Siyasət

İlham Əliyev yeni inşa edilmiş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub. 

Ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar ayrılıb, məhbusların faydalı işlə məşğul olmaları üçün istehsalat sahələri təşkil edilib.

Hər iki müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman sahələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı vardır.

Dövlət başçısı istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisələrdə yaradılmış istehsal bölməsində məhkumlar toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexlərində çalışacaqlar.

Müəssisənin ikimərtəbəli tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatologiya kabinetləri, laboratoriya, aptek, pediatr otağı və digər yardımçı otaqlar yerləşir.

Yeni penitensiar müəssisədə məhkumlarla görüşlər üçün də bina inşa olunub. Burada məhkumların ailə üzvləri ilə qısamüddətli və 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlar vardır.

Müəssisələrin ərazisində inşa olunmuş ikimərtəbəli məktəb binasında sinif otaqları ilə yanaşı, əmək, kompüter və digər otaqlar, idman zalları yerləşir. Burada yaradılmış şərait məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil almalarına və peşə ixtisaslarına yiyələnmələrinə imkan verir. (Azərtac)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button