Mədəniyyət

“Interact Film Lab” layihəsinə start verilib

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Debüt” Film Studiyanın birgə təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Interact Film Lab” adlı yeni layihəyə start verilir.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 6 ayı əhatə edəcək tədris proqramında kinematoqrafiyanın müxtəlif istiqamətləri – rejissorluq, ssenari yaradıcılığı, prodüserlik, təsvir rejissorluğu və quruluşçu rəssamlıq ixtisasları üzrə aparıcı xarici mütəxəssislər tərəfindən intensiv təlimlər keçiriləcək.

Tədris laboratoriyası funksiyasını həyata keçirəcək “Interact Film Lab” layihəsinin məqsədi yerli kino sənayesində insan kapitalının artırılmasına töhfə verməkdir. Ssenari yaradıcılığı və rejissorluq ixtisası üzrə Netflix istehsalı “Anna K” serialının rejissoru və Venesiya Film Festivalının əsas müsabiqəsində “Kapitan Volkonoqov qaçdı” filmi ilə iştirak edən – rejissor və ssenarist Nataşa Merkulova və həmin ekran işlərinin rejissor və ssenari həmmüəllifi Aleksey Çupov rejissorluq və ssenari kursunda öz tədris proqramları ilə çıxış edəcəklər.

Təsvir rejissorluğu ixtisası üzrə, Venesiya (“Təqribən Yazdır”), Kann kinofestivalında (“Axşama Doğru”, “Kalendar”) filmləri ilə iştirak etmiş Yevgeniy Rodin təsvir rejissoru ixtisasını nəzəri və praktiki şəkildə tədris edəcək.

Quruluşçu rəssamlıq ixtisası üzrə yerli istehsal “Həyat Deyəsən Gözəldir” filminin quruluşçu rəssamı, o cümlədən Berlin (“Susa”), və Lokarno film festivalında (“Ata”) filmləri ilə iştirak etmiş rəssam Quram Navrozaşvili, “New York Film Akademiyası”nda icraçı prodüser ixtisası üzrə akademik təhsil almış, eyni zamanda Ukrayna Film məktəbinin sabiq icraçı direktoru Valeriya Lebid də peşəkarlar sırasında olacaq.

Layihədə iştirak müsabiqə əsasında keçirilir və ödənişsizdir. Layihə ilə bağlı ətraflı məlumat və müsabiqəyə qoşulmaq üçün müraciət formasını debutfilms.az vebsaytında doldurmaq mümkündür.

Növbəti mərhələdə akkreditasiyadan keçmiş iştirakçılarla əlaqə saxlanılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button