlar sırf fərdlərə bağlı və bir qədər də müharibənin doğurduğu təbii fəsadlardır…

Lakin bütün bunlar o demək deyil ki, məsələni elə öz təbii axarına buraxmaq lazımdır. Neqativləri minimuma endirmək üçün şəxsi heyət arasında ciddi işlər aparılmalı, profilaktik tədbirlər görülməlidir. Düşünməyək ki, dövlət, ordu rəhbərliyi bu haqda fikirləşmir.

18_08_17_1534493719.jpg (58 KB)
“Hansı addımlar atılır” sualımıza verilən cavab belədir:

“Bu kimi hadisələrin qarşısının alınması üçün kompleks işlər həyata keçirilir:

– Tabelikdə olanların fərdi keyfiyyətlərinin daha dərindən öyrənilməsi, hərbi xidmət vərdişlərinin, çətinliklərə qalib gələ bilməsinin iradə və inadkarlığının formalaşdırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi;

– Hərbi xidmətə yeni başlamış hərbi qulluqçuların hərbi xidmət şəraitinə daha tez və rahat adaptasiya olunmasına imkan yaradan tədbirlərin təmin olunması, hərbi kursların nizamnamə və təlimatlara uyğun təşkil edilməsinə nəzarətin daha da artırılması;

– Vətən müharibəsində posttravmatik sinir pozuntuları, digər psixoloji travmalar almış hərbi qulluqçuların müəyyən edilməsi və onlarla müvafiq işin təşkilinin təkmilləşdirilməsi;

– Hərbi qulluqçuların fiziki və mənəvi psixoloji cəhətdən həddindən artıq yüklənməsinə yol verilməməsi, xidmətə təyin olunan heyətin mənəvi-psixoloji sağlamlıq vəziyyətinin öyrənilməsi işinin təkmilləşdirilməsi;

– Problemli hərbi qulluqçuların ailə vəziyyətinin təhlil edilməsi, ailə-məişət problemlərinin həll olunmasında mənəvi-psixoloji yardımın göstərilməsi məsələlərinə diqqətin daha da artırılması;

– Hərbi qulluqçulara vaxtaşırı tibbi baxışın keçirilməsi, psixoloji pozuntuları olan, spirtli içkilərə, narkotikə meylli olan hərbi qulluqçuların müəyyən edilməsi istiqamətində tədbirlərin gücləndirilməsi;

– Hərbi qulluqçularla hərbi hissələrin rəhbərliyi arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması işinin təkmilləşdirilməsi;

– Hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili, maraq və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı məqsədi ilə bədii özfəaliyyət dərnəklərinin yaradılması, mədəniyyət ocaqlarına ekskursiyaların təşkili, idman yarışlarının keçirilməsi tədbirlərinin artırılması;

– Sərhəd bölmələrində mütəmadi anonim sorğuların keçirilməsi”.

Ümumiyyətlə, biz cəmiyyət olaraq maksimum sağlamlaşmalıyıq. Bütövlükdə toplumun mənəvi-psixoloji gərginliyinin azaldılması üçün proqramlar icra olunmalı, təbliğat-təşviqat gücləndirilməlidir. Çünki cəmiyyətdə neqativ, problemli insanlar nə qədər çoxdursa, Silahlı Qüvvələrdə də, səhiyyədə də, təhsildə də və s. bunun inikasını görəcəyik. Çünki bütün sektorlarda təmsil olunanlar məhz bu cəmiyyətin yetirmələridir, kənardan gəlmirlər.

İndiki şəraitdə isə maksimum ayıq-sayıq olmalı, sosial şəbəkələrdə hərbi qulluqçularımızın üzərindən qurulan anti-Azərbaycan kampaniyalara uymamalı, cəmiyyətimizin bir parçası olan Müzəffər Silahlı Qüvvələrimizə qarşı qara piar, kampaniya təşkil edilməsi, üz-üzə qoymaq kimi yaramaz cəhdlərə rəvac, imkan verməməliyik.

Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button