Siyasət

İlham Əliyev: “Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb”

“Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir”.

Bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib.

“Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik”, – dövlət başçısı bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button