Siyasət

“İlham Əliyevin və Paşinyanın qarşılıqlı səfərləri də…” – Rəsul Quliyevdən maraqlı AÇIQLAMA

“Ermənistan müxalifəti Paşinyanın “Erkən parlament seçkisi keçirək” təklifinə qətiyyətlə razılıq vermir. Çünki katastrofik şəkildə uduzacağından qorxur. Bu gün Ermənistanda Paşinyanın partiyasının toplayacağı səslərin heç 20 faizini belə toplaya bilən müxalif partiyası yoxdur. Paşinyan müharibəni uduzub, təslimçilik müqaviləsinə imza atıb və erməni siyasətçisi üçün nadir hal sayılan imza atdığı sənədin müddəalarına əməl edib. Ancaq erməni xalqı onu istefaya göndərmək niyyətində deyil. Bu paradoks deyilmi?”.

Savash.org xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

Sabiq spiker hadisələrin belə inkişaf edəcəyinə azı 90 faiz əmin olduğunu bildirib: “Çünki məntiqi izah var. İlk növbədə ermənilər Paşinyan hökuməti ilə Köçaryan və Sərkisyan hökümətlərini müqayisə edir. Bu müqayisədə Paşinyan udur. Ermənilər bir daha Köçaryan və Sərkisyan kimi korrupsioner, rüşvətxor, klan maraqlarını xalqın maraqlarından qat-qat yuxarı tutanları hakimiyyətdə görmək istəmir. Parlament seçkilərində iştirak edəcək partiyaların xaç ataları bu iki Dağlıq Qarabağ klanının nümayəndəsidir. Ermənilərin “Biz böyük xalqıq”, “Bizim ordumuz məğlub edilməzdir”, “Biz ağıllı və bacarıqlı xalqıq”, “Biz olmasaq nə Rusiya, nə Fransa, nə də Amerikada inkişaf olar” kimi inamları, nəhayət, sarsıldı. Ermənistan ordusunun “məğlubedilməz”lik mifi çilik-çilik oldu. 44 günə 100 kilometr irəliləyən Azərbaycan ordusuna (Ermənistanın bütün hərbi potensialı toplandığı 100 kilometr) eni-uzunu 200 km olan Ermənistanın bu başından o başına keçmək üçün heç 20 gündə lazım olmaz. Çünki ordusu Qarabağda darmadağın edilib, Ermənistan da yoxdur. Erməniləri qorxu hissi uzun müddət tərk etməyəcək. Hər 7-8 ailədən bir itki vermiş ermənilər müharibə etmək istəmir. Müxalifətin “Müqaviləni pozacağıq” bəyanatlarına ermənilər heç vaxt səs verməzlər. Az qala dünyanı idarə etdikləri, ağıllı və bacarıqlı olduqlarını iddia edən millətçilərin sadə insanlara təsiri darmadağın oldu. Xalq artıq “Əgər belədirsə, nə üçün biz acından ölürük, nə üçün qonşularımız Türkiyə, İran, Azərbaycan, Rusiya və Gürcüstandan pis yaşayırıq” deyə düşünür. Zori Balayanlar, Siva Kaputikiyanlar kimi millətçilik xəstəliyinə tutulmuş sərsəmlərin fantaziyalarını millət zibil yeşiyinə atıb”.

R.Quliyevin fikrincə Ermənistan ordusu Paşinyanı dəstəkləyir və yaxşı bilir ki, birdə müharibəyə girişsə, ordusundan heç nə qalmayacaq: “Polis Paşinyanın tərəfindədir. Çünki Köçaryan və Sərkisyanın vaxtında klan tapşırığını yerinə yetirməkdən yorulub. Hadisələrin belə inkişafı imkan verir ki, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan  arasında hər tərəfli müqavilə bağlanılsın, iqtisadi intiqrasiyaya başlanılsın. Rusiyanı qeyd etmirəm, çünki Rusiya və Gürcüstan ilk növbədə öz münasibətlərini formalaşdırmalıdırlar. 

Ümumiyyətlə, Türkiyə, Ermənistan, Azərbaycan müqaviləsi də bağlana bilər. Bir sözlə, bu regionda uzun müddətli stabillik yaratmaq üçün tarixi şərait yaranıb. Məsələn, Paşinyanın Türkiyəyə və ya Ərdoğanın Ermənistana səfəri ilə hadisələrin inkişafına təkan vermək olardı. Prezident İlham Əliyevin və Paşinyanın qarşılıqlı səfərləri də mühüm rol oynayardı. Azərbaycana bu regionda öz maraqlarına uyğun əmin-amanlıq lazımdır”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button