Siyasət

İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib – yenilənib

Xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar var və Azərbaycan tərəfi buna hazırdır.

Bunu Prezident İlham Əliyev bu gün Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib.

Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

Dövlət başçısı ilk nöbvədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib.

Dövlət başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirib.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd edib. Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini deyib. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button