ManşetSiyasət

İlham Əliyev Nikol Paşinyanla görüşüb – yenilənib

Prezident İlham Əliyev, Aİ Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş davam edir.

Görüş Brüssel vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 21.00) başlayıb.

***

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü başlayıb.

***

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.

Trend xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.

Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button